Alimentin miqdarı necə müəyyənləşir? – Hüquqi ŞƏRH


15:40     07 Sentyabr 2017 alimenttt35.jpg


Boşanan cütlüklər arasında ən çox mübahisə doğuran amillərdən biri də aliment məsələsidir. Belə ki, bir çox hallarda alimentin verilməsi ilə bağlı valideynlər arasında yaranan mübahisə məhkəməyə qədər gedib çıxır.

Bəs, görəsən uşaqların saxlanılması üçün aliment hansı məbləğdə alınmalıdır?

Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı göstərilib.

Həmin maddəyə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.


Sözügedən maddədə həmçinin qeyd olunur ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Həmin Məcəllənin 78-ci maddəsində uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması qaydaları da öz əksini tapıb. Belə ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 11713