Qayınana və qayınata ailə üzvü hesab olunmur - HÜQUQİ ŞƏRH


15:25     02 Avqust 2017 o-MOTHERINLAW-facebook4.jpg

Ailə aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir və cəmiyyətin ən vacib dayağıdır. Sosioloji baxımdan isə ailə evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir.


Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində qeyd olunur ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Həmin maddədə həmçinin aşağıdakı bəndlər öz əksini tapıb:

- Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

- Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

- Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

- 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

- Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məsəlləsinin 2-ci maddəsinə əsasən, ailə üzvləri bunlardır: ər-arvad, valideynlər və uşaqlar. Yəni bu kateqoriyalardan kənar şəxslər ailə üzvü hesab edilmir.

Məcəllənin 6-cı maddəsində qeyd olunur ki, vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Eləcə də ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.

Ər-arvadın hüquq və vəzifələri

Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Belə ki, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmçinin ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. Eləcə də ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.

Ər-arvadın soyad seçmək hüququ

Ailə Məcəlləsinin 30-cu maddəsinə görə, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Lakin Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Onu da nəzərə almaq lazımdır ki, ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur. Bundan başqa, nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

Ər-arvadın birgə mülkiyyəti

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Birgə mülkiyyətə aşağıdakılar daxildir:

Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak;

Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3250