500-dən yuxarı bal toplayanlar BDU-nu seçib


21:01     06 Sentyabr 2017 BDU%20teze%20korpus7.jpg

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür.


BDU-nun Mətbuat və informasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, universitetin bakalavriat səviyyəsinə Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfər qəbul edilib. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 390, 500-700 arası bal toplayan 1500 nəfər BDU-nu seçib ki, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil edir.

Qeyd olunub ki, bu göstərici ötən tədris ili ilə müqayisədə 204 nəfər çoxdur. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçimi də BDU olub. Riyaziyyat, Hüquq, Azərbaycan dili və ədəbiyyatı, Tarix, İqtisadiyyat, Dövlət və ictimai münasibətlər ixtisaslarına 500-dən yuxarı bal toplayanlar qəbul olub. Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 22 mindən çoxdur. Bu tədris ilində BDU-nun SABAH qruplarında təhsil alan tələbələrin sayı 172 nəfərdən 250 nəfərə qədər yüksəlib. Eyni zamanda, bu il SABAH qruplarına 10 ixtisas üzrə qəbul aparılıb ki, onlardan Psixologiya və Biologiya müəllimliyi yeni ixtisaslardır. Ümumilikdə, BDU-nun SABAH qrupları tələbələrinin sayı 595 nəfərdir.

Bu il Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsində Korreksiyaedici təlim adlı yeni yeni ixtisas açılıb.
BDU-nun Qazax filialına 13 ixtisas üzrə tələbə qəbulu aparılıb və bu ötən tədris ili ilə müqayisədə üç dəfə artıqdır. Həmin ixtisaslardan Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya biologiya müəllimliyi, Sosial iş, Tarix, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi yeni ixtisaslardır. Bu il filiala Bakı şəhəri də daxil olmaqla, 54 şəhər və rayondan 400 nəfər tələbə qəbul olub.

Məlumata görə, bu il BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyindən məzun olan 46 nəfərdən 13-ü 600-dən artıq bal toplayıb. Həmin məzunlardan 7 nəfəri qızıl, 1 nəfəri gümüş medal alıb, 9 nəfər isə fərqlənmə attestatına layiq görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 770