Narkomanlar məcburi müalicəyə cəlb oluna bilərmi?


17:00     21 Noyabr 2019 1446207571_1132.jpg


Narkomanların sosial və psixi reabilitasiyası, müalicəsi, cəmiyyətə inteqrasiya etməsi, təcrid durumundan çıxması həmişə müzakirə mövzusu olub. Sözsüz ki, bir narkomanın yenidən həyata qaytarılması üçün ilk tələb olunan şərt onun müalicəyə cəlb olunmasıdır.

Bəs, görəsən Azərbaycanda narkomanlar hansı halda məcburi müalicəyə cəlb olunur?

İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsində qeyd olunur ki, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur.

Həmin maddədə göstərilir ki, məcburi müalicənin məqsədi həmin şəxslərin səhhətini, psixoloji vəziyyətini yaxşılaşdırmaq, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onları normal həyat tərzinə qaytarmaq, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və yeni inzibatı xətalar törədilməsinin qarşısını almaqdır.

Onu da nəzərə almaq lazımdır ki, barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar.

İXM-in sözügedən maddəsində qeyd olunur ki, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.

Qeyd edək ki, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.

Femida.az

Açar sözlər: #Narkoman  

Oxunub: 3515