Torpaq vergisinin ödənmə qaydası açıqlanıb - NAZİRLİK


01:40     27 Avqust 2015 19266.jpg

Azərbaycanda torpaq vergisinin ödənilməsi ilə bağlı qaydalar açıqlanıb.


Femida.az-ın Azərtaca-a istinadən məlumatına görə, ölkə ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləri hesab olunurlar. Torpaq vergisi torpaq mülkiyyətçiləri və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq torpağın sahəsinə görə illik hesablanır.

Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tətbiq edilir. Fiziki şəxslər və bələdiyyə müəssisələri torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra bələdiyyələrdə bir ay müddətində uçota durmalıdırlar.

Kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş bir şərti balın qiyməti 6 qəpikdir.
Fiziki şəxslərin torpaq vergisi bələdiyyələr tərəfindən hər il iyulun 1-dək hesablanır və ödənilməli olan torpaq vergisinin məbləğini özündə əks etdirən tədiyyə bildirişi avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Açar sözlər:

Oxunub: 1200