Prezidentdən istehsalçılara güzəştlər- SƏRƏNCAM


01:55     20 Avqust 2015 78654j,yfde654r6.jpg


Azərbaycan Prezidenti İlham Əliyev heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

1. Ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

***

İlham Əliyev digər sərəncamla heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında sərəncam imzalayıb:

“1. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydasını iki ay müddətində müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

Açar sözlər:

Oxunub: 1044