Mətbuat Şurası şikayətlərə baxdı


21:27     08 Sentyabr 2017 dsc-7672.jpg

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.


Şuradan Femida.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan Mətbuat Şurasının sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda müzakirə edilən ilk məsələ "HGC Group" MMC-nin "Dövrün nəbzi" informasiya portalına (dovrunnebzi.com) qarşı şikayəti olub. Müzakirələr gedişində qərara alınıb ki, sözügedən saytla əlaqədar məsələ ətraflı araşdırılmaq üçün Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının müzakirəsinə təqdim olunmalıdır. Eyni rəy “Nia.az” saytına qarşı da çıxarılıb. Sözügedən informasiya vasitəsi ilə bağlı şikayətin müəllifi Neftçala Elektrik Şəbəkəsi olub.
Neftçala Elektrik Şəbəkəsinin şikayət etdiyi növbəti sayt “Reallıq.info” olub. Bu saytın iclasda iştirak edən təmsilçisinin diqqətinə çatdırılıb ki, informasiya orqanının fəaliyyətindəki peşə prinsiplərinə zidd hallar tezliklə aradan qaldırılmalıdır. Əks halda məsələyə yenidən qayıdıla və Şuranın səlahiyyətləri çərçivəsində ən sərt ölçü tədbiri nəzərdən keçirilə bilər.

“Azərkontrakt” Səhmdar Cəmiyyətinin “Avtomobil nəqliyyatı” Təsərrüfatının “Təzadlar” qəzetinə qarşı şikayəti ilə bağlı rəydə bildirilir ki, cavabdeh kütləvi informasiya vasitəsi təqdim etdiyi materialda dəqiqləşdirmə aparmalıdır. Qəzetin baş redaktoru Asif Mərzili bu tələbin yerinə yetiriləcəyini vurğulayıb. Bununla da məsələ qapanmış hesab edilib.

İclasda müzakirə edilən növbəti məsələ vətəndaş Azər Xəlilovun “Azpolitika.info” saytında dərc edilmiş və digər informasiya portallarında da yer almış materialdan şikayəti olub. “Azpolitika.info” saytına xəbərdarlıq olunub və gələcəkdə oxşar yanlışlıqlara yol verməmək tövsiyə edilib.

İmişli rayonundan bir qrup vətəndaşın “Həqiqət və reallıq” qəzetinə, həmçinin vətəndaş Elnur Əliyevin Kazımov Teymur Mərdan oğluna və Əliyeva Səidə Əkrəm qızına qarşı şikayətləri isə hər iki məsələnin artıq məhkəmə müstəvisində araşdırıldığı nəzərə alınaraq gündəlikdən çıxarılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 880