Vəkil müdafiədən imtina edə bilərmi? - Hüquqi yardım

Vəkil müdafiədən imtina edə bilərmi? - Hüquqi yardım


16:43     12 Dekabr 2017 advokat2.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz mövzu vəkilin müdafiə prosesində müttəhimi müdafiədən imtina hüququnun olub-olmaması ilə bağlıdır. Xatırladaq ki, bir neçə gün öncə məhkəmə proseslərinin birində vəkil təqsirləndirilən şəxsi müdafiədən imtina edəcəyini bildirmişdi.


Mövzu ilə bağlı Femida.az -a danışan vəkil Sadiq Əfəndiyev bildirib ki, mövcud cinayət-prosessual qanunvericilik müdafiəçi qismində cinayət prosesinə buraxılmış vəkilə birtərəfli qaydada müdafiədən imtina etmək hüququ vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 92.10.3-cü maddəsinə görə vəkilə özbaşına müdafiədən imtina etməsi və ya müdafiəçi qismində özünün səlahiyyətlərinə xitam verməsi qağandır.






Bununla belə CPM-si vəkilin müdafiəsi altında olan şübhəli şəxsə (90.7.7.) və təqsirləndirilən şəxsə (91.5.7.) müstəqil olaraq müdafiəçinin səlahiyyətlərinə xitam vermək hüququ verib. Nəzərə alsaq ki, vəkilin müdafiəsinin əsasında tərəflərin bağladığı mülki hüquqi müqavilə (“hüquqi yardım göstərilməsinə dair”) dayanır, bu zaman vəkilə müdafiədən imtina etməyi, yəni müqaviləyə xitam verməyi qadağan edən normanın mülki hüququn ümumi prinsiplərinə (mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və s.) zidd olmasından söhbət aça bilərik.
Ola bilsin, qanunverici vəkilin bu hüququnu məhdudlaşdırmaqla şəxsin müdafiəsiz qalmasının qarşısını almaq məqsədini güdür. Lakin nəzərə almaq lazımdır ki, bəzi obyektiv səbəblərdən (müdafiə olunan şəxsin vəkilə hörmətsizliyi, sonradan müştəri barədə vəkildə mənfi rəyin formalaşması və s.) vəkil tərəfindən həyata keçirilən real müdafiənin mümkünlüyünü sual altına alır və ən yaxşı halda onun müdafiəsi sadəcə formal xarakter daşıyır. Təsəvvür edək ki, hətta müdafiə olunan tərəfindən vəkilə qarşı hər hansı bir cinayət əməlinin törədilməsi belə, mövcud qanunvericiliklə vəkilin müdafiədən imtina etməsinə əsas vermir. Deməli qanunverici güddüyü məqsədə praktiki olaraq nail ola bilmir.
Düzdür, təcrübədə vəkillə müştəri arasında yaranmış anormal münasibətlər zəminində müştərinin vəkildən imtina etməsi bu məsələni həll etmiş olur.


Bəs vəkildən imtina olunmadığı halda məsələ necə həll olunacaq?!

Vəkilin sözlərinə görə, bərabər hüquqlu müqavilə tərəflərindən hər hansı birinin hüququnun digər tərəfin iradəsindən asılı vəziyyətə salınması prinsip etibarı ilə düzgün deyildir.

Hüquq ədəbiyyatlarından aldığımız məlumata görə sivil dövlərin hüququ bu cür vəziyyətlərdə vəkil – müştəri münasibətlərini tənzimləyir və müdafiənin həyata keçirilməsinə obyektiv maneələr yarandığı halda vəkilə müdafiədən imtina etmək hüququ verir. Hesab edirəm ki, bizim qanunvericilikdə də bu məsələlər dəqiq tənzimlənməli və müdafiə olunan şəxslə bərabər vəkilə də qanunda konkret olaraq nəzərdə tutulmuş hallarda birtərəfli qaydada müdafiədən imtina etmək hüququ verilməlidir.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7909