“Fuad Qəhrəmanlıya ofisimi belə təmizlətmərəm” - Razi Nurullayev


20:15     25 Avqust 2015 39566.jpg

“Dünən Sumqayıtda olan köhnə hərəkatçı və cəbhəçilər də mənim yaratdığım AXCP-yə qoşulduqlarını və burada fəaliyyət göstərəcəklərini bəyan etdilər. Yaxın günlərdə isə rayon şöbəsinin qurulması ilə bağlı addımlar atılması gözlənilir”.


Femida.az xəbər verir ki, bunu AXCP-nin sabiq sədr müavini, yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib. Razi Nurullayev AXCP-dən istefalara toxunaraq deyib ki, AXCP-nin sədr müavinləri olan Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və digər bu kimi şəxsləri öz tərəfinə dəvət etmək istəmir.

“ Onlar heç zaman mənim yanımda ola bilməz. Hətta bu gün öz istəkləri ilə durub yanıma gəlsələr belə, mən onları qəbul etmərəm. Ümumiyyətlə, mən Gözəl xanımı bu məsələyə aid etmək və onunla üz-üzə gəlmək istəmirəm. Gözəl Bayramlı mənim haqqımda nə desə belə, mən onun haqqında danışmaq istəmirəm.

Ancaq onu deyim ki, Fuad Qəhrəmanlı Azərbaycan siyasətinə bir ləkədir, siyasətə utanc gətirən adamdır. Onun kimi insanlara yer yoxdur. Mən Fuad Qəhrəmanlıya ofisimi belə təmizlətmərəm. Çünki bu adam Azərbaycan səhnəsindən gec-tez silinəcək. O, oynadığı çirkin və iyrənc oyunlarına və cəbhəçiləri aşağıladığına görə Azərbaycan siyasətindən birdəfəlik silinəcək”.

“Azadlıq” qəzeti şər böhtanla məşğuldur”

Razi Nurullayev son günlər yeni AXCP yaratmaq fəaliyyətini tənqid edən, ona qarşı müxtəlif fikirlər səsləndirənlərə də münasibət bildirib:

“Çox təəssüfedici haldır ki, söz azadlığına xidmət edəcək və xalqın səsinə çevriləcək bir qəzet, ümumilikdə isə xalqa azadlıqdan və ədalətdən danışan “Azadlıq” qəzeti hazırda bir nəfərin əlində girova çevrilib. Həmin bir nəfər isə Əli Kərimlidir. Bu gün “Azadlıq” qəzeti yalnız Əli Kərimliyə xidmət edir. Bu qəzetdə heç bir yazı və ya məqalə Əli Kərimlinin icazəsi olmadan gedə bilməz. Çox təəssüf ki, Əli Kərimli “Azadlıq” qəzetini özünün girovuna çevirib. Əgər bu gün Əli Kərimli Azərbaycanda söz azadlığı və demokratiyadan, müxalifətin televiziyalara buraxılmamasından danışırsa, eyni zamanda müxalifət adına iddia edilən “Azadlıq” qəzetinə də yaxın düşə bilmirik. Çünki “Azadlıq” qəzetinə düşmək üçün Əli Kərimlini tərifləmək lazımdır. Bütün bu faktlar isə ən böyük demokratiya pozuntusudur. Mən buna çox təəssüf edirəm.

Açığı deyim ki, mən ümumiyyətlə “Azadlıq” qəzetini açıb oxumuram. Çünki bu qəzet hər zaman şər-böhtan yağdırıb, yalnız bir nəfərin iradəsinə tabe olub. Bu baxımdan da düşünürəm ki, “Azadlıq” qəzetində çalışan hər bir kəs özünə sual verməlidir: Mən Azərbaycan xalqına xidmət edirəm, yoxsa Əli Kərimliyə? Əli Kərimliyə bu gün xidmət etməyin heç bir əsası yoxdur. Çünki Əli Kərimli uğursuzluğa düçar olmuş, əzab-əziyyətə düşmüş yarımçıq siyasətçidir”.

“Biz mütləq AXCP-ni Əli Kərimlidən azad edəcəyik”

Razi Nurullayev yeni yaradılan AXCP-nin möhür məsləsinə də aydınlıq gətirib:

“Biz Ədliyyə Nazirliyinə müraciət edib möhürü alacağıq. Bunun üçün müharibə aparmaq lazım gəlsə, müharibə aparacağıq, döyüşmək lazım gəlsə, döyüşəcəyik, hüquqi müstəvidə nə lazımdırsa, onu da edəcəyik. Biz mütləq AXCP-ni Əli Kərimlidən azad edəcəyik. Çünki Əli Kərimli hüquqi və mənəvi cəhətdən AXCP sədri olmağa layiq deyil. Əli Kərimli AXCP-də parçalanmanın əsasını qoyub və bu gün də davam etdirir. Hesab edirəm ki, onun partiya sədri kimi fəaliyyətinə son qoyulacaq. Əli Kərimli vaxtilə “Yurd” təşkilatı yaradıb. Yaxşı olar ki, gedib öz təşkilatını yenidən fəaliyyətə başlatsın. O ancaq təşkilat sədri ola bilər. Mərhum Əbülfəz Elçibəyin yaratmış olduğu bir partiyaya Əli Kərimlinin sədrlik etməyə nə ixtiyarı, nə də hüququ yoxdur”.

Açar sözlər:

Oxunub: 1791


Oxşar xəbərlər