Naxçıvan Ali Məclisində müşavirə


14:53     29 Avqust 2015 Capture35.JPG

Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Bu gün ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən tədbirlər əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verir. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında da ilin bütün fəsillərində əhali dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunur. Payız-qış mövsümünə əvvəlcədən hazırlıq işlərinin görülməsi də bu məqsədə xidmət edir.


Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Müşavirədə Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamı Abdullayev, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada payız-qış mövsümünə hazırlıq işləri hər il diqqət mərkəzində saxlanılır. Görülən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri elektrik enerjisi və təbii qazla tam təchiz olunub. Bu isə öz növbəsində imkan verir ki, qış aylarında mənzillər, inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri qızdırılsın, yaranan çətinliklər aradan qaldırılsın, fasiləsiz iş təmin olunsun. Bu gün muxtar respublikada enerji təhlükəsizliyi təmin olunub. 7 elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyalar vasitəsilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı ödənilir. Lakin məskunlaşma səviyyəsinin ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə olan tələbatı artırır. Artan tələbata uyğun olaraq ənənəvi enerji mənbələri ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrindən də istifadə diqqət mərkəzində saxlanılır, muxtar respublikanın relyef və iqlim xüsusiyyətləri nəzərə alınaraq yeni stansiyaların quraşdırılması davam etdirilir. Hazırda Ordubad rayonu ərazisində 36 meqavat gücündə su elektrik stansiyasının, Babək rayonunun Xal-xal kəndi yaxınlığında isə 20 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi davam etdirilir. Energetika infrastrukturunun yenilənməsi də nəzarətdə saxlanılır, mövcud yarımstansiyalarda yenidənqurma işləri aparılır. İstehlakçıların təbii qazla təchizatının daha da yaxşılaşdırılması, yol verilmiş itkilərin minimal həddə saxlanılması istiqamətində işlər davam etdirilir. İstismar müddətini başa vurmuş, qəzalara və qaz sızmalarına səbəb ola biləcək xətlərin dəyişdirilməsi üçün tədbirlər görülür.

Qeyd olunub ki, muxtar respublikada yay mövsümündə elektrik enerjisinə olan gündəlik tələbat 80-85 meqavat, təbii qaza olan tələbat 700 min kubmetrdir. Qış mövsümündə elektrik enerjisi tələbatı 45-50 meqavat, təbii qaz tələbatı isə 1 milyon 700 min kubmetr təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.

Ali Məclisin Sədri müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verərək deyib: Dövlət Energetika Agentliyi qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsini sentyabr ayı ərzində təmin etməli, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıq və xətlərinin yenilənməsini diqqət mərkəzində saxlamalıdır. Naxçıvan şəhərində yerüstü elektrik xətlərinin yeratlı kabellərlə əvəz olunması və smartkart tipli sayğacların quraşdırılması davam etdirilməli, enerji israfçılığına yol verilməməli, texniki itki minimum həddə saxlanılmalı, elektrik enerjisindən qanunsuz istifadənin qarşısı alınmalı, istehlakçılar arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır. Dövlət Energetika Agentliyinə tələb olunan mal-material, avadanlıqlar alınıb gətirilməli və zəruri ehtiyat yaradılmalı, işçilərin qış mövsümünə uyğun xüsusi geyimlə təminatı üçün tədbirlər görülməli, qəza-bərpa briqadalarının komplektləşdirilməsi və onların təlimatlandırılması işi oktyabr ayının sonunadək başa çatdırılmalıdır.

Müşavirədə davamlı və dayanıqlı təbii qazla təminat sahəsində qarşıda duran vəzifələrdən də danışan Ali Məclisin Sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə tapşırıb ki, qaz təchizatı sistemində texniki baxış tədbirlərini qısa müddətdə həyata keçirsin, nasazlıqları vaxtında aşkar edərək aradan qaldırsın və təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görsün. Yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqlarının müəyyən edilərək yenilənməsinə nəzarət artırılmalı, sayğacdankənar istifadə hallarının qarşısının alınması üçün tədbirlər görülməli, Naxçıvan şəhərində mövcud sayğacların smartkart tipli sayğaclarla əvəzlənməsi davam etdirilməlidir. Yeni qaz xətləri çəkilərkən və ya bərpa işləri aparılarkən mövcud standartların tələblərinin gözlənilməsi diqqətdə saxlanmalıdır. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması davam etdirilməli, işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması üçün tədbirlər görülməlidir.

