“Parlamentimizin peşəkar hüquqşünaslara ehtiyacı var” – Əliməmməd Nuriyevlə MÜSAHİBƏ


15:49     04 Oktyabr 2017 elimemmed%20esass.jpg

Femida.az “de-yure” layihəsini davam etdiri.


Bu dəfəki qonağımız tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevdir.

Müsahibəni oxuculara təqdim edirik:

- Azərbaycan müstəqil hüquq məktəbləri yarada bilibmi?

- Azərbaycanda uzun müddət müstəqil hüquq sistemi olmayıb. Ümumiyyətlə dövlətlərin bir qayda olaraq, müstəqil hüquq sistemləri olmayıb. Lakin müstəqil hüquq məktəbləri, hüquq doktrinaları, konsepsiyaları ayrı-ayrı ölkələrdə bu və ya digər formada inkişaf edib. Bu gün dünyanın əksər ölkələrində, o cümlədən, Azərbaycanda kontinental hüquq sistemi tətbiq olunur. Lakin hazırda başqa bir tendensiya da getməkdədir. Bu tendensiya hüquq sistemlərinin qovuşmasıdır. Yəni ayrı-ayrı hüquq sistemləri institutlarının inteqrasiyası baş verir.

Məsələn, Azərbaycan Avropa institutlarının bir çoxuna daxil olmaqla Avropa hüquq sisteminə inteqrasiyasını gücləndirir. Azərbaycan həm Avropa Şurasının üzvüdür, həm Avropa İHM-nin yurusdiksiyasındadır, həm də ATƏT-lə, Avropa İttifaqı ilə bir çox istiqamətlərdə əlaqələri genişləndirir. Hazırda Aİ ilə yeni sazişin imzalanması ərəfəsindəyik. Bütün bunlar istər-istəməz hüquq sistemimizin inkişafına önəmli təsir göstərir.

Azərbaycan hüquq sisteminin formalaşmasına Rusiya hüquq məktəblərinin böyük təsiri oldu. Azərbaycanda qəbul edilən qanunlar keçmiş SSRİ-də qəbul edilmiş qanunların bir qədər dəyişmiş formasıdır. Onu da nəzərə alaq ki, sovet hüquq sistemi müstəqil olmasına baxmayaraq, həm də kontinental hüquq sistemindən qidalanıb.

Bu gün ölkəmizdə müstəqil hüquq məktəblərinin yaradılmasına cəhdlər göstərilir, amma bu, elə də asan proses deyil. Bunun üçün həm müxtəlif hüquq sistemləri dərindən əxz edilməli, həm qədimdən bu vaxta qədər keçdiyimiz hüquq adətlərini sistemli şəkildə öyrənməli və bütün bunları qanunlara tətbiq etməliyik. Ara-sıra bu hallar baş verir. Lakin Azərbaycanda hansısa hüquq məktəbinin olduğunu desək, hər halda yanlış olarıq. Ölkəmizdə dərin hüquqi islahatlar aparılır, amma müstəqil hüquq məktəblərinin yaranması üçün xeyli vaxt tələb olunur.

- Azərbaycan hansısa yeni hüquq sahəsi yaradıbmı?

- Azərbaycanda inzibati hüquq inkişaf edib. Bu, tamamilə yeni bir institut idi. Müstəqillik əldə etdikdən sonra inzibati icraat haqqında qanun qəbul etdik, inzibati məhkəmələr yaradıldı və s. Bu, hüququn yeni sahəsi idi. Burada artıq Azərbaycan təcrübəsinin digər ölkələr üçün önəmi ortaya çıxmışdı. Hazırda Orta Asiya respublikalarında inzibati hüququn yaradılması prosesi gedir. Və bu prosesdə Azərbaycan təcrübəsi öyrənilir. Ekspertlərimiz, hüquqşünaslarımız həmin ölkələrə dəvət olunur və təcrübəmizdən yararlanırlar.



- Hüquq elminin praktikada tətbiqi baxımından ölkəmizdə hansı problemlər var?

