Ağdamda yeni arxeoloji materiallar aşkarlanıb


00:55     16 Avqust 2015 lapatka.JPG

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda qazıntılar zamanı yeni arxeoloji materiallar aşkar edilib.


Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov bildirib ki, aparılan tədqiqatlar zamanı nekropolda e.ə. XII-XI əsrlərə aid 5 torpaq qəbir açılıb. Qəbirlərdən üçü qədim dövrdə talan edilib, ikisi isə salamatdır. Ölülər başı qərb, ayaqları isə şərq istiqamətə olmaqla, sağ və ya sol yanı üstə bükülü vəziyyətdə dəfn olunub. Skletlərin ətrafında 20-dək müxtəlif tip keramika nümunələri var. Saxsı qablardan birinin üzərində səkkizguşəli ulduzu xatırladan naxış diqqəti cəlb edir.

Qeyd edək ki, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək e.ə. XII-XI əsrlərə aid 32 torpaq qəbir açılıb. Qəbirlərdə ölülər sol və ya sağ yanı üstə bükülü vəziyyətdə, başları şimal və şimal-qərb, ayaqları şərq və cənub-şərq istiqamətdə dəfn olunublar. Qəbirlərdə çoxlu miqdarda keramika nümunələri - saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, həmçinin bəzək əşyaları (qolbaqlar, üzüklər, sırğalar, çoxlu miqdarda əqiq, şüşə və tuncdan muncuqlar) aşkar edilib. Dulusçu sexlərində hazırlanan bu qabların üzərində çoxlu sayda həndəsi, nəbati və sair naxışlar var.

Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə (e.ə. XII-XI əsrlər) davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, dulusçuluğun yüksək inkişafını göstərir.

Açar sözlər:

Oxunub: 1064