Bəyi girov götürdülər


18:24     31 Avqust 2015 1430121647_70095481.jpg

Yer haqqına görə girov götürmək hansı cinayət məsuliyyətini yaradır?




Restoran sahibinin göstərişi ilə toy keçirdikləri məkanın pulunu tam ödəyə bilməyən bəyin gəlini girov götürülüməsi hadisələrinə tez-tez rast gəlinir. Gəlin, bəy və ya onların ən yaxın qohumu restoran sahibi tərəfindən girov götürülür və yalnız borc ödənildikdən sonra buraxılır. Maraqlıdır, restoran sahiblərinin bu hərəkətləri qanunla hansı məsuliyyət yaradır?

Hüquqşünas Müzəffər Baxış bizimlə söhbətdə belə hərəkətin cinayət hesab edildiyini dedi: "Əgər belə hallar baş verirsə, vətəndaş girov götürülüb restorana olan borcunu ödəyəndən sonra buraxılırsa, bu cür əməllər Azərbaycan Cinayət Məcəlləsinin 215.1-ci maddəsi ilə təsnif olunur. Bu əməllərə görə, belə hərəkətləri törədən şəxslər həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılırlar. Əgər kimsə restoranda toy edib toy bitəndən sonra restoranın və ona göstərilən xidmətin haqqını ödəmirsə, restoran rəhbərliyi tərəfindən həmin şəxs girov götürülürsə, yəni borcun qaytarılmamasına görə hansısa qanunsuz hərəkətlərə yol verilirsə, bu əməllər tamah məqsədi ilə törədilir və belə əməllərə görə Azərbaycan Cinayət Məcəlləsinin 215.2-ci maddəsində ağırlaşdırıcı hallarda həmin əməllər girov götürmə kimi təsnif olunur.

Həmin əməllərə görə 10 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Əgər restoran müdiriyyəti tərəfindən girov götürülən şəxs girov götürüldüyü müddətdə vəfat edərsə, bu zaman girov götürən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 215.3-cü maddəsi ilə təsnif olunur. Belə hal baş verərsə, həmin şəxs 15 il müddətinə azadlıqdan məhrum edilə bilər. Ona görə də istər restoran müdirləri, istərsə də digər şəxslər bu qəbildən cinayətlərin törədilməsindən çəkilməli, insanlarla münasibətlərini sivil qaydada həll etməlidirlər".

Hüquqşünas restoran sahibi ilə toy edən şəxslərin, əslində, müqavilə imzalamalı olduğunu, ancaq bunu heç kimin etmədiyini bildirdi: "Əslində, hansısa restoranda toy keçirmək həmin toy sahibinə göstərilən xidmətdir və onlar arasında xidmət müqaviləsi bağlanmalıdır. Həmin xidmət müqaviləsinin tələblərini ödəməyən şəxs barəsində restoran müdiriyyəti qanuni şəkildə məhkəməyə müraciət etməli və müqavilədə göstərilən məbləğin ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasına çalışmalıdır. Problem qanuni şəkildə bu cür həllini tapmalıdır. Amma təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən restoran müdirləri elə fikirləşirlər ki, əgər toy sahibi onun pulunu ödəmirsə, ona qarşı istənilən qanunsuz hərəkətə yol verə bilər. Ancaq bayaq da dediyim kimi, bu hərəkətlər cinayət sayılır və girov götürən şəxs Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada cəzalandırılır".


Açar sözlər:

Oxunub: 995