- Bu gün Azərbaycanda praktika ilə hüquq təhsili arasında yetərli əlaqə yoxdur. Hüquq təhsili sahəsində Bakı Dövlət Universiteti hakim mövqedədir. Azərbaycanda tarixən hüquqla bağlı ən mükəmməl dərslər burada keçirilib. Bu gün də bu ənənə davam etdirilir. Lakin qeyd etdiyim kimi, bu universitetində də hüquq elminin nəzəriyyəsi ilə praktikası paralel şəkildə öyrədilmir. Məsələn, BDU-nun Hüquq fakultəsində iddia icraatı haqqında dərs keçirilir və tələbələr nəzəri məsələləri mənimsəyirlər. Lakin bu dərslərin praktikada tətbiq olunaraq keçirilməsinə ehtiyac var. Tələbə məhkəməyə gedərək prosesi canlı şəkildə görməlidir. Əgər tələbə praktiki olaraq nəyisə öyrənsə, bu, daha effektli olacaq. Yaxud da Mülki Hüququn öyrənilməsi zamanı icarə müqaviləsinin bağlanması qaydaları. Bu qaydaları öyrənmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində praktika keçmək lazımdır. Tibb Universitetində belə bir qayda var. Dərslər keçirilən zaman tələbələr ayrı-ayrı xəstəxanalarda praktika keçirlər. Bu qayda hüquq elminin öyrənilməsində də tətbiq olunmalıdır. Konstitusiya hüququnu öyrənən tələbələr niyə görə Milli Məclisdəki müzakirələrdə, ayrı-ayrı komitələrin iclaslarında iştirak etməsin? Tələbə öyrənməlidir ki, qanunlar necə hazırlanır. Mülki hüquqda hüquqi şəxslərlə bağlı dərslər keçirilir. Lakin praktikanı öyrənmək üçün gərək müvəqqəti olaraq tələbə Vergilər Nazirliyində, qeyri-hökumət təşkilatlarında çalışmalıdır.
Bütün bunlar gələcək hüquqşünaslarımızın daha yaxşı hazırlanmasına səbəb ola bilər. Nazirliklər, mərkəzi icra hakimiyyəti orqanları universitetlərlə əməkdaşlıq etməlidir. Bu həm də əmək bazarında canlanma yaradacaq. Universitetin hazırladığı kadrları almaq uğrunda mübarizə gedəcək.

- Bu gün qanunların qəbul edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakı qənaətbəxşdirmi?

- Bu gün Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının müxtəlif məsələlərlə bağlı Parlamentə təkliflər irəli sürməsi üçün əlverişli şərait mövcuddur. Normativ hüquqi aktlar haqqında qanunda göstərilir ki, mühüm qanunlar geniş ictimai dinləmələrdən keçməlidir. Parlamentin Hüquq və dövlət quruculuğu komitəsi bunun üçün geniş imkanlar yaradıb. Məsələn, sentyabrın 28-də Prezidentin 2016-cı il 10 fevral tarixli cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamına uyğun olaraq Milli Məclisdə geniş dinləmələr keçirildi. Bu dinləmələr səmərəli nəticələrə gətirib çıxaracaq. Çünki bir çox təklif irəli sürüldü. Ola bilsin, bəzi təkliflər yetərli arqumentlərə olmadığına görə, qəbul edilməyəcək. Amma bütün hallarda hüquq bu təkliflər, dinləmələr hüququn inkişafına səbəb olacaq. Maraqlı tərəflərin iştirakı ilə ayrı-ayrı qanunların qəbul edilməsində ictimai dinləmələrin keçirilməsi çox vacibdir. Bu, qanunlarda sabitliyi artırır. Nəzərə alaq ki, bir çox hallarda qanunlarımızda dəyişiklik daha sürətlə gedir. Şübhəsiz ki, ictimai münasibətlər sürətlə inkişaf edir. Bununla belə hüquqda müəyyənlik vacib amildir. Əgər bir iş görürəmsə, sonrakı 2-3 ilin planlarını etməliyəm. Bunun üçün isə qanundakı normalara baxmaq lazımdır. Qanunlara nəzər yetirilərkən müvafiq normaların yaxın illərdə dəyişib-dəyişməyəcəyi aydınlaşır. Ona görə də qanunlar uzunmüddətə planlaşdırılaraq hazırlanmalıdır. Yoxsa bu gün qanuna dəyişiklik olur, mən isə öz işlərimi tamamilə başqa cür planlaşdırmışdım. Bu baxımdan qanunvericiliyin hazırlanmasında açıqlıq, müəyyənlik olmalıdır. Qanunlarda sabitliyin yaradılması proseslərin daha dinamik inkişafı üçün əlavə imkanlar açacaq. Bu, həm də qanunların keyfiyyətinə təsir edəcək.

