“Mehriban Əliyeva sanki, muğamşünasdır” - Mənsum İbrahimov


16:58     26 Avqust 2015 1381573295_m1.jpg

Bu gün qədim tarixə malik olan xalq sənətimiz muğamın günüdür.


Femida.az tanınmış xanəndə və pedoqoq, xalq artisti Mənsum İbrahimovla müsahibəni təqdim edir:

-Bu günün muğam günü kimi qeyd edilməsinin təşəbbüskarı kimdir?

- Muğam gününün məhz bu gün qeyd edilməsi heç də təsadüfi deyil. Bildiyiniz kimi ölkəmizdə 5 televiziya və 4 beynəlxalq muğam müsabiqəsi keçirilib. Nəticədə bütün bölgələrdən istedadı olan uşaqları seçib üzə çıxardırıq. Bu işdə bizi dəstəkləyən Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın rolu danılmazdır. Mehriban xanım muğama o qədər bağlıdır ki, sanki, özü də muğamşünasdır. Bu insanın adı muğamla sıx bağlıdır. Mehriban Əliyeva Azərbaycan mədəniyyətini, xalqını çox sevir. Bizimlə görüşəndə həmişə fikrimizi, problemimizi, səhhətimizin vəziyyətini soruşur. Muğam gününün Mehriban xanımın ad günü ilə eyni vaxtda olması böyük hadisədir. Yeri gəlmişkən, Mehriban xanımı ürəkdən təbrik edirəm. O, xanımın digər sahələrdə olduğu kimi muğamımızın inkişafında rolu böyükdür. Mehriban xanım bu sənətə xüsusi stimul verdi. Dövlətin diqqətindən sonra gənclərin bu sənətə marağı daha da artdı.



-20-30 il əvvəl Azərbaycan muğamı və bu gün. Hansı fərqli cəhətlər var?

-Mən o dövrü də görmüşəm. Amma bu gün dövlətimiz o qədər inkişaf edib ki, digər sahələrdə olduğu kimi muğamı o illərlə müqayisə edəndə böyük fərq olur. O illərdə uşaq musiqi məktəbində muğam dərsi üzrə müəllim idim.O illərdə əlində tar, kamança musiqi məktəbinə gələn az adama rast gəlmək olurdu. Hamı sintezator müəlliminin yanına qaçırdı. Hamısı şou arxasınca düşmüşdü.Amma bu gün vəziyyət tam başqadır. Dövlətin həm maddi, həm də mənəvi cəhətdən sənətçiyə dəstək olması bu sahəyə marağı artırır. Bu gün hansısa sənətkara pis hadisə üz verəndə, problemi olanda dövlət o saat onun yanında olur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bütün xalqımızı əziz muğam günü münasibəti ilə təbrik edirəm. Həmçinin, Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edirəm. Biz hesab edirik ki, Mehriban xanım muğam ifaçılarının dayağıdır.



-Sənət adamı toya getməlidirmi?

-Bu sualçox müzakirə olunur. Pis baxmıram. Bu həmişə olub.Toy da bizim xalqın şad günüdür. Sənətkar dolanışığa görə toyda iştirak edirsə, burada pis cəhət yoxdur. Amma sənətçi sənətini də unutmamalıdır. Çünki, tarixdə qalan yazılan disklər olur.

-Siz toya gedirsiniz?

-Çox az gedirəm. Ancaq tanış, dostların toyuna gedirəm. Çünki, mənim vaxtım çox azdır. Həm pedoqoji fəaliyyət, həm də opera və ifaçılıq var. Bu səbəbdən də digər işlərə vaxt az qalır.

-Gənc muğam ifaçılarından kimi bəyənirsiz?

-Yaxşı ifaçılar çoxdur. Əməkdar artist Təyyar Bayramov, Arzu Əliyeva, Aytən Məhərrəmli və s. Təyyar Bayramov mənimlə bərabər artıq konservatoriyda müəllimdir. Belə hal bizi çox sevindirir. Heç vaxt bu qədər bizim sənətə axın olmayıb.



-Muğamda improvizasiyaya necə baxırsınız?

-Muğama heç kim heç nə edə bilməz. O, elə bir abidədir ki, ona heç nə əlavə eləmək və qopartmaq olmaz. Alim Qasımov bizim böyük sənətkardır. Biz fəxr duyuruq ki, belə sənətkarımız ölkəmizi təbliğ edir. Hərənin bir yolu var. Mənim də yolum klassik yoldur. Muğamımız illərdən süzülüb gəlib.

-Bir sənətkarın ən böyük arzunuz nədir?

-Mənim ən böyük arzum Şuşada muğam konserti verməkdir. O, zaman mən ən böyük arzuma çatmış olaram. Torpaqlarımız muğama həsrət qalıb. Hiss edirəm ki, yaxın illərdə baş tutacaq. Cıdır düzündə konsertlər təşkil edəcəyimizə inanıram.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5274


Oxşar xəbərlər