`Avtoş`ları hansı cəza gözləyir? - Hüquqi şərh


18:26     05 Avqust 2017 avtoxuliqan4.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz mövzu cəmiyyətdə geniş müzakirələrə səbəb olan avtoxuliqanlıqla bağlıdır.

Avtoxuliqanlıq nə deməkdir və ona görə hansı cəza nəzərdə tutulur?


Mövzu ilə bağlı Femida.az -a açıqlama verən vəkil Asif Abdullayev məsələnin hüquqi tərəfindən danışıb.





Avtoxuliqanlıq - nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər hesab edilir.

Avtoxuliqanları hansı cəza gözləyir?





Vəkilin sözlərinə görə, avtoxuliqanlıq edən şəxs cərimə və ya həbs edilə bilər. İnzibati xətalar məcəlləsinə əsasən, avtoxuliqanlıq edən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir. Və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bir ildə iki dəfə avtoxuliqanlıq edən şəxsi hansı cəza gözləyir?


Avtoxuliqanlığa görə cəza almış və cəza aldığı gündən bir il ərzində yenidən avtoxuliqanlıq etmiş şəxs - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Avtoxuliqanlıq iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.





Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7595


Oxşar xəbərlər