Parklama yerindən bu müddətdə pulsuz istifadə etməlisiniz – Sürücülərin nəzərinə!

Parklama yerindən bu müddətdə pulsuz istifadə etməlisiniz – Sürücülərin nəzərinə!


15:58     17 İyul 2017 parklama1.jpg

Mütəmadi olaraq mətbuatda və sosial şəbəkələrdə sürücü ilə parklama ərazisinin nəzarətçiləri arasında mübahisələrə rast gəlinir. Mübahisələrin bəzi hallarında sürücülər, bəzi hallarında isə parklama işçiləri haqlı olur.


Femida.az parklama yerləri, onlardan istifadə qaydaları və pulsuz parkinqlərdən istifadə qaydaları barədə hüquqi yardımı təqdim edir.

Parklanma yerləri necə təşkil olunur?

"Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsin də bütün qaydalar öz əksini tapır. Həmin maddəyə əsasən dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir.
Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təşkil edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər.




Əlillər üçün xüsusi zolaq olmalıdır.

"Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinin X. maddəsində qeyd olunur ki, parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlillər üçün ayrılır. Əlillər üçün ayrılmış parklanma yerləri göy rəngli kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boya ilə təsviri vasitəsilə işarələnir. Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlil” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar.

Mübahisə yaradan ən böyük məsələ isə parklanma yerlərinin pullu və pulsuz olması ilə bağlıdır.

Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir. Parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunur.

Sürücü hansı müddətdə parklanmadan pulsuz istifadə edə bilər?

"Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinin 15-ci hissəsi 15 dəqiqəyədək pulsuz parklanmaya konkret olaraq icazə verir:
XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Bu norma tək Bakıya yox, bütün ölkəyə aiddir.
Bundan əlavə operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər.

Avtomobili neçə saat parkinqdə saxlamaq olar?

Qanuna əsasən, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 22745