Azərbaycanla İran protokol imzaladı


15:02     29 Sentyabr 2017 img-5057.JPG

Azərbaycan ilə İran arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası Bakıda keçirilib.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə DANX-ın rəisi Həbib Həsənov, İranın nümayəndə heyətinə Yol və Avtomobil Nəqliyyatı Təşkilatının tranzit və beynəlxalq nəqliyyat məsələləri üzrə baş idarəsinin rəisi Rza Nəfisi rəhbərlik edib.

İclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

Avtonəqliyyat vasitələrinin sahiblərinin (istifadəçilərinin) mülki məsuliyyəti üzrə beynəlxalq sığorta təminatı sistemi olan "Yaşıl Kart" sisteminin üstünlükləri də iclas çərçivəsində müzakirə olunub. Qeyd edilib ki, sistemin başlıca məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.

İclasda Azərbaycan ilə İranın tranzit məsələlərində, xüsusilə də nəqliyyat dəhlizlərinin yaradılmasında fəal əməkdaşlıq etdiyi bildirilib. Qeyd edilib ki, müştərək olaraq Azərbaycanda avtomobil zavodunun inşası üçün önəmli addımlar atılıb və gələcəkdə avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq istiqamətləri daha da genişləndiriləcək.

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 590