Fotolarınızdan reklam kimi istifadə olunursa... – Hüquqi yardım


14:11     05 İyun 2017 gizli%20foto.jpg

Şəxsin icazəsi olmadan onun görüntüləri reklam məqsədi ilə istifadə oluna bilərmi?


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfəki mövzumuz hər hansı bir şəxsin görüntülərindən onun icazəsi olmadan reklam məqsədilə istifadənin hansı məsuliyyətə səbəb olacağı ilə bağlıdır.

Əvvəlcə qeyd edək ki, şəxsin icazəsi olmadan onun görüntülərini yaymaq qadağandır. Bu cür məlumatları yayan şəxs qanunla müəyyən olunmuş məsuliyyətə cəlb oluna bilər.

Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi toxunulmazlıq hüququ” adlanan 32-ci maddəsində aşağıdakılar öz təsbitini tapır:

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.


Hüquqşünas Məhərrəməli Həmidov bildirdi ki, şəxsi və ailə həyatı sirrinin qorunub saxlanılmasına konstitusion təminat verilmişdir və kiminsə Konstitusiyada təsbit edilmiş hüququnu pozan şəxs əlbəttə ki, məsuliyyətə cəlb olunmalıdır:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə görə şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması—yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.



Həmin Məcəllənin 156.2-ci maddəsinə görə eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Video, foto və şəxsi ailə həyatının sirrini yaymaqla, kiminsə şərəf və ləyaqətini ləkələyən şəxs vurduğu maddi və mənəvi zərərə görə mülki məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır”.



Vəkil Adəm Məmmədov vurğuladı ki, şəxsin icazəsi olmadan onun görüntülərindən reklam məqsədilə istifadə həm mülki, həm də inzibati məsuliyyətə səbəb ola bilər:

“Əgər şəxsin görüntülərindən reklam vasitəsi kimi hansısa şirkət müəyyən məbləğdə pul qazanıbsa, məhkəmə yolu ilə bu məbləği tələb etmək mümkündür. Çünki reklam çəkilişləri üçün tərəflər arasında müqavilə olmalıdır və adətən çəkilişin müqabilində müəyyən məbləğdə ödəniş edilməlidir. Əgər bu şərtlər pozularsa, əldə olunan qazancdan müəyyən ödəniş həyata keçirilməlidir”.



Vəkil Anar Qasımlının fikrincə, şəxsin icazəsi olmadan onun görüntülərindən reklam vasitəsi kimi istifadə olunursa, o, bu reklamların dərhal yığışdırılmasını tələb edə bilər. Şəxs eyni zamanda dəymiş mənəvi zərəri mülki qaydada qarşı tərəfdən tələb edə bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2076


Oxşar xəbərlər