Hesab edirəm ki, Parlamentdəki bir sıra müzakirələrdə vətəndaş cəmiyyəti institutları iştirak etməlidir. Məsələn, niyə görə, büdcə müzakirələrində ictimai dinləmələr olmasın? Büdcə məsələləri nə qədər geniş müzakirələrə çıxarılsa, həm daha effektiv layihə hazırlanacaq, həm də beynəlxalq reytinqlərdə Azərbaycanın yeri yaxşılaşacaq.

Strateji Yol Xəritələrinin yaradılmasında məqsədlər içərisində məhkəmə hakimiyyətinin yaxşılaşdırılması məsələsi var ki, bu da hüququn inkişaf etməsinə gətirib çıxaracaq. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Milli Fəaliyyət Planları da istər korrupsiyaya qarşı mübarizədə fəaliyyətin təkmilləşdirilməsi, istərsə də şəffaf idarəçilik baxımından müsbət nəticələrə gətirib çıxaracaq.

- Ötən illər ərzində korrupsiyaya qarşı mübarizə sahəsində hansı uğurları əldə etmişik?

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə hələ 70-ci illərdən aparılıq. Amma sistemli şəkildə mübarizənin əsası 2005-ci ildə başlandı. Nəticələrə gəldikdə isə ilk növbədə qeyd etməliyik ki, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik bazası tam hazırdır. Bu isə bizə imkan verir ki, korrupsiyaya qarşı mübarizəni daha səmərəli aparaq. İkincisi, korrupsiyaya qarşı mübarizə sahəsində institusional baza tam formalaşdırılıb. Buna həm Korrupsiyaya qarşı Mübarizə Komissiyası, həm də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini nümunə kimi göstərə bilərik. Üçüncüsü, əminliklə deyə bilərik ki, beynəlxalq təcrübə tam şəkildə öyrənilib. Azərbaycan bir çox beynəlxalq konvensiyanın üzvü oldu. Beynəlxalq təcrübə olmadan korrupsiyaya qarşı mübarizə aparmaq mümkün deyil. Dördüncüsü, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlara korrupsiyaya qarşı mübarizə ilə bağlı mütəmadi olaraq hesabatlar verir ki, bu da effektivliyi daha da artırır. Beşincisi, korrupsiyaya qarşı mübarizəni daha da effektiv edən “ASAN Xidmət” kimi strukturlar yaradılıb. “ASAN Xidmət” korrupsiya hallarını sıfıra endirib. Bu gün korrupsiyaya qarşı mübarizə sahəsində həm də kadrların hazırlanması prosesində əhəmiyyətli nəticələr əldə olunub. Əhəmiyyətli nəticələrdən biri də odur ki, artıq yüksək vəzifəli şəxslərin də korrupsiya cinayətinə görə məsuliyyətə cəlb olunması hallarının artmasıdır. Bu gün korrupsiyaya qarşı mübarizə sahəsində dövlətimizin beynəlxalq reytinq cədvəlində yeri daha da möhkəmlənib.

