“Bilmək olmur, qarşındakı erməni mafiozudur, yoxsa erməni havadarı”


22:30     30 Aprel 2015 sahib_aliyev.jpg


Sahib Alıyev: “Amerikanın başında bu ölkənin dünyadakı rolunu düzgün qiymətləndirməyi bacarmayanlar, liderlik keyfiyyəti olmayanlar dayanır”


2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi zamanı olduğu kimi, cari ilin iyun ayında Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları ərəfəsində də xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini yenidən birləşdiriblər. Bu qüvvələr mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək, hazırda insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələləri süni və qərəzli şəkildə şişirdir, I Avropa Oyunlarını “boykot” çağırışları edirlər. Xatırlayanlar çox gözəl bilir ki, 2012-ci ildə də məhz bu qüvvələr eyni məqsədlərlə “Demokratiya naminə oxu”, “Demokratiya naminə incəsənət” kampaniyalarına start vermişdilər. İndi isə yenidən bir araya gələrək, möhtəşəm idman yarışlarının “əhəmiyyətsizliyi”, Avropanın diqqətindən “kənarda qaldığı” rəyini formalaşdırmağa cəhd edirlər.

Bu qüvvələr I Avropa Oyunlarını siyasiləşdirmək, onun ətrafında birtərəfli informasiya vakuumu yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək üçün bütün vasitələrə əl atırlar. Ən maraqlı məqamlardan biri də budur ki, bu qarayaxma kampaniyasının əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi, islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən Con Kerrinin Konqresdəki ofisi oynayır. Bu proseslərdə rəsmi Vaşinqton nümayəndəsinin adının da hallandırılması Amerikanın müstəqil dövlətlərin daxili işlərinə qarışdığını, ən müxtəlif vasitələrlə hakimiyyət çevrilişi planları hazırladığını gündəmə gətirib. Azərbaycana qarşı ənənəvi qarayaxma kampaniyası, bu kampaniyanın arxasında dayanan məqsədlər, ölkəmizə yönəlik təzyiq və təhdid siyasəti və sairlə bağlı “Kaspi”nin suallarını millət vəkili, siyasi şərhçi Sahib Alıyev cavablandırır.

- Sahib müəllim, anti-Azərbaycan kampaniyasının arxasında kim və ya kimlər dayanır?

- Bilirsiniz, indi elə bir vəziyyət yaranıb ki, Azərbaycandakı hazırlıqlı, savadlı və vətənpərvər adamlar da qərbdəki bəlli çevrələrin ölkəmiz haqda qarayaxma kampaniyasını gördükdə hiddətlənməklə yanaşı, buna sevinirlər də. Doğrudur bu, fərqli sevincdir, “5-ci kolon”dakıların sevincinə bənzəmir. Ancaq o da bəlli bir məntiqə söykənir. Ona görə ki, biz artıq həmin çevrələri çox yaxşı tanıyırıq. Bilirik ki, əgər həmin çevrələr Azərbaycanın üstünə düşübsə, demək dövlətimiz onların istəyini yerinə yetirərək milli maraqlarımızın əleyhinə getməyib. Amma ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının arxasında şübhəsiz ki, erməni mafiyası da durur. Qısaca deməli olsaq, bu çirkin təbliğatın arxasında erməni havadarlarıyla erməni mafiyası dayanır. Özü də bunlar bir-birinə o qədər qaynayıb-qarışıblar ki, bəzən bilmək olmur, qarşındakı erməni mafiozudur, yoxsa erməni havadarı.

- Bu kmpaniyanın ABŞ-ın dövlət katibi C.Kerrinin Konqresdəki ofisindən idarə olunması barədə məlumatlar da mediada yer almaqdadır. Deyilənləri nəzərə alsaq, iddia etmək olarmı ki, artıq C.Kerri ABŞ-ın dövlət maraqlarını güdən rəsmi şəxs deyil, erməni lobbisinin, erməni maraqlarının müdafiəçisidir?

- Əgər söhbət klassik lobbiçilikdən gedirsə, fikrimcə, erməni lobbisi yoxdur, erməni mafiyası, ona çalışan muzdlular və bir də havadarlıq edən güclər var. Con Kerriyə gəldikdə, hazırda o, erməni havadarı rolunda çıxış edir. Amma zamanında erməni muzdlusu olması, yəni erməni mafiyasının büdcəsindən qidalanması haqda məlumatlar var. Yəqin bu qidalanma olmasaydı, o, 1990-cı il yanvarın 18-də Mixail Qorbaçova məktub göndərərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edənlərin sırasında yer almazdı. Bu qidalanma olmasaydı, Amerikanın Azərbaycana dövlət yardımına qadağa qoyan bədnam 907-ci düzəlişin müəlliflərindən biri kimi çıxış etməzdi. O düzəliş ki, işğalçıdansa torpağı işğala məruz qalanın cəzalandırılmasına yönəlmişdi. O zaman ki, hakimiyyətdə indiki komanda deyildi. Hazırda “5-ci kolon”da yer alanlar idi, o zaman hakimiyyətdə.

- Sizin də qeyd etdiyiniz kimi, bəzi hallarda ölkəmiz əleyhinə olan qarayaxma kampaniyasına “5-ci kolon” kimi tanınan “sapı özümüzdən olan baltalar” da dəstək verirlər. Belələrinə münasibətiniz necədir?

- Belələrinin nə sapı, nə də digər yerləri bizdəndir. Belələri, ümumiyyətlə “balta” deyillər. Balta yararlı alətdir. Bunlar üfunət dağarçıqları, çirkab maşınlarıdır.

- ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və dövlət büdcəsindən maliyyələşdirilən National Endowment for Democracy (NED) uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb. Avropa Oyunları ərəfəsi həmin təşkilatın və onların buradakı əlaltılarının birbaşa C.Kerrinin ofisindən idarə olunması ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edə bilər?

- Çox təəssüf ki, indi Amerikanın başında bu ölkənin dünyadakı rolunu düzgün qiymətləndirməyi bacarmayan, qlobal təhdidləri görməzlikdən çıxış edən, təmsil etdikləri dövlətin miqyasına uyğun liderlik keyfiyyəti olmayan biriləri dayanır. Siz bilirsiniz ki, aparılan ən müxtəlif sorğularda amerikalılar Barak Obamanı indiyədək olan prezidentlərinin ən pisi kimi dəyərləndirirlər. Və yenə keçirilən sorğular göstərir ki, amerikalılar ən çox onun yeritdiyi xarici siyasətdən narazıdırlar. O siyasətdən ki, onu reallaşdıran qurumun başında Con Kerri durur. Yəni, sözümün canı odur ki, Amerika təkcə Azərbaycanla bağlı yanlış siyasət aparmır. İndi dünyada Amerikanın apardığı siyasətdən razı qalan ölkə demək olar ki, yoxdur. Təbii ki, bu da onların Amerikaya yanaşmasında bu və ya digər şəkildə özünü göstərir. Yaxşı olardı ki, Amerika idarə olunan xaosla deyil, nizam-intizam yaratmaqla dünyada liderliyini sürdürsün. Təəssüf ki, hələlik bunun əlaməti görünmür. Neçə ki ABŞ-ın xarici siyasətini Obama-Kerri cütlüyü müəyyənləşdirəcək, yəqin görünməyəcək də.

Açar sözlər:

Oxunub: 2563