Sülh Platforması Ermənistan və Azərbaycan xalqını təbrik edib


23:22     21 Sentyabr 2017 platforma_1506000319.jpg

Ermənistan-Azərbaycan Sülh Platforması Beynəlxalq Sülh günü ilə bağlı bəyanat verib.


Sülh Platformasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sülh Platforması Ermənistan və Azərbaycan xalqını bu gözəl gün münasibəti ilə təbrik edib.

Bəyanatda qeyd edilib ki, bəşəriyyətin yarandığı gündən etibarən tarix, elə insanın öz təxəyyülünün məhsulu olan mif və populizmdən istifadə olaraq insanlar arasında nifrətin artmasına və mütəmadi olaraq müharibələrin, işğalların, soyqırımların şahidi olub: “Xüsusilə də qeyd etmək istərdik ki, ötən XX əsrdə baş vermiş iki böyük müharibə tarixin ən qanlı səhifələrindəndir. Ancaq bütün bunlara baxmayaraq ötən əsr, həmçinin, bəşəriyyətin daha da yaxınlaşmasında, insanlar arasında həmrəyliyin artmasında müstəsna yüzillik kimi də tarixə həkk olunub. Məhz II Dünya Müharibəsindən sonra Universal İnsan Hüquqlarının əsasında formalaşan, dünyada sülhün və təhlükəsizliyin qorunmasına xidmət edən BMT-nin yaranması və onun nizamnaməsi və prinsipləri əsasında digər beynəlxalq birliklərin formalaşması, insanların sabaha olan ümidini dahada artırdı. XX əsr dəhşətli kütləvi qırğın silahların ixtirası ilə yanaşı bu silahların istifadə olunmaması və məhdudlaşdırılması ilə yadda qaldı.

Bu gün dünyada baş verən münaqişələrə və dünyada gedən destabilizasiya proseslərinə baxmayaraq, biz eyni zamanda bəşəriyyətin bir-biri ilə elm, təhsil, mədəniyyət, inkişaf və əməkdaşlıq sahələrində necə də yaxınlaşdığını, bu qlobalizasiya prosesinin sərhədləri, nifrəti, irqçiliyi, diskriminasiyaları sildiyinin şahidi oluruq. Bütün bunlara baxmayaraq, hələ də müəyyən qüvvələr dünyada münaqişələr və müharibələrin mövcudluğunda maraqlıdır.

Belə bir qüvvələr Ermənistan və Azərbaycan xalqlarını uzun müddətdir ki, qarşılıqlı nifrət və müharibə içərisində saxlayır. Bu qüvvələr öz fəaliyyətlərini nifrət doğuracaq miflərə və müəmmalı tarixi keçmişə əsaslandıraraq, hər iki xalqın birlikdə ümumi qloballaşan gələcəyə inamlı şəkildə addımlamasına əngəl yaradırlar. Biz Ermənistan-Azərbaycan Sülh Platforması olaraq, inanırıq ki, hər iki xalqın ziyalıları, sülhsevər ictimai-siyasi xadimləri, müasir dövrün çağırışlarını diqqətli şəkildə izləyən alimləri hər iki xalqın gələcəkdə sülh içində və nifrətsiz yaşamalarına çalışacaqlar və biz bunun avanqardında durmuşuq.

Biz hesab edirik ki, Ermənistan-Azərbaycan arasında Dağlıq-Qarabağ ətrafında olan münaqişə, mif və müəmmalı tarixi keçmişə deyil, hər iki dövlət tərəfindən qəbul olunmuş və tanınan BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı və digər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ədalətli şəkildə həll olunmalıdır. Məhz müasir dövrün çağırışlarına cavab verən xalqlar öz inkişaflarını uğurlu və davamlı quraraq vahid dünyanın bir parçası olacaqlar. Biz, Ermənistan-Azərbaycan Sülh Platforması olaraq hər iki xalqın nümayəndələrini bu münaqişəni gələcək nəsillərə ötürməmək üçün əlindən gələni etməyə və hər iki xalqı qarşılıqlı sülh və əməkdaşlıqda görmək üçün mühüm addımlar atmağa çağırırıq. Bir daha Beynəlxalq Sülh Gününüz mübarək!”

Femida.az

Açar sözlər:

Oxunub: 1123