Tarixçi-alimdən iddia: Nazirliyin tarix dərsliyi plagiatdır (FOTOLAR)


18:45     19 İyun 2017 plq%20esas.jpg

Tarixçi-alim Qabil Əliyev 10-cu sinif "Azərbaycan tarixi” dərslik layihəsi ilə bağlı sensasion iddia ilə çıxış edib.


Femida.az-ın xəbərinə görə, Qabil Əliyev bu dərsliyin plagiat olduğunu açıqlayıb.

Onun sözlərinə görə, layihədə həmçinin çoxlu sayda yanlış, qeyri-dəqiq məlumatlar və digər kobud nöqsanlar var.

“Dərslik layihəsinin 9-cu səhifəsində ölkəmizdə ilk insanların yaşaması haqqında köhnə məlumat verilmiş, Azıx mağarasından bəhs olunub. Məlumat üçün bildirək ki, XX əsrin 90-cı illərində Borçalıda 1,8 - 2 milyon il öncəyə aid insan qalıqları və əmək alətləri aşkar edilib. Dərslikdə bu faktların qeyd olunması vacib idi.
8 və 14-cü səhifələrdə Azərbaycanda ilkin dövlət qurumlarının yaranmasının İkiçayarasında gedən proseslərlə bağlı olması iddia edilir. Doğru deyildir, Azərbaycanda ilkin dövlət qurumlarının yaranması Urmiyaətrafı ərazimizdə baş verən sosial-iqtisadi inkişafın məntiqi nəticəsi idi.
11-ci səhifədə Neolit inqilabından bəhs edilmiş, lakin məzmunu açıqlanmayıb. Bu dövr insanlarının nə əkdikləri, hansı heyvanları əhilləşdirdikləri haqqında heç bir məlumat verilməyib.
14-17-ci səhifələrdə erkən dövlət qurumlarından bəhs edilmiş, lakin onları yaradan tayfaların etnik mənşəyi haqqında heç bir məlumat verilməyib.
28-ci səhifədə Makedoniyalı İsgəndərin e.ə. 327-ci ildə Hindistana yürüş etməsi qeyd edilib – doğru deyildir. Yenə həmin səhifədə: “İsgəndərin imperiyasının dağılması nəticəsində bir neçə dövlət yarandı. Onların arasında əsası yerli əhalinin nümayəndəsi tərəfin¬dən qoyulan yeganə dövlət Atropatın adını daşıyan Atropatena dövləti oldu” – yazılması doğru deyildir. Həmin vaxt Azərbaycanın şimalında Albaniya, Gürcüstanda İberiya və Kolxida dövlətləri də yerli sülalələr tərəfindən yaradılmışdı.





46-cı səhifədə Bizans imperatorunun Cavanşirə məktubu təhrif edilmiş şəkildə verilib. Məktubun mətni mənbədə aşağıdakı kimidir: “Sənə, hökmdar Cavanşirə, Girdıman sahibinə və Albaniya knyazına ... və Şərqin hökmdarına - Xilaskar Xaçın ilahi qüvvəsindən mərhəmət və bərəkət, bizim imperator şəxsimizdən isə salam və məhəbbətimiz. ...biz və bizim oğullarımız əbədi olaraq sizə, sənə və sənin nəsildən-nəslə gələn oğullarına sevgi, səmimiyyət və sarsılmaz məhəbbətlə münasibət bəsləyəcəyik” (Bax: Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993, s. 126).
10-cu paraqrafın “Azərbaycanın Ərəb xilafətinin tərkibinə daxil olması” adlanması tarixi gerçəkliyi əks etdirmir. Ərəb xilafəti Azərbaycanı silah gücünə işğal edib. Paraqrafın məzmunu da bunu aydın göstərir.”

Tarixçi-alim həmçinin dərslik layihəsinin plagiat olduğunu qeyd edib:

“60-65 və 69-cu səhifələrində verilmiş mətn 2001-ci ildə çap olunmuş 7-ci sinif üçün “Azərbaycan tarixi” dərsliyinin (elmi redaktor: akademik Yaqub Mahmudov) 111-122, 125-127, 146, 148 və 152-ci səhifələrindən köçürülmüş və bəzi ixtisarlarla verilib. Həm də ixtisarlar məzmuna xələl gətirib. Məsələn, dərslik layihəsinin 62-ci səhifəsində “Bərdə faciəsi” yarımbaşlığı verilərkən, rusların (slavyanların) kimliyi, haradan gəlmələri, əvvəlki və sonrakı quldur basqınları haqqında məlumatlar ixtisar edilib.
Azərbaycan xalqının formalaşması haqqında 74-75-ci səhifələrdə ziddiyyətli və yarımçıq məlumat verilib. Mətndən aydın olmur ki, xalq nə zaman formalaşmağa başlamış və nə zaman bu proses başa çatıb.”









Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 3192