Söz oyunu ətrafında şok fırıldaq - Şirkət ən fəal iştirakçını polisə verdi


19:57     14 İyun 2017 19184236_1029288500540680_457301007_n.jpg

Femida.az-a Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.V.Vidadi ev8/3 ünvanında yaşayan Qənbərov Şamo Səlamət oğlu tərəfindən müraciət daxil olub.


Vətəndaş müraciətində Bakcell mobil operatoru üzərindən Simtoday şirkətinin keçirdiyi “Qarışıq söz oyunu” zamanı hüquqlarının pozulduğunu iddia edib. Onun sözlərinə görə hüquqlarını tələb etdiyi üçün şirkət tərəfindən onun barəsində polisə müraciət olunub.
Müraciəti olduğu kimi təqdim edirik:


“ 6 mart 2017 ci il tarixindən Bakcell Mobil Operatoru üzərindən Simtoday şirkətinin keçirdiyi “Qarışıq söz oyunu” viktorinasına 9595 qısa nömrəsinə “Start” sözü göndərməklə qoşulmuşam. Gündəlik olaraq 0,25 qəpik abunə haqqı çıxılır. Qarışıq sözləri düzgün cavablandıran və həftə ərzində ən çox bal toplamış abunəçi pul mükafatlandırılır. 1-ci yerin sahibi 1000 manat, 2-ci ən çox bal toplamış abunəçi 500 manat 3-cü yer isə 250 manat dəyərində pul mükafatı alır.

İlk həftənin I yeri mən, II yeri əmim oğlu Qənbərov Səid Davud oğlu, 3-cü yeri isə dostum Həsənov Çingiz Cavanşir oğlu tutdu. Mükafatlarımızı aldıq. Mükafatlarımızı almağa gedəndə Simtoday şirkətinin rəhbərliyi soyadımın bu tipli oyunlarda qalib kimi çox hallandığını bildiyini söylədi. 2-ci həftə oyun zamanı qonşum olan Rəşidova Lamiyə Sabir qızı 1-ci yeri tutdu. Mən ona ofisə mükafatını almaq üçün yol yoldaşı oldum. Birlikdə şirkətin icracı direktoru və mükafatı təqdim edən Kamil bəyin yanına daxil olduq. Mükafatımızı aldıqdan sonra onunla biraz söhbət etdikdə o məndən uduzmağımızı və bir daha bu oyunu oynamamağımızı bildirdi. Səbəbini soruşduqda mənə cavab olaraq dedi ki, sizin soyadlar və ətraf qalib gələrsə bizim marketing siyasətimiz pozulur və abonentliklərimiz azalır.

Mən isə cavabımda ona dedim ki, mən sizin şərtlərinizi pozmuram və tam şərtlərə uyğun oynayıram. Həmən gündən bu günə mən və mənim əhatəm bir daha qalib ola bilmədi. Baxmayaraq ki, ən çox ballarıda bu günə kimi biz yığırıq. Amma bizim xallarımızı ləğv edib, bizim xallarımızdan da aşağı xallarla qalib elan edirlər.”





Qənbərov Şamo bildirib ki, bundan sonra onun adına olan nömrələrin oyuna qatılmasına qadağa qoyulub və bütün nömrələri blok olunub. O, hətta Simtoday şirkətinin keçirdiyi oyunda boşluqların olduğunu və bunları videomaterial formasında şirkətə izahla göndərib. Şirkət isə sözügedən videodan onun əleyhinə istifadə edib və ondan hüquq-mühafizə orqanlarına müraciət edib.

“ Bizim aramızda mübahisələr başladı, telefon üzərindən oyunla bağlı və iddia etdilər ki,mən proqram təminatı ilə oynayıram. 3-cü həftənin qalibləri təyin olunanda mən həmən qaliblərin xal yığdığını gördüm və bu xalın necə yığılacağı barədə düşünəndə həmin qaliblərin proqram təminatından istifadə etdiyindən əmin oldum.
Videomaterial hazırladım və bunu Simtoday şirkətinin facebook səhifəsinin mesaj bölməsinə göndərdim. Bu videodan onların oyunlarında olan boşluqların hamısını onlara bildirdim. Amma mən bilməzdim ki,sabahkı gün mənim bu öyrədici xarakterli videom özümə qarşı istifadə olunacaq. Mənim göndərdiyim videodakı təkliflərimi onlar öz oyunlarına tətbiq etdilər. Bundan sonra xallarımı ləğv etdilər. Hansı ki, şərtlərində proqram təminatından istifadə etmək olmaz ifadəsi yox idi. Mən də heçvaxt proqramdan istifadə etməmişəm. Mənim göndərdiyim videodan sonra 3-cü həftənin qaliblərini ləğv etdilər və digər qaliblər seçdilər. Müəyyən söhbətlərdən sonra mənim düzgün oynadığımı izah etdim və düzgün qərarla dostum olan Həsənxanlı Elvin 1-ci yerin qalibi seçildi. Lakin sonradan yenə nə oldusa bunlara ondan sonra və heçbir dəfə qalib ola bilmədim.”





