Deputatdan narazı vətəndaş hara müraciət etməlidir?


03:57     20 Fevral 2018 milli%20m7.jpg

“Toxunulmazlıq statusu deputatı vətəndaş qarşısında məsuliyyətdən azad edən səbəblərdəndir”


Vətəndaşların deputatların fəaliyyətindən narazı qalması halları ilə tez-tez rastlaşırıq. Bəzən elə olur ki, seçkilərdən sonra deputatlar uzun müddətliyinə qeybə çıxır. Bəzən isə hansısa deputatın səsləndirdiyi fikir cəmiyyətdə qıcıq doğurur.

Bəs, bütün bu hallardan narazı qalan vətəndaş nə etməlidir?

Hüquqşünas Ruslan Vəliyevin sözlərinə görə, bu, elə bir sahədir ki, qanunvericiliyin konkret tənzimləyici mexanizmi yoxdur:

“Milli Məclisin nizamnamə ilə müəyyən olunmuş daxili qaydaları var və deputatları bu qaydalara riayət etməlidir. Konkret olaraq, əgər vətəndaş öz deputatının, yaxud da hansısa deputatın fəaliyyətindən narazıdırsa, bununla bağlı onun Milli Məclis sədrinə müraciət etmək hüququ var. Ümumiyyətlə, vətəndaşın deputata iradları ilə bağlı hüquqi mexanizm yoxdur. Bizi maraqlandıran isə irad bildirildiyi təqdirdə, deputata bu iradın təsir vasitəsinin olub-olmamasıdır”.

Hüquqşünas hesab edir ki, toxunulmazlıq statusunu deputatı vətəndaş qarşısında məsuliyyətdən azad edir:

“Bildiyimiz kimi, Milli Məclisin deputatlarının toxunulmazlıq hüququ vardır. Nəticə etibarilə, deputatlar öz çıxışlarına görə hər hansı məsuliyyət daşımırlar. Buna görə də Milli Məclisin deputatlarına konkret təsir vasitələri yoxdur. Ümumilikdə Milli Məclisin deputatının vətəndaş qarşısında hər hansı bir məsuliyyəti yoxdur. Deputatın işi qanunvericilik layihəsinin müzakirəsi zamanı seçildiyi ərazi dairəsinin problemlərini qaldırmaq, bu problemlərin qanun layihəsinə daxil etmək, yaxud da təklif verməkdir. Bəzən deputatın hansısa məsələni qaldırması kifayət etmir. Deputat qanunların qəbul edilməsi zamanı seçicilərin mənafə və maraqlarına uyğun olaraq hansısa təklif irəli sürürsə və təklif qanun layihəsinə daxil edilirsə, deməli, həmin deputat öz üzərinə düşən öhdəliyi yerinə yetirir”.



Ruslan Vəliyev bildirdi ki, deputat vətəndaşın maraq və mənafelərinin hansısa qanun layihəsinin müzakirəsi zamanı nəzərə almadığına görə intizam məsuliyyətinə cəlb oluna bilməz:

“Milli Məclisin deputatının statusu haqqındakı normativ-hüquqi sənəddə deputatların hüquq və vəzifələri öz əksini tapıb. Bu sənəddən irəli gələn tələblər deputatlar tərəfindən pozulursa, Parlamentin İntizam Komissiyası deputat barədə müvafiq tədbirlər görə bilər. Lakin nəzərə alamq lazımdır ki, deputat vətəndaşın maraq və mənafelərinin hansısa qanun layihəsinin müzakirəsi zamanı nəzərə almadığına görə intizam məsuliyyətinə cəlb oluna bilməz. Buna görə də narazılıq və irad ümumi şəkildə ola bilər. Yəni müxtəlif dövlət məmurlarından vətəndaş nə cür narazılıq edirsə, Milli Məclisin deputatları ilə bağlı da eyni qayda keçərlidir. Toxunulmazlıq statusu deputatı vətəndaş qarşısında məsuliyyətdən azad edən səbəblərdəndir. Bu status deputatı vətəndaşlardan da qoruyur. Tutaq ki, vətəndaş öz subyektiv fikrinə görə, maraq və mənafelərinin pozulduğunu bildirirsə, toxunulmazlıq statusu deputatı bu təzyiqlərdən qoruyur. Müraciət etmək vətəndaşın konstitusion hüququdur. Vətəndaş istənilən şəxslə bağlı müraciət, şikayət edə, iradlarını ifadə edə bilər. Əsas olan müraciətin nəticəsidir. Bütün dünyada deputatların toxunulmazlıq hüququ var. Bu hüquq həmin deputatları vətəndaşların əsassız iradlarından qorumaq üçündür. Praktikamda dəfələrlə olub ki, deputatın vətəndaşa, məhkəməyə qarşı təzyiq göstərməsinə görə Milli Məclis sədrinə müxtəlif iradlar göndərmişəm. Lakin bizim müraciətlər araşdırmaların predmetidir. Yəni müraciətimizə hansısa dövlət qurumu yox, Milli Məclisin İntizam Komissiyası baxacaq və müvafiq qərar qəbul edəcək”.



Milli Məclisin İntizam komissiyasının üzvü Fazil Mustafa açıqlamasında bildirdi ki, vətəndaş cinayət xarakterli əməllərlə bağlı hüquq mühafizə orqanalrına, etik davranışla bağlı olaraq isə Milli Məclis sədrinə müraciət etməlidir:

“Vətəndaş hansısa deputatın fəaliyyətindən narazıdırsa, əvvəlcə Milli Məclis sədrinə müraciət etməlidir. Daha sonra isə İntizam Komissiyası tərəfindən müraciətə baxılır. Komissiya deputatın fəaliyyətinin etik çərçivəyə uyğun olub-olmadığını araşdırır. Yox əgər konkret cinayət işindən söhbət gedirsə, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. Bu orqanlar isə Milli Məclis sədrindən razılıq alandan sonra müvafiq işə başlaya bilərlər. Bu yaxınlarda deputatların etik davranış qaydaları haqqında qanun qəbul edilməlidir. Orada bu məsələlər geniş formada öz əksini tapacaq”.

Fazil Mustafa indiyə qədər vətəndaşların müraciətindən sonra hansısa deputatla bağlı intizam tədbiri görülməsi halının baş vermədiyini vurğuladı.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər: #hüquq   #yardım   #deputat  

Oxunub: 9982