Xainlər cəzalarını aldılar


16:40     18 Avqust 2015 leyla1.jpg

Azərbaycanın ən qatı düşməni ilə əməkdaşlıq edən Leyla və Arif Yunuslar layiqli cəzalarını aldılar


Azərbaycanda doğulan, onun çörəyi və suyu ilə qidalanan, havasını udanların, ad-san, sərvət sahibi olanların bu torpağa, xalqa xəyanətkar münasibətinə zaman-zaman rast gəlmişik. Bu "üzdəniraqlar" təkcə antimilli düşüncə ilə deyil, həm də erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq kimi manqurt mövqeyi nümayiş etdirmişlər. Xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, həm də bəzən "sapı özümüzdən olan baltalar"dan da almışıq. Torpaq itkilərimizin, faciələrimizin çoxsaylı səbəbləri sırasında milli xəyanət amilini də zaman-zaman ürəkağrısı ilə etiraf etməli olmuşuq.

Bu sırada özünü "yazıçı", "ziyalı" adlandıran Əkrəm Naibovun simasında biz artıq belə bir "zərbə"ni almışıq. Naibovun Rusiyanın "Drujba narodov" jurnalında dərc etdirdiyi "Daş yuxular" adlı cızmaqara (bədii səviyyəsi onu əsər adlandırmağa imkan vermir) onun nəinki Vətən və dövlət, millət hissindən, hətta kosmopolit insana da xas ali insani keyfiyyətdən - vicdan və ədalət hissindən məhrum olduğunu üzə çıxardı. İnsanın nəyinsə xatirinə həqiqətə, haqqa qarşı çıxması, hətta vicdanının səsinə qulaq asmaması ən sonuncu yoldur. Onun ardınca, kinorejissor Rüstəm İbrahimbəyovun ermənilərə olan münasibəti onun əsl şəxsiyyət və ziyalı məqamına heç zaman yetişə bilməyəcəyini, mənəviyyatda "piyada" olduğunu göstərdi.

Ümummilli maraqlar pərdəsi altında gizlənən və "ermənilərsiz Bakı çox darıxdırıcı görünür" fikrinin müəllifi olan R.İbrahimbəyovun və "Daş yuxular"ın müəllifi olan Ə.Naibovun "siyasi maska"larının yırtılmaları onların əsl kimlikləri barədə dolğun təsəvvür yaratdı. Eləcə də, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilən Xədicə İsmayıl. X.İsmayılın da əsl xisləti Azərbaycan cəmiyyətinə yaxşı məlumdur.

Milli hisslərini itirmiş, dərin erməni təəssübkeşliyi ilə antiazərbaycançı şəbəkinin "marionet" funksiyasını yerinə yetirən Leyla Yunus və Arif Yunusun da Azərbaycan xalqına düşmən mövqeyi faktlar əsasında təsdiqini tapdı. Leyla Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınıb. O, həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib.

Xatırladaq ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də antiazərbaycançı şəbəkə və onların buyruq quluna çevrilən Leyla və Arif Yunuslar fəaliyyətlərini aqressivlik üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd etmişdilər. Bəzi "hüquq müdafiə təşkilatları", xüsusilə də "Amnesty International", "Human Rıghts Watsh" və bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər vurmağa çalışan, həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışdılar. Həmin destruktiv dairələr bəzi müxalif qüvvələrlə işbirliyinə girərək öz məkrli planlarını həyata keçirməyə cəhd etsələr də, istəklərinə nail ola bilməmişdilər.

L.Yunus Ermənistanın "Region" araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib. "İctimai dialoqlar" adlanan saytda Azərbaycana qarşı "qara piar" kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma "DQR" "müstəqil dövlət" kimi qələmə verilib. L.Yunus ermənilərin dünyanın müxtəlif ölkələrində təşkil etdikləri tədbirlərin fəal iştirakçılarından olub. O, Almaniyanın Esslingen am Neckar şəhərində təşkil edilmiş konfransda çıxış edib, rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun Əkrəm Əylislinin müdafiəsinə qalxan ilk təşkilat olduğunu bəyan edib. O, Azərbaycan xalqına, mədəniyyətinə, ümumiyyətlə, "Azərbaycan" anlayışına nifrət edir, Azərbaycan dilini isə söyüş söymək üçün vasitə kimi qiymətləndirir (Buradan baxın: www.youtube.com/watch?v=TQ4Yq1a2btw).
L.Yunus zaman-zaman ermənilərlə işbirliyinə gedərək milli maraqlarımızı satmaqla məşğul olub. Bunu təsdiqləyən kifayət qədər faktlar sadalamaq mümkündür. Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri olan Leyla Yunus AŞ PA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirib, onlara qarşı ağlasığmaz ittihamlar irəli sürüb. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞ PA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edib və bununla da onun erməni maraqlarına xidmət etdiyi aşkara çıxıb. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib.

