“Zamin olmadan öncə fikirləşin” – ekspert məsləhəti


04:19     27 Avqust 2015 vuqarbayramov3.jpg

“Son zamanlar ən çox müraciət edilən məsələlərdən biri kredit götürüləndə zamin olan vətəndaşlarımızın bir sıra hallarda sonradan həmin borcu qaytarmağa məcbur olmasıdır”.


Femida.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov şəxsi “Facebook” səhifəsində bildirib. O, qeyd edib ki, bəzi zamin olan vətəndaşlarımız isə hətta bankla bağlanan müqavilədə kreditin qaytarılmasında problem olduğu halda onun bankda olan kart hesabından pulun çıxılmasına da razılıq verdiyindən sonradan borc qaytarıla bilməyəndə hesabdan vəsait azaldılır:

“Apardığımız monitorinqlər göstərir ki, əksər hallarda zamin olan şəxslər oxumadan müqaviləni imzalayıblar. Məsələn, bizim mərkəzə müraciət edən vətəndaşlarımızdan biri qeyd edir ki, onun əmək haqqı kartı olan bankdan başqası kredit götürüb və o da zamin durub. Cəmi 1-2 ay sonra kredit götürən borcu qaytarmaqdan imtina edib. Bəlli olub ki, zamin olan vətəndaşımızın oxumadan imzaladığı müqavilədə borc götürənin pulu qaytara bilmədiyi halda pulun onun hesabından çıxılması barədə bənd var. Borc götürən isə pulu banka ödəməkdən imtina edib. Bu isə o deməkdir ki, formal prosedura kimi bildiyi zaminlik müqaviləsi onun üçün ciddi xərc yaradıb”.

Ekspert vurğulayıb ki, əksər hallarda isə kredit götürən şəxs zaminliyin formal olduğunu deyərək zaminləri cəlb edir:

“Bəzi hallarda isə müraciət edilən şəxs zaminlik ilə bağlı ona müraciət ediləndə utanır və yox demir. Nəticədə isə krediti bir şəxs götürür xərcləyir qaytarmır, o puldan xəbəri olmayan zaminin hesabından isə aylıq pul çıxılır. Buna görə də, zamin olmadan öncə fikirləşin: kredit qaytarıla bilməyəndə həmin pulu qaytarmağa hazırsınızmı? Bankla bağlıdığınız müqaviləyə əsasən zamin təxminən borc götürən qədər məsuliyyət daşıyır. Kredit qaytarıla bilməyəndə zamin həmin borcun qaytarılmasına şərik edilir. Ona görə də, çalışın yaxından tanımadığınız, ödəmə qabiliyyətini tam bilmədiyiniz insana zamin olmayın. Nəzərə alın ki, çox fərqli səbəblərdən istənilən kreditin ödənilməsində problemlərin olması heç zaman istisna edilmir”.

Açar sözlər:

Oxunub: 1133