Şamaxıda erməni dəhşətləri


15:21     26 Avqust 2015 .amaxii.jpg

Rusiya imperiyasında baş verən 1917-ci il fevral burjua çevrilişinin nəticəsi olaraq dünyada yeni bir tarixi mərhələ başlamışdır. Müharibənin gətirdiyi aclıq və səfalətlər, eləcə də çarizmin uzun illər boyu yeritdiyi ayrı-seçkilik siyasətindən cana doymuş millətlər azad olmaq arzusu ilə mübarizəyə başlamışdılar.


1917-ci ildə Rusiya imperiyasında siyasi hakimiyyətin bir neçə dəfə dəyişməsi Azərbaycanda da təlatümlərə gətirib çıxarmışdır. Bu təlatümlər içərisində ən çox əziyyət çəkən Azərbaycan xalqı olmuşdur.

Bolşevik hakimiyyəti dövründə (1917-ci ilin noyabr - 1918-ci ilin iyul ayları) yerlərdə sovet hakimiyyəti qurmaq adı altında yeridilən antiazərbaycan siyasəti nəticəsində bolşeviklər xalqımızın dərin nifrətini qazanmışdır.

Məlumdur ki, Türkiyə, daha sonra Azərbaycan ərazisində türk-müsəlmanların kütləvi surətdə qətlə yetirilməsi və onların doğma torpaqlarından qovulmaları erməni siyasi mübarizəsinin ana xəttini təşkil etmişdir. Onların bu cinayətkar əməllərinə maddi, siyasi və hərbi dəstək verən Rusiya dövləti olmuşdur.

Bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, Azərbaycanın milli maraqlarına cavab vermirdilər. Hadisələrin sonrakı inkişafı bir daha göstərdi ki, ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm xalqımıza sonsuz qırğınlar və faciələr gətirmişdi.

Sovet tarix elmi ermənilərin bolşevik-sovet bayrağı altında azərbaycanlılara qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-basdır etmiş və hadisələrə sinfi mövqedən yanaşmaqla problemin tarixşünaslığı uzun müddət sovet ideologiyasına xidmət göstərmişdir. Erməni-rus bolşevik hökumətinin hərbi qüvvələri tərəfindən Şamaxıda sovet hakimiyyəti qurmaq adı altında türk-müsəlmanlara qarşı törətdikləri dəhşətli qırğınların üstündən sükutla keçilmişdir.

1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında qəbul etdiyi 23 qərar layihəsi və 7 cild, 952 vərəqdən ibarət təhqiqat işlərində toplanılmış materiallar ermənilərin burada törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verir.



Bakıda azərbaycanlıların soyqırımı hələ başa çatmamış, ermənilər bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar. Bununla əlaqədar olaraq N.Nərimanov yazırdı: “Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi. Bax bu suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir”.

Arxiv sənədləri arasında 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ haqqında komissiya sədrinə məruzəsi və bu işdə günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il 12 iyul tarixli qərarı və s. vardır.

1919-cu il aprel ayının 3-də Şamaxı qəza rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə (Qəbiristan, Mədrəsə və Kaşun) ermənilər tərəfindən dağıdılmış kəndlərin siyahısı göndərilmişdir. Həmin siyahıya Qəbiristan polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kəndin) adı daxil edilmişdir.

Yelizavetpol Müsəlman Milli Şurasının sədri Xasməmmədov martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki, martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış, top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın etmişdi. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdi. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdı. Təcili hökumətin köməyi lazımdır. Lakin nə Seym, nə də Cənubi Qafqaz hökuməti Xasməmmədovun bu həyəcan dolu teleqramına cavab verməmişdir.



1919-cu il martın 30-da Bakıda nəşr olunan “Azərbaycan” qəzetində (rus dilində) Şamaxı hadisəsi ilə bağlı “Şamaxının son günləri” başlığı altında çap olunmuş məqalədə ermənilərin törətdikləri qırğınların səbəbləri və bu qırğının gətirdiyi faciələr əks olunmuşdu. Qəzet yazırdı ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə, 1918-ci ilin yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər arasında müsəlmanların əleyhinə geniş əks-təbliğat aparmağa başlamışdılar. Onlar yalnız ermənilər arasında deyil, eyni zamanda malakan və yəhudilər arasında da söhbətlər aparmışdılar ki, guya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu bir yerdə yaşayan malakan və yəhudilərlə bir dəfə də olsun yerli Azərbaycan əhalisi arasında qarşıdurma yaranmamışdı. Belə bir ağır vaxtda, Şamaxını tərk edən rus əsgərləri də öz hərbi hissələri və silahlarını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaxıda azərbaycanlıların nə hərbi hissəsi, nə də silahlı dəstəsi var idi. Hətta yerli ziyalılar, xüsusən müsəlman dindarları hər hansı qarşıdurmanın baş verməməsi üçün bütün qüvvələrini sərf etmişdilər. Lakin Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şamaxıya göndərərək yerli türk-müsəlman əhaliyə qarşı dəhşətli qırğınlar törətmişdilər.

