Cəlilabadda Alov festivalı keçirilib - FOTOLAR


14:10     04 May 2015 80dd2459ed6ce141cc69c0f8079b9250.jpg

I Avropa Oyunlarının məşəli bu gün Biləsuvar və Cəlilabad rayonlarından keçirilib.


Femida.az-ın məlumatına görə, rayon mərkəzində kitabxanaçı Səbinə Hüseynzadənin başladığı estafetdə məşəli boks üzrə Azərbaycan çempionu, məşqçi Emil Məmmədov, enşin karate üzrə üçqat dünya və ikiqat Avropa çempionu, məşqçi Azər Əhmədov, xoreoqrafiya ustası Aygün Novruzova, ictimai fəallar Sərraf Hüseynov, Ləman Yüzbaşova, Nuranə Əliyeva və Daşqın Qəmbərov, boks üzrə dünya çempionatının yeniyetmə və gənclər arasında çempionu, ustalar arasında bürünc medalçısı Emil Məhərrəmov növbə ilə daşıyıblar. Heydər Əliyev meydanında qurulmuş səhnədə çırağı estafetin son iştirakçısı, peşəkar kikboksinq üzrə Avropa kəmərinin sahibi, beşqat dünya çempionu Ehram Məcidov alovlandırıb.

Sonuncu məşəldən alovlandırılan Avropa Oyunlarının çırağını daşımaq yeniyetmə sərbəst güləşçi İqbal Aslanova həvalə olunub. Çıraq Oyunların sonuna qədər Heydər Əliyev Mərkəzində saxlanılacaq.

Daha sonra məşəl Cəlilabada gəlib. Bu rayonda məşəl estafetini boksçu, yeniyetmələrin dünya çempionatının gümüş mükafatçısı İsmayıl Hüseynov başladıb. Daha sonra sərbəst güləş üzrə məşqçi Ceyhun Ağamalıyev, bədən tərbiyəsi və idman müəllimi Feyruz Quliyev, kunq-fu məşqçisi Aqil Mustafayev, kənd təsərrüfatı mühəndisi Zaur Tağıyev, ictimai fəallar Ziya Quliyev, Kamran Əsgərzadə, yunan-Roma güləşi üzrə məşqçilər - SSRİ idman ustası Natiq Rzayev, Anar İstamov və eləcə də, Bakı 2015-in rəsmi partnyorlarından olan P&G-in nümayəndəsi Elyar Hüseynov Alov Festivalının məkanına doğru yürüyüblər. Son yürüşçü, ictimai fəal Elçin Hüseynovun səhnəyə qalxaraq, çırağı alovlandırması ilə festival başlayıb.
Qeyd edək ki, I Avropa Oyunları, ümumilikdə, 20 idman növüüzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio de Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

I Avropa Oyunlarının məşəli Atəşgah Məbədindən götürülmüş alovla aprelin 27-də Bakıdan yola salınıb və iyunun 7-də paytaxta qaytarılana qədər, təxminən 5.500 km məsafə qət edəcək.

66 sm hündürlüyü olan məşəlin Bakı 2015 brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Başlığın üzərində 50 xüsusi element də yer alıb ki, onlar Oyunlarda iştirak edən 50 Avropa ölkəsini əks etdirir.

Məşəl səyahətində 150 yaradıcı komanda, 132 nəqliyyat vasitəsi də iştirak edəcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub. Bakı 2015-in Ulduz elçiləri estafetlərdə vəölkənin digər bölgələrində keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Estafet boyunca hər regionu əhatə edəcək Alov Festivalı nəzərdə tutulur. Festivallar 15 rayon vəşəhərdə - Naxçıvan, Lənkəran və Cəlilabaddan sonra, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı, Quba, Qobustanda nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 710