"Xidmətlərinin" müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub. L.Yunus və A.Yunusla bağlı keçirilən məhkəmə prosesində onun Türkiyədə, Çexiyada mülklər aldığı, xarici təşkilatlardan verilən qrantları mənimsədiyi konkret faktlar əsasında təsdiqini tapıb.
Avqustun 13-də "hüquq müdafiəçisi" Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi yekunlaşdı. Məhkəmənin hökmü ilə Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay, Arif Yunus isə CM-in 178.3.2-ci (Dələduzluq) maddəsi ilə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edildi. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi də öz əksini tapdı. Göründüyü kimi, onların həbsində siyasi rəng yoxdur. Bu adamlar konkret cinayət əməllərinə görə ittiham olunaraq barələrində həbs qəti-imkan tədbiri seçilib.

Digər bir məqamı da diqqətə çatdıraq ki, məhkəmədə cinayət əməlləri tam sübuta yetirilən Leyla Yunusun və Arif Yunusun "xəstəlik" şoularının da bir oyun olduğu aydınlaşdı. Bu şoular birbaşa diqqəti yayındırmaq üçün təşkil olunmuşdu. Maraqlı sual yaranır: görəsən, bu insanlarda xəstəlik nə zaman "baş qaldırdı?" Diqqət edin, bu iki şəxs hər həftə təyyarə ilə xaricə gedib-gələrkən, Ermənistanda görüşlər keçirərkən, Bakıda antiazərbaycançı şəbəkələrin bir neçə üzvünü başlarına toplayıb beynəlxalq konfranslarda hay-küy salıb ara qarışdırarkən heç bir xəstəlikləri yox idi! Ancaq hüquq-mühafizə orqanları tərəfindən yaxalandıqda Leyla Yunus başını bağlayıb özünü xəstəliyə vurdu. A.Yunusun "şəkəri" əmələ gəldi. Azərbaycanlı həkimlərin xidmətindən isə imtina etdilər.

Azərbaycan hökuməti isə həmişə olduğu kimi, humanizm prinsiplərini rəhbər tutaraq və Bakı İstintaq Təcridxanasında saxlanılan Leyla Yunusun səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış "Charite" xəstəxanasının şöbə müdiri professor Dr. Kristian Vitti Bakıya dəvət etdi. Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə Leyla Yunusun müayinəsi aparıldı. Bütün müayinələrin cavabları yoxlandıqdan sonra Kristian Vitt protokolu imzalayaraq bütün tibbi müayinələrin onun iştirakı ilə yeni diaqnostik üsulların tətbiqi ilə və beynəlxalq səviyyədə qəbul olunmuş diaqnostik, etik standartlara uyğun aparıldığını təsdiq etdi. Müayinənin nəticələri təqsirləndirilən şəxs Leyla Yunusun həyatı və sağlamlığı üçün təhlükənin olmadığını göstərərək onun səhhətinin ağır olması barədə yayılmış məlumatların şayiə xarakteri daşıdığını bir daha təsdiq etdi. Bu da L.Yunusun növbəti yalanının ifşası! Ancaq buna baxmayaraq, o bütün məhkəmə prosesində yenə şou göstərməyə başladı. Özü ifşa olunduqdan sonra baş rolun ifaçısı Arif Yunus oldu. Dəfələrlə məhkəmə prosesini təxirə salmaq üçün min cür oyundan çıxdılar. Bu, azmış kimi, Leyla Yunus hər dəfə səhhətləri "pisləşəndə" prosesi təxirə salan, zala həkim dəvət edən hakimi "cəllad" adlandırırdı. Etdiyi yaxşılıqların müqabilində hakimə "cəllad" demək bir "hüquq müdafiəçisi"nə yaraşan sözdürmü? Bu şəxsin digər bir iyrənc hərəkətinə isə ölkə ictimaiyyəti şahidlik etdi. Azərbaycan polis zabitini təhqir edib qadına yaraşmayan hərəkətlər etsə də, zabit onun "tələsinə" düşmədi. Bəlli idi ki, videokamera önündə polisi təhqir edən L.Yunus özünə qarşı kiçik bir təzyiq göstərilməsi "arzusunda" idi. Lakin dövlət tərəfindən təzyiqə məruz qalan şəxs kimi kimlərəsə şikayətlər göndərmək "sevdası" baş tutmadı. Çünki polis zabiti təhqir olunsa da, onunla yalnız qanun çərçivəsində davrandı. Məhkəmə proseslərində sadəcə görüntü xatirinə şou yaratmaqla məşğul olsalar da, "arzularına" çatmadılar. Anlamadılar ki, xəstəlik sağalır, lakin xəstə təxəyyülün, mənəviyyatın sağalması qeyri-mümkündür! Hər kəsə bəllidir ki, bu növbəti şounun düzənlənməsində məqsəd ədalət məhkəməsindən yayınmaq idi. Axı hər gün barələrində yeni ifşaedici faktlar ortaya çıxır, şahid ifadələri əleyhlərinə işləyirdi.

