Məktəbə uşaq yola salmaq neçəyə başa gəlir?


19:04     26 Avqust 2015 359628.jpg


Eyyub Hüseynov: "Hazırda bazarda məktəbli ləvazimatlarına tələbat olduğu üçün satıcılar qiyməti qaldırır"

"Aidiyyəti qurumlar əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirləri daha da gücləndirməlidir"

Yeni dərs ilinin başlamasına bir aydan da az vaxt qalıb. Vaxt yaxınlaşdıqca şagirdlərlə yanaşı, valideynlərin də həyəcanı artır. Xüsusilə övladı birinci sinfə gedəcək valideynlərin həyəcanı birəbeş artır. Çünki onun övladı məktəb həyatına ilk dəfə qədəm basacaq. Valideyn istəyir ki, övladı hər kəsdən üstün olsun.
Valideynlərin həyəcanı uşaqlarına edəcəyi məktəb bazarlığı və bu bazarlığın onlara neçəyə başa gələcəyi ilə bağlıdır. Çünki məktəblərin açılmasına hələ bir müddət qalmasına baxmayaraq, qiymətlər od tutub yanır.

Qeyd edək ki, valideynlərin xərci əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bunun da səbəbi kitabların dövlət tərəfindən şagirdlərə paylanmasıdır. Amma buna baxmayaraq, şagirdlərin istifadə edəcəyi məktəb ləvazimatlarının qiyməti heç də ürəkaçan durumda deyil.

Qeyd edək ki, məktəbli üçün lazım olan ləvazimatların satış qiyməti onların satıldığı məkandan asılı olaraq dəyişir.
Birinci sinfə gedəcək şagirdlər üçün nəzərdə tutulan ləvazimatların da qiyməti baha olur. Alıcı istəyir ki, övladı daha keyfiyyətli yemək qabı və ya su qabından istifadə etsin. Təbii ki, keyfiyyətli ləvazimatların qiyməti saxta mallardan fərqli olaraq baha olur. Belə ki, balacalar üçün nəzərdə tutulan yemək qabı 5-10 manat, su qabı 2-15 manat, rəsm albomunun qiyməti isə 40 qəpik-3 manat arasında dəyişir.

Məlum olduğu kimi, məktəbli geyimi Bakı Tikiş Evi tərəfindən hazırlanır. Siniflər üzrə geyimin qiyməti dəyişir. Birinci sinfə gedəcək bir uşağın geyimi 40 manata başa gəlir. Bura pencək, jilet, şalvar (qızlara isə ətək) daxildir. Ağ köynək üçün valideyn əlavə olaraq 5 manat ödəməlidir.

Məktəblinin xərci bununla bitmir. Valideyn uşağın təhsili üçün müxtəlif növ iş dəftərləri və sinifdənxaric oxu üçün kitab almalı olur. İş dəftərlərinin qiyməti də fəndən asılı olaraq dəyişir. Bir valideynə məktəbə yola salacaq övladı üçün bir neçə fəndən iş dəftəri almaq azı 30 manata başa gəlir.

Məktəblilərin istifadə etdiyi çantaların qiyməti 14-100 manat arasında dəyişir. Dəftərlər 10 qəpikdən 80 qəpiyədəkdir, qələmlər 8-10 qəpikdən başlayır, pozanlar 10-60 qəpiyədir. Rəngli karandaşların qiyməti 1 manatdan başlayır, 3, 5, 7 manatarası dəyişir. Bir şagirdin 1-ci sinif üçün tam məktəb ləvazimatları ilə təmin olunmasına, məktəbli forması daxil olmadan, orta hesabla 40-60 manat lazımdır. Hazırda bir sıra məktəbli ləvazimatı üzrə qiymətlər aşağıdakı kimidir: 100 vərəqli dəftərlər 50 qəpik-1 manat, sadə karandaş 10-50 qəpik, xətkeş 20-50 qəpik, pozan 20 qəpik-1 manat, flomastr 1-6 manat, qələm qabı 2-5 manat, rəngli kağız 80 qəpik-3 manat, qovluq 3-5 manat, yapışqan 50 qəpik-2 manat.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, ictimai nəzarət olmasa, bu cür hallar davam edəcək: "Məlumdur ki, bazarda bu mallara tələb artıb. Hər bir seqment müəyyən qurumların əlindədir və qiyməti onlar müəyyən edir. Baxmayaraq ki, ölkə Prezidenti dəfələrlə bazarda inhisarçılığın mövcudluğunu dilə gətirib, kartel sövdələşmələri, yəni qiymətlərin razılaşdırılmamış qoyulmasının qarşısının alınması barədə tapşırıqlar verir, bununla belə, hər il bu iş təkrarlanır.

Bu sahədə ən dəhşətli vəziyyət isə məktəbli formaları ilə bağlıdır. Məktəbli formalarını tikən qurum özünün hökmran mövqeyindən istifadə edərək uşaqlara uyğun olmayan formaları çıxartdırır. Bakı Tikiş Evinin arxasında da 40 minlik müəllim ordusu və böyük bir nazirlik durur. Ona görə də hökumət gərək bunun standartlarını müəyyənləşdirib elan etsin. Bazar tam liberallaşsın və kim hansı ölkədən necə məktəbli forması istəyirsə, gətirib satsın. Lakin bunu etmirlər. Eləcə də məktəbli çantalarında problemlər var. Düşünürəm ki, bazar bu sahədə liberallaşmalıdır.

Bu sahəyə müvafiq dövlət qurumları, İqtisadiyyat və Sənaye Nazirliyi ciddi nəzarət etməlidir. Adıçəkilən dövlət qurumları əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirləri daha da gücləndirməlidir. Bunların da səhv cəhəti odur ki, onlar kütləvi informasiya vasitələri ilə, ictimai təşkilatlarla mütəşəkkil işləmirlər. Baxmayaraq ki, ölkə Prezidenti 28 May Respublika Günündə çıxış edərək ölkədə ictimai nəzarətin vacib olduğunu dedi. Amma dövlət qurumu istəyir ki, ictimai nəzarəti daim öz əlində saxlasın. Bu da çox səhv fikirdir. Nə qədər ki, ictimai nəzarət zəifdir, bu cür hallar baş verəcək".


Açar sözlər:

Oxunub: 1171