Məktəbdə azyaşlı qızla cinsi əlaqədə olan oğlanı hansı cəza gözləyir? - QANUN


23:30     11 Fevral 2018 18_02_11_1518363639.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfəki mövzu yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olduğu zaman yaranan məsuliyyətlə bağlıdır.


132-134 saylı Təhsil Kompleksində məktəbin geyinib-soyunma otağında gizli kamera vasitəsi ilə çəkilən video geniş müzakirələr səbəb olub. Videoda 11-ci sinif şagirdi 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olur. Gənc oğlan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 150.3.3. maddəsi ilə (aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli əməllər törətmək) cinayət işi başlanılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə,təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə— səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq hansı məsuliyyət yaradır?

Mövzu ilə bağlı şərh verən vəkil Asif Abdullayev bildirib ki, 16 yaşına çatmayan şəxslə hətta könüllü cinsi əlaqə cinayət məsuliyyətinə səbəb olur.

“16 yaşına çatmayan istər qız, istərsə də oğlanla (misal üçün, yaşca böyük qadın və ya kişi 15 yaşlı oğlanla cinsi əlaqəyə girsə) könüllü cinsi əlaqə cinayət məsuliyyəti yaradır.

Əgər cinsi əlaqədə olan şəxslər arasındakı yaş fərqi iki ildən çox deyildirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

Cinsi əlaqənin yaş məhdudiyyəti ona görə müəyyən edilir ki, müəyyən yaşa qədər şəxs cinsi yetkinlik yaşına çatmamış olur və erkən cinsi əlaqə həmin şəxsin həm mənəvi inkişafına mənfi təsir göstərir, həm də tibbi cəhətdən 16 yaşa çatmamış şəxsin sağlamlığına ziyan vura bilər.”






Azərbaycanda cinsi yetkinlik yaşı neçədir?

Vəkil Asif Abdullayevin sözlərinə görə, bəzi ölkələrdə cinsi yetkinlik yaşı 13, 12, hətta 9 yaş müəyyən edilib (Yəmən, Meksika, Argentina və sair). Azərbaycanda isə cinsi yetkinlik yaşı 16-dır.

16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olanları hansı cəza gözləyir?

Cinayət məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu tip əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.


Miri Məcidli
Femida.az


Açar sözlər: #Zorlanma   #Azyaşlı   #İntim   #Məktəbli    

Oxunub: 26921