Həmin insanların səhhətində hər hansısa xəstəlik olsaydı, dövlət tərəfindən Almaniyadan xüsusi olaraq Azərbaycana dəvət edilən professor Dr. Kristian Vitt müalicələri üçün əsas göstərərdi. Necə olur ki, torpağımızı işğal edib, yurdumuzu viran qoyan, millətimizə qarşı soyqırımı aktları törədən terrorist dövlətin nümayəndəsi ilə Ermənistanda üz-üzə əyləşib düşmən çörəyi yeyəndə Arif Yunus kreslolarda rahat otura bildi, amma vergidən yayınanda, dələduzluq edəndə "oturmaq qabiliyyətini" itirdi? Baden-Baden şəhərində vergidən yayındırdıqları pulları sağa-sola xərcləyərkən, bəzi ölkələrdə özlərinə mülk alarkən niyə səhhətlərini müalicə etdirmək barədə düşünmürdülər? Bəs nə baş verdi? Maskaları yırtılan, mənəviyyatını pula satanlar niyə məhkəmədə günahsız olduqlarını sübut edə bilmədilər? Edə də bilməzdilər, çünki gördükləri işlərin hamısı cinayət tərkiblidir və buna görə də aldıqları cəzanı çəkməlidirlər!

Antiazərbaycançı qüvvələrin təbliğat ruporuna çevrilən "Azadlıq" qəzeti Leyla və Arif Yunusun məhkəməsindən dərhal sonra antimilli dairələrin maraqlarına xidmət edən bu şəxslərin açıq müdafiəsinə qalxıb. Həmişə olduğu kimi, bu dəfə də adıçəkilən qəzetdə əsasız iddialar öz əksini tapıb. Zaman-zaman milli satqınlara tribuna verən bu qəzetdə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə işbirliyinə girən Yunusların müdafiə olunması həqiqətən də ikrah hissi doğurur. Milli hisslərdən uzaq olan "Azadlıq" qəzetinin satqınların müdafiəsinə qalxaraq öz səhifələrində onlara geniş yer ayırmasının dəfələrlə şahidi olmuşuq. Belə ki, ermənilərə hədsiz sevgisini etiraf edən R.İbrahimbəyovu, eləcə də "Daş yuxular" adlı cızmaqarasında erməniləri "böyük və ədalətli xalq" kimi qələmə verən Ə.Naibovun timsalında bu qəzetin əsl siması ölkə ictimaiyyətinə bəlli olmuşdu. İndi də bu qəzetdə "Azərbaycan" anlayışına nifrət edən, Azərbaycan dilini isə söyüş söymək üçün vasitə kimi qiymətləndirən L.Yunusun və onun dələduz əri A.Yunusun müdafiə edilməsi həmin mətbu orqanının tam mahiyyətini ortaya qoyur. Onlar anlamaq istəmirlər ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir və qanunları pozan hər bir şəxsə qarşı müvafiq qaydada ölçü götürülür.

