”Quqarkda azərbaycanlı qəbirlərini bərpa etdirdik”- Hüquq müdafiəçisi


19:27     01 May 2015 arzu.jpg

Ermənistan mediası bir-birinə qarışdı


Ermənistanın “Epress” saytı 27 il qabaq Ermənistanın Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə material dərc edib.

Jurnalist Mane Papyanın 1988-ci ildə rayonda baş vermiş hadisələrə yenidən qayıtması bir sıra erməni KİV-lərini şoka salıb. Ermənilər adətən bu hadisələr barədə susmağa çalışırlar. Halbuki Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general Usik Arutunyan bildirib ki, 1988-1989-cu illərdə Ermənistanda 25 azərbaycanlının milli münaqişə zəminində ermənilər tərəfindən öldürüldüyü təsdiq edilib və onlardan 11-i birbaşa Quqark rayonunda həlak olub.
Mane Papyan faciəli hadisələrin baş verdiyi kəndlərə gedib və hadisə şahidləri ilə söhbət edib. Şahidlər azərbaycanlılara qarşı edilən haqsızlıqları xatırlayıblar. Məsələn, həmin vaxtlar Kirovakanda (Vanadzor) prokuror işləmiş Qriqori Şahverdiyanın arxivində olan sənədlərə görə, 1988-ci ilin mart ayından noyabr ayına kimi Quqark rayonunda 624 azərbaycanlı əsassız olaraq işdən çıxarılıb.
“Qarabağ” komitəsinin keçmiş üzvü Artur Sakuns da etiraf edib ki, azərbaycanlıları gecələr kəndlərindən zorla köçürən zaman yolda erməni dəstələrinin hücumuna məruz qalırmışlar. Şahverdiyanın sənədlərində isə azərbaycanlıların yalnız öz evlərində deyil, iş yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 hal qeydə alınıb. Bazarda azərbaycanlıları döyərək mallarını əllərindən alıblar.

Femida.az məqalə ilə bağlı uzun müddət xalq diplomatiyası sahəsində çalışan hüquq müdafiəçisi Arzu Abdullayevadan münasibət öyrənib:

“Bu yaxınlarda qarşı tərəfdən olan kolleqalarımızla fikir mübadiləsi aparırdıq. Onlar “erməni soyqırımı” haqda danışırdılar. Mən onlara dedim ki, əgər ədalət istəyirsinizsə, yaxın tarixdən başlamalısınız. Quqarkda olan hadisələrdə 216 nəfər insan tələf olub. Onlardan 17 nəfəri yandırılıb. Müharibə elə bir hadisədir ki, insanlar sifətini itirir, vəhşiləşir. Ermənilər başa düşməlidir ki, heç bir millət günahsız, suçsuz deyil. Müharibədə heç bir tərəf günahsız qalmır. Quqarkda olanları etiraf etmədən soyqırım haqda danışmaq olmaz. Çünki, yaxın tarix haqda danışmaq daha asandır. Hələ AXCP hakimiyyəti dövründə mən hər iki tərəfdən olan qaçqınlarla görüşüb araşdırma aparmışam. Ədalətli davranmaq lazımdır.

Azərbaycan Spitak zəlzələsinə ilk yardımı göndərdi. Təyyarə qəzaya uğradı. İçərisindən yalnız bir nəfər sağ çıxdı. Buna səbəb isə təyyarənin içərisindəki yük maşınında yatmağı olmuşdu. Onlar qəzaya uğrayan Yuqoslaviyadan gələn yardım qüvvəsinə heykəl qoydular, azərbaycanlılara isə heç nə.

Quqark hadisələrində isə azərbaycanlılar təyyarədən endirilmişdi. Onlar fevralın soyuğunda donub ölmüşdülər. Sonra insan haqlarının bərpası üçün çalışdığım işçi qrupun sayəsində Quqarkda ölən azərbaycanlıların qəbrini bərpa etdirməyə nail olmuşdum. Biz sonralar o qəbrləri ziyarət edib dualar oxuduq. Erməni həmkarlamız isə dini qaydalarımız uyğun gəlmədiyi üçün kənarda dayandılar.

Ermənilərdən Quqark hadisələrini etiraf edən hüquq müdafiəçiləri var. Lakin sıravi bir hüquq müdafiəçisi ilə məsələ həll edilmir. Bu dövlət səviyyəsində olmalıdır. Soyqırım anlayaşı ermənilər üçün vacibdirsə, Spitak və Quqarkda törədilənlər haqda açıq etiraflar etməlidirlər. “

Yazıda daha sonra deyilir ki, həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətlini qeydə alıblar. Amma onların içərisində ən məşhuru Telman Hüseynovun öldürülməsi olub. “Onu İrina adlı sevgilisinin evində balta ilə vurmuşdular. Qətl açılmışdı və iki yeniyetmə - Usik Marutyan və Tiqran Evinyan həbs edilmişdi”, - deyə prokuror xatırlayır.

Evlərinə hücum edilən azərbaycanlıları xilas etməyə tələsdiyini söyləyən Şahverdiyan həmin günlərdə əli silahlı ermənilərdən qorxmadığını indi təəccüblə xatırlayır: “Hamının əlində silah vardı, millətlərarası zorakılıq artmışdı. Ən dəhşətli hadisə Şaumyan kəndində baş verdi. Mənə dedilər ki, kəndin sakinləri hansısa azərbaycanlını (Qasım K.) qayadan atmaq istəyirlər. Hadisə yerinə çataraq biz bu adamı müdafiə etməyə çalışdıq. Milis, milli təhlükəsizlik də orda idi. Adamlar bizə hücum etdilər. Mənə deyirlər ki, mən orada huşumu itirmişəm və məni oradan çıxarıblar”.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 785


Oxşar xəbərlər