Şəhər sakinləri erməni və malakanların şəhəri mühasirəyə aldıqlarını görüb, gecə imkan tapan, ayaqyalın, başıaçıq şəhərdən qaçmış, didərgin düşmüşdülər.

Şamaxıya hücum edən erməni quldur dəstələrinin başında Stepan Lalayev (Lalayan) dururdu (Lalayan “Daşnaksütyun” və Erməni Milli Şurasının üzvü olmuşdur. Bu həmin Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında minlərlə dinc azərbaycanlının amansızcasına qətlə yetirilməsinə rəhbərlik etmişdir).

Stepan Lalayevin cinayətlərini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının topladığı faktik materiallar sübut etmişdir ki, Şamaxıda törətdiyi dəhşətli qırğınlara rəhbərlik etməsi şahid ifadələrində də öz əksini tapmışdır. Şahidlərin dediyinə görə, Lalayev özünün cinayətkar silahdaşları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni əsgər dəstəsinin başında Şamaxıya gəlmişdir. Onun quldur dəstəsi burada qadın, uşaq və qocaların gizləndiyi məscidə od vurub yandırmış, çıxıb qaçmaq istəyənləri isə güllələmişdilər. On üç məhəllə məscidi və məşhur müqəddəs Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm qibləgah, həm də qədim abidə kimi əziz idi.

Şamaxıda böyük hörmət sahibi olan Axund Cəfərquluya amansız işgəncələr verilmişdi. Ermənilər axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Azğınlaşan ermənilər şəhər başçısı Teymur Xudaverdovu, birinci Dövlət Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyevi, o cümlədən Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Hacı Əbdül Hüseyn Zeynalovu üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhmədov, Hacı Əbdülqasım Qasımov, Əyyübağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlunu amansızcasına qətlə yetirmişdilər.



Ermənilər təkcə qətlə yetirməklə kifayətlənməmiş, eyni zamanda şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərə od vurub yandırmışdılar. Abbas Səhhətin, M.Ə.Sabirin, S.M.Qənizadənin, C.Cəbrayılbəylinin, Müslüm bəyin, Hacı Qulamın, Məmmədtağı Əlizadənin, tacir Nurunun, Vahab bəyin, Murad Əfəndinin, Məşədi Əsədin (şair, müəllim Gövhər xanımın atası), Həqqi Veyisovun, Həbib bəy Mahmudbəyovun, Hacı Məmməd Əfəndinin, Nəcməddin Şirindilbəylinin və başqalarının evləri dağıdılmışdı. Bu evləri, mülkləri yandırmaqla erməni daşnakları Azərbaycan elminə, maarifinə, ədəbiyyatına, incəsənətinə, tarixinə ağır zərbə vurmuşdu. Belə ki, həmin evlərdə elə sənədlər, kitablar, əlyazmaları məhv edilmişdir ki, onları nə tapmaq, nə bərpa etmək, nə də yenidən yaratmaq mümkün deyildi.

Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatların - şahid ifadələri, zərərçəkənləri dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatlar, ölən və yaralananların siyahısı və s. əsasında 58 kənd üzrə tərtib edilmiş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə ölənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir: Nəvahi kəndində 995 nəfər azərbaycanlı öldürülmüşdü, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 60 milyon manat olmuşdur. Yəhyalı kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 22 milyon manat olmuşdur. Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdur. Kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur və s. Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən qayda üzrə aparılmışdır. Bütün aktlar Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

Ermənilər 1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum zamanı səkkiz min nəfərdən çox azərbaycanlını öldürmüş, onlardan 1653 qadın və 965 uşaq idi. Hətta, S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaxıda törətdiyi qırğınları dolayısı ilə etiraf etməyə məcbur olmuşdular.
1918-ci il aprelin 22-də Bakı fəhlə, əsgər və matros deputatları Soveti İcraiyyə Komitəsinin iclasında Şamaxı qəzasında vəziyyət haqqında qətnamə qəbul olunmuşdu. Həmin qətnamədə Fövqəladə Təhqiqat Komissiyasına (Bakı Soveti tərəfindən yaradılan bolşevik komissiyası nəzərdə tutulur-A.V.) təklif olunmuşdur ki, baş vermiş hadisələri yoxlasın və müqəssirlər aşkara çıxarılsın.