Nəzərə almaq lazımdır ki, korrupsiya hallarının artmasının əsas səbəbi həmişə yoxsulluqla bağlı olub. Bu gün isə Azərbaycanda yoxsulluğun 4-5 faiz civarında olması həm də korrupsiya hallarının xeyli azalmasının göstəricisidir. Azərbaycana sərmayələrin qoyulması, xarici investorların cəlb olunması da onu göstərir ki, ölkəmizdə korrupsiya halları minimuma enib. Sərmayelər o ölkəyə qoyulur ki, həmin ölkədə korrupsiya halları çox aşağı səviyyədədir. Bütün bunlar Azərbaycanda korrupsiyaya qarşı mübarizənin nəticələrinin göstəricisidir. Lakin təbii ki, gələcəkdə daha böyük işlər görüləcək.



- Prezidentin 2016-cı il 10 fevral tarixli cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamına uyğun olaraq Cinayət Məcəlləsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi gündəmdədir. Bəzi maddələrin dekriminallaşdırılması istiqamətində təkliflər irəli sürülüb. Bütün bu dəyişik və əlavələr hansı müsbət nəticələrə gətirib çıxaracaq?

- Azərbaycan Prezidentinin həmin sərəncamı həm hüququn, həm də qanunvericiliyin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Orada göstərilən tövsiyyə və tapşırıqlar cəzanın humanistləşdirilməsi istiqamətində həm parlamentin, həm də hüquq mühafizə orqanları qarşısında bir yol xəritəsidir. Uzun müddət Azərbaycanda azadlıqdan məhrumetmə cəzası dominant cəza növü olub. Məhkəmələr işə baxarkən əksər hallarda azadlıqdan məhrumetmə cəzasını tətbiq edirdi. Halbuki böyük ictimai təhlükə törətməyən cinayətlər üçün alternativ cəzalar var. Amma məhkəmələr buna əməl edirdimi? Əlbəttə ki, əksər hallarda yox. Bu problemlər isə məhkum kontingentinin sayının kəskin şəkildə artmasına gətirib çıxarırdı. Belə ki, həmin məhkumlar azadlığa çıxdıqdan sonra daha çox kriminal əməllərə meyil edirlər. Bu, isə yeni cinayətkarlığın genişlənməsi üçün əlavə imkanlar yaradırdı. Digər tərəfdən isə həbsxanadan çıxdıqdan sonra şəxslərin ailələri tərəfindən qəbul edilib-edilməməsi məsələsi ortaya çıxır. Bundan başqa, həbsxanadan çıxmış şəxsin yenidən cəmiyyətə inteqrasiya prosesi bəzən çətin olur. Çox vaxt həmin şəxslər işə götürülmürlər. Buna görə də cinayət törətmiş şəxsi cəmiyyətdən təcrid etmədən onun islahına nail olmaq lazımdır. Alternativ cəzalar əslində indiyə qədər olub. Lakin bu cəzaların nəzarət mexanizminin olmaması, son nəticədə ciddi problemlərə gətirib çıxarırdı. Ümumilikdə cinayət törətmiş şəxsə fərdi yanaşmaq lazımdır, onun üçün fərdi proqramlar qəbul edilməlidir. Burada dövlətimiz də iqtisadi baxımdan itirirdi. Hər bir məhkumun illik ortalama xərci 6 min manatdır. Digər tərəfdən biz məhsuldar qüvvələrin iqtisadi proseslərə girişinin qarşısını alırdıq. Bu cür problemlərin qarşısını almaq üçün Prezidentin tapşırığı əsasında Probasiya institutu yaradıldı. Həm də konkret müddətlər müəyyənləşdirilmişdi. Hansi işin nə vaxta qədər başa çatdırılmalı olduğu sənədlərdə öz əksini tapmışdı.

- Bir neçə gün bundan əvvəl istehlak miqdarından artıq narkotik vasitələrin istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin aradan qaldırılması ilə bağlı Milli Məclisdə gərgin müzakirələr olmuşdu. Nəticə etibarilə, hansı hallarda narkotik vasitələrdən istifadə cinayət məsuliyyətinə səbəb olacaq?

