7 il səfillik həyatı yaşayan ana...

7 il səfillik həyatı yaşayan ana...


19:01     05 Oktyabr 2017 1507195492_22278772_896274643855879_220402396_n.jpg

Xətai metrosunun yaxınlığındakı parkın oturacaqlarında gecələyən, səfil həyatı yaşayan qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Qadın və Uşaq Sığınacağına yerləşdirilib. Həmsöhbətimiz Salyan rayonu Qaraçala kənd sakini Solmaz Cahangirovadır. Mənasız baxışları, qırıq-qırıq sözlər, əslində onun üçün həyatın mənasının çoxdan bitməsindən xəbər verir. 50 yaşı olmasına baxmayaraq 70 yaşlı qoca qarıya bənzəyir. Bir az keçmişə qayıtdıq onunla...


Salyan rayonunun Qaraçala kəndində çoxuşaqlı ailədə dünyaya göz açıb. Ailənin uşaqları saxlamağa gücü çatmadığı üçün anası Solmazı Bakıdakı internat məktəblərindən birinə yerləşdirir. 8-ci sinifdə olanda isə valideynləri onu internat məktəbdən çıxararaq evlərinə qaytarırlar, o, təhsilini yarımçıq qoymur, gecə məktəbində təhsilini davam etidirir, eyni zamanda pambıqçılıq sovxozunda işləyir. 19 yaşında Şamaxıya bacıgilə gedərkən gələcək həyat yoldaşı ilə tanış olur. Həyat yoldaşı Türkmənistan vətəndaşı olduğu üçün ailə qurararq həyat yoldaşı ilə birlikdə Türkmənistana köçür. 5 il sürən ailə həyatından 2 övladı dünyaya gəlir. Dediyinə görə, hal-hazırda oğlunun 30, qızının 26 yaşı var. Həyat yoldaşından ayrılıb Azərbaycana qayıdanda övladlarını da gətirir, lakin bir müddət sonra həyat yoldaşı gəlib uşaqları aparır. Solmaz həyat yoldaşının onu da aparmaq istədiyini, lakin özünün getmədiyini, getmək istəmədiyini deyir. Ayrılmağının səbəbini soruşduqda isə gözləri yol çəkir, dalğın-dalğın harasa uzaqlara baxaraq deyir, yəqin bir səbəb vardı ki, ayrıldım.

Xatırlamaq istəmir o günləri, bəlkə də peşmançılığını büruzə vermək istəmir. Artıq 26 ildir ki, övladlarından heç bir xəbər ala bilmir: “Onları yoldaşım aparandan sonra bir neçə dəfə zəng vurdum poçtdan, telefonçu qız bu nömrəyə düşmək olmur dedi“. Övladlarından danışanda gözləri dolur, amma tez də özünü ələ alır. Övladlarını axtarıb tapmağa cəhd etsə də, bir nəticə olmadığını deyir, həyat yoldaşı və övladları artıq o ünvanda yaşamırlar.

Sığıacağa daxil olarkən çəliklə yeridiyini deyən Solmaz ayaqlarının soyuqdan tutulduğunu, lakin Sığınacağa gələndən sonra ağrıların nisbətən keçdiyini, artıq ayağını yerə basa bildiyini deyir: “Çəliklə yeriyirdim, indi atmışam bir tərəfə, çətin də olsa, özüm çəliksiz gəzmək istəyirəm”.

Səfil həyatına necə düşdüyünü soruşduqda isə əvvəlcə çiyinlərini çəkdi, sonra “artıq 7 ildir küçələrdə yatıram. Hər şey yaxşı idi, ailəmdən ayrılandan sonra anamın yanında qalırdım, sonra anam rəhmətə getdi, ata evimizi qardaşlarım satdılar. Məcbur olub Bakıya gəldim, iş tapdım, kirayə ev tutdum. Bir ildən sonra işimi itirəndə evdən də çıxartdı ev sahibi. Küçələrdə qalmağa məcbur oldum”.

Uzun müddət parklarda səfil həyatı yaşayan Solmaz tatar bir qadınla tanış olur. Soyuq qış günlərində soyuğa davam gətirmək üçün o qadınla birlikdə içməyə başlayırlar. Bundan sonrakı həyatını necə yaşayacaqsan sualına cavab verməyə çətinlik çəkir: “Müalicə olunmaq istəyirəm, sonrasını isə bilmirəm...”

“Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyi Solmazın müvafiq müayinələrdən keçməsi, müalicə olunması , psixoloji reabilitasiyası və təkrar cəmiyyətə reinteqrasiya olunması üçün ona pulsuz xidmət göstərəcək, Siğinacaqda olduğu müddətdə Solmaz pulsuz qida və geyimlə təmin olunacaq, mütəmadi olaraq psixoloqun fərdi və qrup terapiyalarından yararlanacaq. Övladlarını axtarıb tapmaq istəyən anaya dəstək olmaq üçün təşkilat tərəfindən müvafiq işlər başlanılıb.

İnanırıq ki, Solmaz normal həyata dönəcək, çünki o icindəki saf və günahsız Solmazı hələ də qoruyub saxlaya bilib. Bu günə qədər onu həmin vəzyyətdə görənlər dəstək olsaydılar, Solmaz yenidən həyata qayıtmaq üçün mübarizə aparmaq haqqında yox, həyatının uğur hekayəsini danışardı.

Təmiz Dünya
Femida.az

Açar sözlər:

Oxunub: 575