Avtobus sürücüləri cəzalandırılacaq


21:12     18 Avqust 2015 18930925.jpg

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin məsuliyyətlərinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Bakı Regional şöbəsinin və “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) əməkdaşlarından ibarət operativ qruplar şəhərin müxtəlif ərazilərində ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş reydlər keçirirlər.


Femida.az-ın məlumatına görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AzərTac-a bildirilib ki, avqustun 18-dən etibarən sərnişindaşımada yol verilən qayda pozuntularına qarşı aparılan mütəmadi reydlərə başlanılıb. Paytaxt ərazisində marşrut avtobusu sürücüləri haqqındakı çoxsaylı şikayətləri nəzərə alaraq avtobus sürücülərinin yol verdikləri qayda pozuntularına qarşı daha sərt cəza tədbirləri tətbiq ediləcək. Dayanacaqdan kənarda marşrut avtobusunu saxlayıb sərnişin götürən və ya sərnişinin dayanacaqdan kənardan avtobusdan enməsi üçün şərait yaradan avtobus sürücüsü ciddi şəkildə cəzalandırılacaq. Bu məqsədlə dayanacaqlarda və paytaxt yollarında avtobus sürücülərinə nəzarət daha da gücləndiriləcək.
“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edərək bildirir ki, sərnişin nəqliyyatının işinə mane olan amillərə - avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmayaraq, belə hallarla rastlaşdıqda, dərhal MMC-nin qaynar xətti olan (012) 561-76-28/29 nömrələrinə, ən yaxın dayanacaqdakı dispetçerə və ya NİİM-in 141 Qaynar Xəttinə zəng etmələri xahiş olunur.

“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi xahiş edir. Çünki, sərnişindaşımada olan problemlərinin həllində və nəqliyyat sistemində xidmətin daha da təkmilləşdirilməsi və bu sahədə nöqsanları aradan qaldırmaq üçün MMC tərəfindən aparılan inzibati metodlarla bərabər, ictimaiyyətin vətəndaşlıq mövqeyinə, bu sahədə dəstəyinə ehtiyac var. Xüsusilə, avtobus marşrut xətlərində sərnişindaşıma və hərəkətin təhlükəsizliyi ilə bağlı aşkar edilən nöqsan və çatışmazlığın aradan qaldırılması üçün ictimaiyyətin dəstəyi çox önəmlidir və bu sahədə rast gəlinən bütün neqativ hallar haqqında məlumat verilməsi xahiş olunur.

Açar sözlər:

Oxunub: 831