Bolşevik Kojemyakonun rəhbərlik etdiyi fövqəladə təhqiqat komissiyasının araşdırmasından sonra Lalayev həbsə alınır. Lakin Şaumyanın göstərişindən sonra o, həbsdən azad olunur. 3-4 gündən sonra isə FHK ləğv edilir.
Ayrı-ayrı partiya və sovet dövlət xadimlərinin, eləcə də 1917-1918-ci illərin siyasi proseslərində iştirak etmiş şəxslərin xatirələrində də Bakı Sovetinin erməni silahlı dəstələri tərəfindən Bakıda və Azərbaycanın başqa bölgələrində türk-müsəlmanlara qarşı törətdikləri kütləvi qətliamlar bir daha öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən xatirələrdə, eyni zamanda Lalayanın Şamaxıda törətdiyi cinayət əməllərindən də bəhs olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sorğusuna uyğun olaraq, Bakıdakı müttəfiqlərin ingilis qoşunları tərəfindən Lalayan yenidən həbs olunmuşdur. 1919-cu il noyabrın sonunda Lalayan Gəncə həbsxanasında ölmüşdür. Bolşevik Boçarov “Şamaxı faciəsi” adlı xatirəsində Şamaxıda Lalayanın daşnak quldur dəstəsinin törətdikləri dəhşətli qırğınlar və qarətlərdən bəhs etmişdir. Onun xatirəsində əhalinin qətlə yetirilməsi, onların əmlakının qarət olunması, evlərin və meyitlərin yandırılması qeyd olunmuşdu.



Boçarov xatirəsində yazırdı ki, bizim təcrübəsizliyimizdən istifadə edərək Lalayev öz ətrafına soyğunçu, quldur dəstəsi yığmış, yaşayış məntəqələrinə basqın etmiş, yerli əhalini qorxutmuş (7 mindən çox insanın qətlə yetirilməsi qorxutmaq imiş - A.V.), onların mal-qaralarını əllərindən almış, qadınları təhqir etmişdilər. Lalayev yolda Muğanlı kəndindən olan bir qadını iki qızı ilə birgə güllələmişdi.

Bolşevik Hacıyev öz xatirəsində “Şaumyanın və Caparidzenin tapşırığı ilə Şamaxıda sovet hakimiyyətini təşkil etmək üçün Məşədi bəylə (Hacıyev Məşədi Əzizbəyovu bu cür cağırırdı-A.V.) Şamaxıya getmələrindən, burada daşnaklar tərəfindən onları öldürməyə cəhd göstərmələrindən, Aram Mirzəbekyanın “Məşədi bəy köhnə bolşevikdir” deməsi də erməniləri sakitləşdirmədiyindən, türkdür, deməli, öldürməliyik demələrindən, lakin Aram Mirzəbekyan tərəfindən xilas olmalarından bəhs etmişdir. Hacıyev yazırdı ki, Mədrəsəyə gələndə burada insanlara əzab verildiyinin, qadınların zorlandıqlarının, ermənilərin hamısının sərxoş olmalarının və dəhşətli özbaşınalıqlar törədiklərinin şahidi olduq. Daha sonra Hacıyev “bir aydan sonra Şamaxıdan Bakıya qayıdan Məşədi bəy vəziyyətlə bağlı Baksovetə məruzə etdiyini, xüsusi səlahiyyətlər verilmiş Sərdarovla Stalinqrada getmələrini, Stalinqradda Stalinlə görüşdüyünü, Şaumyanın məktubunu ona verməsini” qeyd etmişdir. Məktubda yazılırdı ki, Şaumyan mart hadisələrinin çox uğursuz olduğundan Bakıda uzun müddət qala bilməyəcəyini bildirirdi. Stalin isə “siz düzgün yanaşmadınız, bir milli qrupu digərinə qarşı qoydunuz” demişdir.

Beləliklə, çoxsaylı arxiv sənədləri və elmi-tədqiqat əsərləri sübut edir ki, erməniləri silahlandıran, onları dinc türk-müsəlman əhalisinin üzərinə göndərən Şaumyan olmuşdur. Məhz bunun nəticəsi olaraq 1918-ci ilin martında Şaumyanın tapşırıqlarını həyata keçirən erməni silahlı dəstələri Şamaxıda səkkiz mindən çox türk-müsəlmanı qətlə yetirmiş, onlara məxsus əmlaklar qarət olunmuş və ictimai binalar yandırılmışdı.

1918-ci ildə silahlı daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda ən böyük qırğın Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olmuş, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar vermişdir. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılmışdır. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlətimizin başçısı daim diqqətdə saxlamışdır.

2013-cü il may ayının 18-də Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir.

İstinad olunub:

"Azərbaycan" qəzeti

Femida.az

Açar sözlər:

Oxunub: 3771