Gürcüstanın mövcudluğuna qarşı gürcü ekspert kartı - TƏHLİL


20:30     03 Aprel 2015 tiflis.jpg


Beynəlxalq təşkilatlar Azərbaycana qarşı niyə gürcü ekspertlərdən istifadə edir?


Beynəlxalq hüquq-müdafiə təşkilatları liberal dəyərlərə tapınmış bir qurum kimi öz fəaliyyətlərində, özəlliklə kadr seçimlərində milli, etnik faktorun qəbul edilməz olduğunu bəyan edirlər. Amma bu, yalnız sözdə belədir, gerçəkdə isə etnik faktor bu təşkilatlar üçün öz hədəflərinə çatmaq üçün əsas alətlərdən biridir. Təkcə beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə aparılan kampaniyada gürcü ekspertlərdən aktiv istifadə olunması bunu sübut edir.

 

Gerçək mənzərə budur – son zamanlar xarici ölkələrdə Azərbaycan əleyhinə ictimai rəy beynəlxalq təşkilatlarda çalışan gürcü ekspertlər vasitəsilə aparılır. “Amnesty İnternational”ın əməkdaşı Natalia Nozadze, “Transparency İnternational”dan Georgi Çanturiya, Luka Kalandarişvili Maqda Jimşeleişvili, Tamar Tatanaşvili, “Human Rights Watch” təşkilatından Georgi Qogia, “Sərhədsiz reportyorlar”dan İrakli Berulavanın fəaliyyəti bütünlüklə beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə fikir formalaşdırmağa yönəlib. Ölkəmiz əleyhinə aparılan kampaniyanın pərdə arxasında gürcü ekspertlərin dayanması, daha doğrusu, bu rolun gürcülərə həvalə edilməsi təsadüfdürmü? Çətin ki. Adları çəkilən beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı təhlillər göstərir ki, “gürcü kartı”ndan istifadə məqsədyönlü xarakter daşıyır və üçlü hədəfə hesablanıb.

 

Birinci və dəyişməz hədəf Azərbaycan haqqında qeyri-obyektiv ictimai rəy formalaşdırmaqdır. Bu işin gürcü ekspertlər vasitəsilə aparılması həm də antiAzərbaycan təbliğatına obyektivlik donu geydirmək məqsədi daşıyır. Yəni gürcü ekspertlərin qonşu dövlət olan Azərbaycanı daha yaxından tanıyır, onların dəyərləndirməsi hansısa polyak, yaxud holland ekspertin dəyərləndirməsinə nisbətən daha obyektiv ola bilər.

 

İkinci hədəf daha həcmlidir – Azərbaycan əleyhinə işin gürcü ekspertlər tərəfindən aparılması Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vura bilər. İki ölkə arasında kifayət qədər ciddi siyasi və iqtisadi əlaqələr mövcuddur, regionda gerçəkləşdirilən bir sıra qlobal enerji layihələri həm də Azərbaycan-Gürcüstan tərəfdaşlığına əsaslanır. Bu layihələrin gerçəkləşməsində maraqlı olmayan tərəflər münasibətləri korlamaq üçün hər vasitədən istifadə edirlər.

 

Üçüncü hədəf isə Azərbaycan əleyhinə rəy formalaşdıran mərkəzlərin kamuflyaj olmaq istəyidir. Yəni, Gürcüstan vətəndaşı olan hansısa ekspertin Azərbaycan əleyhinə fəaliyyəti daxili ictimai rəydə “Freedom House”, “Human Rights Watch”, “Transparency İnternational”, “Sərhədsiz reportyorlar” kimi təşkilatların deyil, Gürcüstan dövlətinin apardığı iş təsəvvürü yarada bilər.

 

Elə “Human Rights Watch” təşkilatının təmsilçisi olan Gürcüstan vətəndaşı Georgi Qogia ilə bağlı hadisə bu fikirləri təsdiqləyir. Təşkilatın birbaşa və dolayı nəzarətində olan media hadisəni tam fərqli kontekstdə, qərəzli şəkildə işıqlandırmağa çalışır. Bu yanaşma göstərir ki, məqsəd heç də konkret hadisəni araşdırmaq deyil, “beynəlxalq media” öz kursuna sadiq qalaraq növbəti dəfə Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmağa çalışır, eyni zamanda bu ölkənin Gürcüstanla münasibətlərinə zərbə vurmaq istəyir.

 

Azərbaycana qarşı aparılan qərəzli siyasətin gerçək mahiyyəti Gürcüstana mesaj olmalıdır. Rusiya ilə ciddi və belə görünür ki, uzun müddət həll edilməyəcək problemlərə sahib olan bu ölkə varlığını Azərbaycanın (həmçinin Türkiyənin) siyasi və iqtisadi dəstəyi sayəsində qoruyur. Ölkənin enerji resursları ilə təminatında əsas rol oynayan Azərbaycan Gürcüstan iqtisadiyyatının, özəlliklə turizm və xidmət sektorunun ayaq üstə qalmasında əvəzsiz yerə sahibdir. Ən nəhayət Gürcüstan öz tranzit imkanlarından məhz Azərbaycanın yürütdüyü qlobal enerji və nəqliyyat layihələri hesabına istifadə edə bilir, Azərbaycansız bu imkanlar sıfıra bərabərdir.  Təbii ki, regionun xüsusiyyətləri səbəbindən bu layihələrdən hər iki dövlət qazanclı çıxır, lakin Gürcüstandan fərqli olaraq Azərbaycan üçün alternativlər həmişə mövcuddur. Rəsmi Tiflis təbii ki, bu faktorları nəzərə almalıdır, daha doğrusu nəzərə almağa borcludur. Bu səbəbdən Gürcüstan ölkəmizə qarşı kampaniyada gürcü ekspertlərin istifadə edilməsinin əsl mahiyyətini anlamalı, münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməlidir. Ən əsası isə rəsmi Tiflis beynəlxalq təşkilatların gerçək hədəfinin Azərbaycan-Gürcüstan münasibətlərini korlamaq olduğunu açıqlamalıdır. Münasibətlərin korlanmasının Gürcüstana nələrə başa gələcəyini daxili ictimaiyyətə anlatmaq isə gürcü ekspertlərin payına düşər. Beynəlxalq təşkilatların əlində alət olan deyil, dövlətini sevən ekspertlərin...

 

Vüqar Məsimoğlu

APA 

Açar sözlər:

Oxunub: 1399