Mingəçevirdə 21 nəfər saxlanıldı - DİN


00:01     23 Avqust 2015 246c3090c5f63b8d8d16ddb930ad545f.jpg


Azərbaycan Daxili İşlər Nazirliyi Mingəçevirdəki baş verən hadisələrlə bağlı rəsmi açıqlama yayıb. Bu barədə Femida.az-a nazirliyin mətbuat xidmətindən bildirilib. Açıqlamada deyilir:

“Xəbər verdiyimiz kimi, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən atıb.

Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Hazırda faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol verib və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib.

Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şəhər Polis Şöbəsinin bir avtomobili isə yarasız hala salınıb.

İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.

Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək”.

Açar sözlər:

Oxunub: 1106