Digər məqamsa, "Milli Şura"nın sədri Cəmil Həsənlinin və bu qurum üzvlərinin Leyla və Arif Yunusların həbsi ilə bağlı məsələyə aqressiv yanaşmalarıdır. Tarixə qısa ekskursiya etdikdə "Milli Şura"nın məsələyə belə destruktiv yanaşmalarının motivləri bəlli olur. 2013-cü il prezident seçkiləri ərəfəsində R.İbrahimbəyovun Tbilisidə məhz ermənilərə məxsus "Vera Palace" hotelində "Milli Şura" təmsilçiləri ilə görüşməsi bu şəxslərin Azərbaycana qarşı xəyanət yolu tutmuş ermənipərəst ünsür olduqlarını sübuta yetirmişdi. Tədbirdə AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, "Milli Şura"nın İcra Aparatının rəhbəri Eldar Namazov və digərlərinin iştirakı bir çox mətləblərə aydınlıq gətirmişdi. "Milli Şura" üzvlərinin Tbilisi kimi böyük bir şəhərdə məhz ermənilərə məxsus hoteldə görüş keçirmələri həmin şəxslərin antiazərbaycançı şəbəkənin, xüsusilə də ermənilərin təsiri altında fəaliyyət göstərdiklərini sübuta yetirmişdi. Bu fakt "Milli Şura"da təmsil olunan şəxslərin öz maraqları naminə hətta ən qatı düşmənlərimizlə hər an əməkdaşlığa getməyə hazır olduqlarını göstərmişdi. Bu gün də "Azadlıq" qəzeti və "Milli Şura" tərəfindən erməni xüsusi kəşfiyyat orqanları ilə əməkdaşlıq etmiş L.Yunusun müdafiə olunması həmin ssenarinin davamı kimi başa düşülə bilər. AXCP-nin ölkəmizin mili maraqlarına zidd fəaliyyəti ilə bağlı daha bir fakt ortaya çıxıb.
Bu günlərdə AXCP sədri Ə.Kərimlinin əmisi oğlu İnqilab Kərimovun facebook statusunda İŞİD-ə açıq-aşkar dəstək verən və bu terrorçu qruplaşmanı Azərbaycana gəlməyə (!) səsləyən statusu ictimaiyyət tərəfindən dərin hiddətlə qarşılanıb və bu radikal düşərgənin əsl mahiyyətini bir daha açıb göstərib. Əli Kərimlinin zaman-zaman sağ əli olan, hazırda Fransada yaşayan İ.Kərimovun bu statusu sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirilir və lənətlənir. İnqilab Kərimovun hazırda AXCP-nin rəhbər strukturlarında təmsil olunduğunu nəzərə alsaq, bu mövqeyin həm də partiyanın rəsmi münasibəti kimi dəyərləndirmək olar. Maraqlı tərəf budur ki, facebookda bir sıra AXCP üzvləri də bu statusu "LİKE" ediblər, bəziləri isə dəstək də yazıblar.
Bu fakt AXCP rəhbərliyinin əsl mahiyyətini ortaya qoyur. Hakimiyyətə iddialı olan bir partiyadan qeyd olunan statusla bağlı açıqlamanın olmaması Ə.Kərimlinin və onun yaxın ətrafının demokratik dəyərlərdən uzaq manqurt təfəkkürün sahibi olduqlarını sübuta yetirir. Əgər belə olmasaydı, İŞİD-lə müttəfiq olmaq mesajı partiyanın rəhbər strukturunda təmsil olunan İ.Kərimov tərəfindən səsləndirilməzdi. Bütün bunlar həmin destruktiv müxalifət dairələrin antiazərbaycançı şəbəkənin "beşinci" kolonu olduğunu və onlar üçün müqəddəs sayıla biləcək heç nəyin qalmadığını deməyə əsas verir.

Antiazərbaycançı şəbəkənin xaricdə və eyni zamanda ölkəmizdə fəaliyyət göstərən təbliğat ruporları anlamalıdırlar ki, Leyla və Arif Yunuslar törətdikləri cinayətkar əməllərinə görə həbs olunublar. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinən Yunusların əsl siması ölkə ictimaiyyətinə bəllidir. Bundan siyasi spekulyasiya aləti kimi istifadə edilməsi mümkün deyil, çünki Azərbaycan xalqı öz içindəki xainləri artıq tanıyır.

"Azərbaycan" qəzeti

Açar sözlər:

Oxunub: 3441


Oxşar xəbərlər