Şikayətçi daha sonra bildirib ki, onun nömrələrinə gələn cavablar qəsdən digər nömrələrə gələn cavablardan gec göndərilib. Bununla bağlı Bakcell-ə müraciət etsə də, müsbət cavab ala bilməyib.

“5-ci həftə müşahidə etdim ki, bizim oynadığımız 3 nömrəyə mesajlara cavab 20-30 saniyə aralığında, digər nömrələrə isə normal qaydada gəlir. Mən Simtoday şirkəti ilə əlaqə saxladım və çox mübahisədən sonra bu gecikmənin Bakcell şirkətinin şəbəkəsindən olduğu bildirildi. Bakcell şirkətinə yazılı şikayət ərizəsi yazdım. Bakcelldən bildirdilər ki,provayderin xidmətlərinə cavabdeh deyillər. Bildirdim ki, bu şirkət sizin şəbəkənizdə problem olduğunu bildirir siz mənə isə xidmətə cavabdeh olmadığınızı bildirirsiniz. Bakcellin operatoru kiminləsə əlaqə saxladıqdan sonra mənə cavab verdi ki,bu şirkət haqqında nə şikayət etsəniz alacağınız cavab ancaq bu olacaq.”

Şamo Qənbərov bildirib ki, dostlarının və tanışlarının da yığdığı xallar ləğv edilib və qalib gəldikləri halda nəticələri ləğv olunub.

“ Dostum Elvin qaydalara uyğun qalib gəlmişdi. Bir saatdan sonra Elvinə zəng edib dedilər ki, siz qara siyahıya düşdüyünüzə görə qalibliyiniz ləğv olunur. Elvinə “Şamonun dostu olduğun üçün isə qalib ola bilməzsən” cavabı verildi. Bu cavabdan sonra birlikdə şirkətin ünvanına getdik. Elvindən yarım saat sonra mən də yuxarı qalxdım. Bu zaman icraçı direktor Kamil bəy məni görüb öz otağına girdi və heçnə danışmadıq. 2 dəfə qapını döydükdən sonra heçkim qapını açmadı və qayıtdıq geriyə. Səhəri gün mənə Yasamal rayon 28-ci polis bölməsindən zəng gəldi və haqqımda şikayət olduğunu bildirildi. Polis bölməsinə yaxınlaşdım və haqqımdakı şikayəti öyrənmək istədikdə mənim haqqımda basqın şikayəti olduğunu və təhdid və ölümlə hədələdiyimi bildirdilər. Mən də öz növbəmdə bu ittihama dəlil istədim və bunu məhkəməyə göndərilməsini tələb etdim.”

“Şirkətin özbaşnalığı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayətlə müraciət etdim. Bu işlə ciddi məşğul olacağını bildirdilər. Amma üstündən xeyli vaxt keçməyinə baxmayaraq mənə cavab verilmədi”, deyə Şamo Qənbərov bildirib.

“Bakcell” MMC-dən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlar belə hallarda məsuliyyət daşımır.

“Şirkətimizlə əvvəlcədən imzalanan müqavilələr əsasında, “Bakcell” MMC provayderlərə dördrəqəmli qısa nömrələr təqdim edir. Həmin qısa nömrələr vasitəsilə provayderlər abunəçilərə ayrı-ayrı xidmətlər təqdim edir və bununla bağlı müxtəlif SMS-lər göndərirlər. Qeyd etmək istəyirik ki, şirkətimiz provayderlər tərəfindən abunəçilərin müxtəlif xidmətlərə qoşulması, bu xidmətlərin göstərilməsi, habelə göndərilən SMS-lərlə bağlı yol verdiyi hər hansı pozuntulara görə məsuliyyət daşımır.”

Femida.az Bakcell nömrələri vasitəsi ilə oyunu həyata keçirən “Simtoday” şirkəti ilə bağlı araşdırma aparıb.

Şirkətin elektron saytında yalnız əlaqə nömrəsi və elektron poçt hesabı qeyd olunub. Şirkətin rəhbərliyi, yaradılma məqsədi və tarixi barədə əlavə məlumat verilməyib. Saytda qeyd edilən məlumatlardan məlum olur ki, “Simtoday” saytının Belarus, Özbəkistan və Gürcüstanda da nümayəndəlikləri var.

Femida.az “Simtoday” şirkətinə məsələ ilə bağlı sorğu ünvanlayıb.


Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 20228