İntihar edən uşaqların sayı açıqlandı


21:16     19 Avqust 2015 intihar44.jpg

Azərbaycanda keçən il və bu ilin ilk üç ayı ərzində intihar edən uşaqların sayı açıqlanıb.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Report-a bildirib ki, Azərbaycanda 2014-cü ildə 50, 2015-ci ilin ilk üç ayı ərzində 8 uşaq intihar edib: "Azərbaycanda uşaqlarının intiharına səbəb olan spesifik problemlər daha çox erkən nikah, məişət zorakılığı, təhsildən yayınma, valideynlərin boşanması, baxımsızlıq kimi hallardır".

Şöbə müdirinin sözlərinə görə, intiharın ən böyük səbəbi ailə münaqişələridir: "Depressiv vəziyyətlər də intihara gətirib çıxarır. Qızların intiharına erkən nikahlar təsir edir. Oğlan uşaqlarının intihar hallarında isə təhsil və digər sahələrdə uğursuzluğun olması, valideynləri və ətrafı ilə şəxsi münasibətlərinin normal olmaması kimi faktlara daha çox rast gəlinir". E.Səfərov bildirib ki, belə hallarla mübarizə aparmaq üçün yeni reabilitasiya mərkəzləri açılmalı və marifləndirmə işləri gücləndirilməlidir: "Bu istiqamətdə olan maarifləndirmə işləri nəinki valideynlər və uşaqlarla, cəmiyyətin bütün təbəqələri ilə aparılmalıdır".

Komitənin əməkdaşı intihar hallarına oğlanlar arasında daha çox rast gəlindiyini deyib. Onun sözlərinə görə, intihar hallarına daha çox 17-19 yaş arasında olan gənclərdə rast gəlinir: "Azərbaycanda intihar halları fərdi şəkildə və çox az olduğundan əsas səbəbi təyin etmək çətindir . Ümumilikdə götürdükdə əsas səbəb münaqişəli ailələrdir".

O həmçinin bildirib ki, dəfələrlə intihara cəhd edən uşaqlar da var: "Belə hallarda isə hadisə baş verən yerlərdə yerləşən qrumların işindən çox şey asılıdır. Sahə müvəkkili, İcra Hakimiyyətinin əməkdaşları bu işlə məşğul olmalıdır, ehtiyac olsa intihara cəhd edən şəxsi İcra Hakimiyyəti pulsuz psixoloqla təmin etməlidir".

Qeyd edək ki, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib.

Açar sözlər:

Oxunub: 873