- Milli Məclisdə cinayət qanunvericiliyinin təkmilləşdirilməsi üçün müzakirələr gedirdi. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı idi. Burada iki məsələ mübahisə doğururdu. Birinci, o şəxslər ki, narkotik vasitələrdən satış məqsədi olmadan istifadə edirsə və bu maddələrin aludəçisinə çevrilibsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmadan məcburi müalicəyə göndərilir. Müalicə bitdikdən sonra da həmin şəxs barəsində hər hansı cəza növü təyin olunmur. Qəbul olunmayan isə başqa maddə idi. Elə insanlar var ki, narkotik vasitəni ilk dəfə qəbul edir. Amma bu şəxs narkotik vasitələrdən asılılıq vəziyyətində deyil. Bu şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bir sözlə, istehlak miqdarından artıq narkotik vasitələrin istifadə etmə və saxlamaya görə narkomanlar məcburi stasionar müalicəyə göndərilərək cinayət məsuliyyətindən azad olunurlar, bu əməlləri törətmiş narkotik aludəçisi olmayan şəxs isə cinayət məsuliyyətinə cəlb olunur. Parlamentdə təklif olunurdu ki, fərq qoyulmadan hər iki hala eyni münasibət göstərilsin. Amma nəzərə almırdılar ki, stasionar müalicənin özü də cəmiyyətdən təcrid olunmaqla mümkün olur. Yəni şəxs qapalı mühitdə müalicə olunur. Ola bilsin, müalicə, 6 ay, 1, yaxud da 2 il davam etsin. Əslində burada xəstələrə humanist yanaşma nümunəsi var.

Nəzərə alaq ki, təklif qəbul edilsəydi, narkotik vasitələrin istifadəsi sürətlə yayıla bilərdi. Bir növ, başqalarını narkotik vasitələrdən istifadə etməyə təşviq edə bilərdi. Həm də Azərbaycan tranzit ölkədir və həmin təklifin qəbulu ölkəmizi nrakotik vasitələrin bazarına çevirə bilərdi.



- Cinayət Məcəllərinə azadlığın məhdudlaşdırılması adlı bir maddə əlavə olunur. Bu maddəni azadlıqdan məhrumetmə cəzasından fərqləndirən nə olacaq?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni maddənin - azadlığın məhdudlaşdırılması cəzasının əlavə edilməsi təklif olunur. Bundan əvvəl Cinayət Məcəlləsində belə bir maddə var idi, lakin 2011-ci ildə bu maddə Məcəllədən çıxarıldı. Çünki cəzanın tətbiqi mexanizmi effektli deyildi. İndiki halda isə bu cəzanın yenidən qanunvericiliyə gətirilməsi ilə həm də cəzanın çəkmə mexanizminə aydınlıq gətirildi. Belə ki, azadlığı məhdudlaşdırılmış şəxslər yaşayış yerini tərk etmədən öz cəzasını çəkəcək. Bunun üçün isə elektron qolbaqlardan istifadə olunacaq. Şəxs məhkəmə tərəfindən müəyyən olunmuş ərazini tərk etməməli olacaq. Həm də şəxsin islahı ilə bağlı fərdi proqramlar hazırlanacaq. Burada artıq nəzarət mexanizmi var. Qolbaqlar vasitəsilə şəxsin hərəkətlərinin müşahidəsini isə Probasiya İnstitutu həyata keçirəcək. Bu gün demək olar ki, alternativ cəzasız cinayət tərkibi yoxdur. Mülkiyyət əleyhinə olan, iqtisadi fəaliyyətlə bağlı olan cəzaların demək olar, hamısı dekriminallaşdırılıb. Xuliqanlıq cinayəti ilə bağlı çox əhəmiyyətli dəyişikliklər edilib. Cinayət məsuliyyətini cəlbetmənin əsasları genişləndirilib.

- Probasiya İnstitutunun yaradılması nə vaxt başa çatacaq?

- Hazırda texniki problemlərin həlli istiqamətində müəyyən işlər gedir. Beynəlxalq təcrübə öyrənilir. Qanunvericilik bazası təkmilləşdirilməkdədir. İşlər sürətlə davam edir. Yəqin ən qısa zamanda bu istiqamətində bütün problemlər öz həllini tapacaq.

