Əli Həsənovdan manatla bağlı - AÇIQLAMA


16:21     31 Avqust 2015 4003682793.jpg

“İqtisadi siyasət, valyuta mübadiləsi, enerji daşıyıcılarının qiyməti, ondan irəli gələrək qlobal dünya iqtisadiyyatının vəziyyəti, Çin kimi dünya iqtisadiyyatının böyük bir qismini təşkil edən nəhəng bir ölkədə baş verən iqtisadi, eləcə də maliyyə prosesləri, devalvasiya, Amerika Birləşmiş Ştatlarında qalxma və enmələr, Avropa Birliyindəki proseslər, Yunanıstanda baş verən böhranlar, bir vaxtlar sabitlik adası kimi dəyərləndirilən Şimali Afrikadakı çaxnaşmalar, əhalinin öz yurd-yuvasını tərk edib Avropaya miqrasiya etməsi, bunun qarşısını almaq cəhdləri, bundan irəli gələn proseslər – bütün bunlar bəşəriyyətdə yaşayan hər bir insana təsir edir, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyə bilmir”.


Femida.az xəbər verir ki, bunu müsahibəsində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O, bildirib ki, biz nə qədər çalışsaq ki, Azərbaycanın iqtisadiyyatını, siyasətini, sosial həyatını, maliyyə sabitliyini və digər məsələləri beynəlxalq aləmdən tam azad şəkildə inkişaf etdirək və onlardan asılılığı azaldaq, istər-istəməz qlobal dünyanın bir tərkib hissəsi kimi Azərbaycan da bu proseslərdən yan keçə bilmir:

“Ona görə də, əlbəttə, valyuta ətrafında son zamanlar yaranmış ajiotajı da biz anlayırıq. Vətəndaşın öz maliyyə vəsaitlərini, öz pul yatırımlarını və yaxud da pul vəsaitlərini qorumaq cəhdlərini də düzgün anlayırıq və dəyərləndiririk. Dövlətin vəzifəsi ondan ibarətdir ki, bir tərəfdən hər bir vətəndaşının mövcud vəsaitlərinin qorunmasına yardımçı olsun. Onların düzgün yerləşdirilməsi, düzgün idarəsi, devalvasiya və digər proseslərdən asılılığın aşağı salınması ilə məşğul olsun. O biri tərəfdən özünün davamlı inkişafını təmin eləsin. Özünün maliyyə, iqtisadi, sosial həyatını davamlı və ayrı-ayrı proseslərdən asılı vəziyyətdən xilas eləsin. Odur ki, dövlət olaraq biz hər bir vətəndaşdan az düşünmürük. Prezident Administrasiyası hər bir vətədaşın narahatlığını paylaşır, bölüşür. Cənab prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır, onun maraqları dayanır və prezidentin bütün çıxışlarında qırmızı xətlə bir cümlə keçir ki, mən istəyirəm, Azərbaycanda heç bir problem olmasın, hər bir vətəndaş layiqli həyat tərzi ilə təmin olunsun. Odur ki, bu tipli proseslər elə-belə, kortəbii baş vermir.

Bilirsiniz ki, fevral ayında baş verən devalvasiyadan vətəndaşlarımız nə qədər dövlətdən, Milli Bankdan narazı oldu ki, dövlət bunu qarşısını ala bilərdi. Amma digər bir tərəfdən də dövlət həm də özünü qorumalıdır. Dövlət strateji bir obyekdi. Sadəcə olaraq bizi əhatə edən ölkələrə nəzər yetirsək görərik ki, Azərbaycandan qat-qat zəngin olan Rusiya, Qazaxıstan və Belarusda devalvasiya hansı dərəcədə getdi? Mən hələ Ermənistan kimi cırtdan dövlətləri demirəm. Nələr baş verdi, biz bunu şahidi olduq. Bizdə cəmi 30-35 faiz arasında devalvasiya getdi. Hazırda Azərbaycan dövləti maksimum dərəcədə çalışır ki, vətəndaşların, eləcə də Milli Bankın və onun strukturunun da maraqları təmin olunsun. Bütövlükdə, Azərbaycan dövləti hər bir kəsin dövlətidir və bu dövlətin maraqları qorunsun. Hesab edərəm ki, ajiotaja əsas yoxdur. Nəinki, bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim milli simvollardan, dövlətin vacib atributlarından birdir. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki, sabit qalsın və inşallah sabit də qalacaq!”.

Açar sözlər:

Oxunub: 1407