Azərbaycanda dollar ucuzlaşır – Səbəb


00:22     22 Avqust 2015 Dollar-pul-655x360.jpg

Qazaxıstanın üzən valyuta rejiminə keçməsi, Rusiyada rublun ciddi məzənnə itirməsi, qardaş Türkiyədə lirənin “qara günləri” və qonşu Gürcüstanda larinin yavaş-yavaş silkələnməsi Azərbaycanda dollara tələbi artırıb.


Femida.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov “Facebook“da açıqlama verib. İqtisadçının sözlərinə görə, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb:

“Bu gün apardığımız monitorinqlər göstərir ki, son 2 gündə xarici valyutalara tələb yüksəlməkdədir. Mərkəzi Bank dolların manata rəsmi məzənnəsini son 3 gündə aşağı salmasına baxmayaraq, valyuta dəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kurs ilə təklif edilir. Belə ki, avqustun 19-da manatın dollara məzənnəsi 1,049 olsa da, sonrakı 2 gündə uyğun olaraq 1,0486 və 1,0479 olub. Bu isə o deməkdir ki, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. Amma qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin real valyuta dəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir. Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlarımızın bir qismi yenidən xaricə valyutaya üz tuturlar”. Ekspert bildirib ki, MB dollara tələbi azaltmaq üçün banklardakı manat əmanətləri indeksasiyasını həyata keçirməlidir:

“Hələ bu ilin fevralın 9-da MB-yə əmanətlərin indeksasiyasını təklif etmişdik. Amma indeksasiya sisteminin tətbiq edilməməsi ötən müddətdə dollara tələbi artırmaqla manat əmanətlərinin mərhələli həcminin azalmasına səbəb olub. Buna görə də MB mövcud resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır. Çünki dollara yüksələn tələb MB-nin intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə təsir göstərə bilər. Bu isə Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarını xeyli azaltmış olar. Hər zaman təklif etdiyim kimi, vətəndaşlarımız öz pullarını valyuta səbəti formasında (manat, dollar və avroda) saxlamaqla bütün potensial risklərdən sığortalanmış ola bilərlər”.

Açar sözlər:

Oxunub: 999