Ali Məclisin Sədri payız-qış mövsümünə hazırlıqla bağlı şəhər və rayon icra hakimiyyətlərinin qarşısında da mühüm vəzifələr durduğunu bildirərək deyib: Cari il noyabr ayının 1-dək qazanxanalarda elektrik enerjisi, təbii qaz və su təchizatı məsələləri araşdırılıb, nöqsanlar aradan qaldırılmalıdır. İctimai yaşayış binalarının zirzəmilərindən keçən istilik, su və kanalizasiya xətlərinin istismara yararlılığı araşdırılmalı, həmin binaların qış mövsümünə hazırlığı üçün müvafiq tədbirlər görülməlidir. Həmçinin kommunal xidmət texnikalarının saz vəziyyətdə olması nəzarətdə saxlanmalı, qış mövsümündə yolların vaxtında təmizlənməsi təmin edilməlidir.

Diqqətə çatdırılıb ki, muxtar respublikanın təhsil, səhiyyə və mədəniyyət obyektlərinin əksəriyyəti, idman müəssisələrinin isə hamısı istilik sistemi ilə təchiz olunublar. Lakin hələlik bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bu müəssisələrin qış mövsümündə normal fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməli, muxtar respublikada zəruri yanacaq ehtiyatlarının yaradılmasını aid təşkilatlarla birlikdə diqqət mərkəzində saxlamalıdır.

Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilib. Qeyd olunub ki, Nəqliyyat Nazirliyi qış aylarında marşrut xəttinə buraxılan nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkətini və texniki sazlığını diqqətdə saxlamalıdır. Avtomobil Yolları Dövlət Şirkəti tabeliyində olan maşın və mexanizmlər üçün vacib hissələrin ehtiyatının yaradılmasını və qum tədarükünü təmin etməlidir. Naxçıvan Beynəlxalq Hava Limanı uçuşların təhlükəsizliyi üçün davamlı olaraq bütün elektrik-işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışını həyata keçirməli, tələbata görə yanacaq və mal-material ehtiyatı yaradılmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmiryolu nəqliyyatında qış aylarında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır.

Şəhər və rayon icra hakimiyyətləri, eləcə də aid nazirliklər təhsil və digər sosial obyektlərin mühafizəsinə diqqəti artırmalı, dövlət əmlakı qorunmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görməli, peşə məktəblərində bu sahə üzrə ixtisaslı kadrlar hazırlanmalıdır. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalıdır. Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təmin olunmasına nəzarəti gücləndirməlidir. İqtisadiyyat və Sənaye Nazirliyi istehlakçı tələbatının ilin bütün fəsillərində keyfiyyətli məhsullarla ödənilməsi üçün mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünə nəzarəti artırmalı və məhsulların xüsusiyyətləri nəzərə alınmaqla anbar şəraitində saxlanılması üçün müvafiq tədbirlər görməlidir. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidməti heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanması üçün maarifləndirmə tədbirləri görməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələrinin ehtiyatlarının yaradılmasını diqqətdə saxlamalıdırlar.

Ali Məclisin Sədri deyib: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatına diqqəti artırmalıdır. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi qış aylarında abonentlərə keyfiyyətli xidmət göstərilməsi üçün tələbat həcmində mal-material ehtiyatı yaratmalı, xətt təsərrüfatının etibarlılığı daha da artırılmalıdır. Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi üçün elektrik enerjisi, təbii qaz və neftdən istifadə ilə bağlı əhali arasında və təhsil müəssisələrində maarifləndirmə işini davam etdirməlidir. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitələri standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verməməlidirlər. Bu barədə istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.

Qeyd olunub ki, qış mövsümündə muxtar respublika ərazisindəki hərbi hissələrdə şəxsi heyətin ərzaq məhsulları ilə təminatına xüsusi diqqət yetirilməli, tədarük olunan məhsulların keyfiyyəti diqqət mərkəzində saxlanmalıdır. Sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini davam etdirməli, payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidirlər. Muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün vaxtında müvafiq tədbirlər görülməlidir. Aidiyyəti orqanlar ötən payız-qış mövsümündə buraxılan nöqsanları təhlil etməklə, həmin nöqsanlara bir daha yol verilməməsinə çalışmalı, yerlərdə müzakirələr aparılmalı və verilən tapşırıqlar vaxtında icra olunmalıdır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsünü təsdiq etsin və zəruri yanacaq və avadanlıqların alınmasını təmin etsin. Payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının 20-dək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verilməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Açar sözlər:

Oxunub: 1187