- Yüvenal ədliyyə haqqında qanunun qəbulu niyə ləngiyir?

- Azərbaycanda yuvenal ədliyyə haqqında qanunun qəbulu BMT-nin də tövsiyyələrindən biridir. Qnaun layihəsi artıq Parlamentdə bir neçə dəfə müzakirə olunub. Lakin görünür, bu prosesin daha dərindən öyrənilməsinə ehtiyac var. Uşaqlarla bağlı cəza təyin etmə, onların işinin istintaqı ilə bağlı ixtisaslaşmış kadrların hazırlanmasına ehtiyac var. Universitetlərdə hüququn bu sahəsi üzrə xüsusi dərslər keçirilməlidir. Tutaq ki, qanun qəbul edildi. Bəs, ixtisaslaşma necə olacaq? Müəyyən resurslar tələb olunur. Yoxsa qanunda qarşıya qoyulmuş məqsədə nail olmaq o qədər də asan olmayacaq. Bir sözlə, bu sahəni dərindən öyrənmək tələb olunur.

- Qeyri-hökumət təşkilatlarının fəaliyyətindən razısınız?

- Həm razıyam, həm də narazı. Razıyam ona görə ki, bu gün QHT-lər vacib prioritetlərin həyata keçirilməsində dövlət orqanlarının əsas partnyorlarına çevrilib. Bu, çox vaib məsələdir. Milli QHT-lər nəinki daxildə, hətta beynəlxalaq arenada da Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görür. Bu gün həm də QHT-lərin ayrı-ayrı sahələr üzrə ixtisaslaşması prosesi gedir. Bu ixtisaslaşma ona gətirib çıxarır ki, müxtəlif sahələrdə dövlət orqanları ilə özəl sektor arasında əməkdaşlığa gətirib çıxarır. Narazıyamona görə ki, bu günlərin QHT-lərin öz işlərini görməsi üçün yetərli maliyyə resursları yoxdur. Azərbaycanda QHT-lərin xarici maliyyə vasitələrinə çıxışı prosesi mürəkkəbləşib. Nəzərə qalaq ki, yerli donorlar vasitəsilə QHT-lərin maliyyə ehtiyacının yalnız 15-20 faizi ödənilir. Ölkənin milli təhlükəsizliyi təmin olunmaqla QHT-lərimizin xaricdən qrant almasına şərait yaradılmalıdır. Çox təəssüf ki, bir qrup QHT-lər siyasiləşib. Hətta bəziləri Azərbaycan dövlətinin milli maraqlarının əleyhinə hərəkət edir.

- Parlamentin hazırda savadlı hüquqşünaslara ehtiyacı varmı?

- Parlament qnaunların hazırlandığı yerdir. Bir növ, qanunların istehsal olunduğu müəssisədir. Buna görə də Milli Məclisdə yüksək səviyyəli hüquqşünaslara həmişə ehtiyac olub. Bu gün Azərbaycan parlamentində buna ehtiyac var. Sözsüz ki, Parlamentdə müxtəlif təbəqədən olan insanlar təmsil olunurlar. Lakin hesab edirəm, peşəkar hüquqşünaslara daha çox ehtiyac var. Əlbəttə ki, söz sahibi seçicidir. Parlamentdə kimin təmsil olunmasını o müəyyənləşdirir.

- Gələcəkdə yenidən deputat seçilmək planınız var?

- Azərbaycan dövlətinə biliyimin imkan verdiyi bütün sahələrdə dəstək verməyə hazıram. İndiyə kimi bu istiqamətdə bütün imkanlarımı gerçəkləşdirməyə çalışmışam, bundan sonra da çalışacam. Namizədliyimi sürüb-sürməyəcəyim məsələsinə gəldikdə isə qeyd edim ki, bu haqda danışmaq hələ tezdir.

Ceyhun Əhmədli
Fotolar: Elvin Abdulla

Femida.az

Açar sözlər:

Oxunub: 12695


Oxşar xəbərlər