Vəfat etmiş şəxsin pensiyasını vərəsəsi ala bilər - Hüquqi şərh


17:30     21 Noyabr 2019 pensiya2.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etditimiz mövzu pensiya hüquqlarından yığılan məbləğin vərəsəlik qaydasında keçməsidir.



Bildiyimiz kimi son zamanlar bir çox hallarda dövlət tərəfindən vətəndaşların əvvəlki illərdən qazanılmış pensiya hüquqlarından irəli gələn məbləğlər maliyyə vəziyyətinin çətinliyi səbəbilə birdəfəlik formada deyil, hər ay hissə-hissə olmaqla ödənilir. Məsələn, şəxsin pensiya hüququ 2010- cu ildə yaranıbsa, lakin şəxs 2017-ci ildə pensiya təyin edilməsi üçün müraciət edibsə, ona pensiya 2010-cu ildən təyin edilir. 2010-cu ildən 2017-ci ilədək ödənilməli olan məbləğ fərqi isə birdəfəlik formada deyil, hər ayın pensiyasına əlavə olunmaqla hissə-hissə ödənilir.

Bu isə öz növbəsində sual yaradır ki, bəs bu pul pensiyaçıya tam ödənilənədək pensiyaçı vəfat edərsə, həmin məbləğin aqibəti necə olur?

Mövzu ilə bağlı femida.az- a şərh verən hüquqşünas Elnur Əliyev bildirib ki, “Əmək pensiyaları haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Mülki qanunvericilikdə isə pensiyaya birmənalı yanaşma mövcud deyildir.
Belə ki, pensiya hüququ şəxsə bağlı olan hüquqdur, bu hüquq hər hansı pensiya məbləğinə deyil, məhz həmin şəxs tərəfindən pensiya tələbinə dair hüquqdur və şəxsin vəfatı ilə bu hüquqa da xitam verilir.


Beynəlxalq təcrübədə hansı hallar nəzərdə tutulur?





Hüquqşünas bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ pensiya ödənişlərini tələb etmək hüququnun bir sıra hallarda “əmlak” kontekstindən nəzərdən keçirilməsini tələb edir. Bu hallar pensiyaçının pensiyanın əldə edilməsinə qanuni gözləntiləri olduğu hallardır. Qanuni gözləntilər müxtəlif hallarda yarana bilər. Bu hallar qanunvericiliyin normaları ilə müəyyən olunmuş şərtlərin yerinə yetirilməsi, məhkəmə və ya dövlət orqanlarının qərarı və s. ola bilər. Məsələn, Bulqakova Rusiyaya qarşı işdə AİHM qeyd edir ki, hüquqi əsasından asılı olmayaraq, qüvvəyə minmiş məhkəmə qərarı ilə vətəndaşa pensiyanın təyin edilməsi öhdəliyinin dövlət orqanına həvalə edilməsi həmin qərardan irəli gələn məbləğə dair tələblə bağlı qanuni gözlənti yaratmaqla həmin qərara əsasən təyin ediləcək pensiyanın “əmlak” kateqoriyasına düşməsinə səbəb olur.

Beləliklə, vətəndaş vəfat edənədək hər hansı səbəbdən artıq təyin edilmiş pensiya məbləğini almazsa, onun öldüyü günədək ona ödənilməli olan pensiya məbləği əmlak anlayışı ilə əhatə olunur və Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən onun vərəsələrinə keçir.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, vəfat edən şəxsin vərəsələrinin mirasqoyana məhkəmə və ya dövlət orqanları tərəfindən təyin edilmiş lakin şəxs ölənədək ona ödənilməli olan, lakin hər hansı səbəbdən ödənilməmiş pensiya məbləğinin tam şəkildə mirasa daxil edilməsini və ödənilməsini tələb etmək hüquqları vardır.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 12318