Naxçıvan Mətbuat Şurasının V konfransı keçirilib


23:07     07 Oktyabr 2017 1507380539280728474_1000x669.jpg

Oktyabrın 7-də Naxçıvan Mətbuat Şurasının V konfransı keçirilib.


Konfransda Mətbuat Şurasının üzvləri, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar və qocaman jurnalistlər iştirak ediblər.

Konfransa Naxçıvan Mətbuat Şurasının üzvü Elxan Məmmədov sədrlik edib.

Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov hesabat məruzəsi ilə çıxış edərək, son beş ildə görülən işlər haqqında danışıb. Qeyd olunub ki, şura Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublika mətbuatının qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsinə nəzarəti gücləndirib. Mətbuatın problemləri araşdırılıb, “Şərq qapısı”, şəhər və rayon qəzetlərində aylıq monitorinqlər davam etdirilib, lazımi tövsiyələr verilib.

Bildirilib ki, Mətbuat Şurasının üzvləri müxtəlif mövzularda keçirilən yaradıcılıq müsabiqələrində fəal iştirak ediblər. Keçirilən müsabiqələrə 200-dən artıq yazı təqdim olunub, 25-dən çox əməkdaş I, II, III yerlərə layiq görülüb, 30 əməkdaş isə həvəsləndirici mükafat alıb. Bununla yanaşı, qəzet redaksiyalarında da seminar-treninqlər keçirilib.

Hesabat məruzəsi ətrafında müzakirələrdə “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova, “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qənbərov çıxış ediblər.

Sonra konfransda 9 nəfərdən ibarət idarə heyətinin tərkibi seçilib. Naxçıvan Mətbuat Şurasının idarə heyətinin üzvləri Qahirə Hüseynova və Rauf Əliyev Rövşən Hüseynovun yenidən Mətbuat Şurasının sədrliyinə namizədliyini irəli sürüblər. Təklif səsə qoyulub və qəbul olunub.

Konfransda Naxçıvan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının da yeni tərkibi müəyyənləşib. Komissiyanın üzvlüyünə namizədlər səsə qoyulub və qəbul olunub. Səbuhi Həsənov Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov konfransda çıxış edərək, Naxçıvan Mətbuat Şurasının İdarə heyətinin yeni üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, muxtar respublikada kütləvi informasiya vasitələrinə göstərilən qayğı Mətbuat Şurasının fəaliyyəti üçün də geniş imkanlar açır. Jurnalistikanın prinsiplərinə əməl edilməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanların yaradılması şuranın qarşısında duran əsas vəzifələrdir. Ötən dövrdə Mətbuat Şurası bu istiqamətdə fəaliyyətini qurmağa çalışıb, müəyyən tədbirlər, seminarlar, rayonlarda qəzet müzakirələri keçirilib. Təəssüf ki, bunlar ardıcıl xarakter daşımayıb. Buna görə də Mətbuat Şurasının yeni seçilən idarə heyəti işdə dönüş yaratmalı, Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələr əsas fəaliyyət istiqaməti olmalı, tədbirlər planı hazırlanaraq icrası təmin edilməlidir.

Vurğulanıb ki, Mətbuat Şurası muxtar respublikada nəşr olunan qəzetlərin fəaliyyətinin yaxşılaşdırılmasını konkret istiqamət kimi götürməlidir. Şuranın üzvləri qəzetlərin monitorinqlərinin aparılmasında yaxından iştirak etməli, redaksiyalarda yaradıcılıq müzakirələri aparılmalı, qəzetlərdə dərc olunan yazılar təhlil olunmalı, buraxılan nöqsanlar araşdırılmalıdır.

Qeyd edilib ki, bu gün mövcud imkanlardan düzgün istifadə olunmur. İstər şura, istərsə də mətbuat orqanları ictimai nəzarətçi kimi öz funksiyasını tələb olunan səviyyədə yerinə yetirmirlər. Qəzet səhifələrində şura üzvlərinin günün mövzusuna aid təhlili məqalələri dərc edilməli, bu yazılarda yaradıcılıq nümunə gücündə olmalı, istiqamət verməlidir.

Mətbuat Şurası İdarə heyətinin iclasları yaxşı hazırlanmalı, muxtar respublika mətbuatının mövcud vəziyyəti ilə bağlı müzakirə və təhlillər aparılmalıdır. Şura kollektiv fəaliyyətin təmin olunmasının qayğısına qalmalı, qəzet əməkdaşlarının iştirakı ilə müxtəlif mövzularda seminar-treninqlər təşkil edilməlidir.

Ali Məclis Aparatının rəhbəri qeyd edib ki, yaradıcılıq işi daim axtarış, yenilik və operativlik tələb edir. Lakin muxtar respublikanın bəzi mətbuat orqanları hələ də öz şablon üslublarından uzaqlaşa bilmirlər. Mətbuatda ziyalı sözü, oxucu münasibəti, ictimaiyyətin mövqeyi görünmür. Kənar müəlliflərlə iş zəif qurulub. Təbii ki, bu da qəzetlərin oxunaqlığını xeyli aşağı salır. Mətbuat Şurası İdarə heyətinin üzvləri bu sahədə fəaliyyətlərini daha da gücləndirməli, yaradıcılıq müsabiqələri keçirilməli, muxtar respublikanın müasir tarixinin, aparılan genişmiqyaslı quruculuq tədbirlərinin qəzet səhifələrində işıqlandırılmasına geniş yer verilməlidir.

Diqqətə çatdırılıb ki, Mətbuat Şurasının digər yaradıcılıq təşkilatları, xüsusilə Yazıçılar Birliyi ilə əlaqəsi zəifdir. Nə qədər acınacaqlı olsa da, mətbuat muxtar respublika ədəbi mühitindən uzaqlaşıb. Ədəbi nümunələrə qəzet səhifələrində az yer verilir. Halbuki bu əlaqələr nə qədər məhsuldar və sıx olsa, qəzetlərə oxucu marağı da bir o qədər artar. Ona görə də Mətbuat Şurası Yazıçılar Birliyi və digər yaradıcılıq təşkilatları ilə əlaqələri gücləndirməli, sanballı və günün ruhunu tutan ədəbi nümunələrə, şair və yazıçıların publisistik çıxışlarına qəzet səhifələrində geniş yer verilməlidir.

“Bir sözlə, qarşıdakı 5 il ərzində Mətbuat Şurasının yeni seçilmiş tərkibi ciddi çalışmalı, Şuranın Nizamnamə tələbləri və buradan irəli gələn vəzifələr yerinə yetirilməlidir”, - deyən Əli Həsənov bildirib ki, kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu vəzifələrdən danışaraq deyib: “Mətbuat Şurasının işi canlandırılmalı, qəzetlərin monitorinqinin aparılmasına xüsusi fikir verilməli, yerlərdə müzakirələr keçirilməlidir. Şuranın üzvləri mütəmadi olaraq mətbuatda çıxış etməli, onların yazıları nümunə gücünə malik olmalı, gənc jurnalistləri istiqamətləndirməlidir”.

Əli Həsənov muxtar respublika rəhbərinin qarşıya qoyduğu vəzifələrin və verdiyi tapşırıqların icrasında Mətbuat Şurasının üzvlərinə uğurlar arzulayıb.

Gündəlikdə duran məsələlərin müzakirəsi yekunlaşdıqdan sonra Naxçıvan Mətbuat Şurasının V konfransının qərar layihəsi oxunub və qəbul olunub.

Bununla da Naxçıvan Mətbuat Şurasının V konfransı işini başa çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 749