161 dövlət əmlakı hərraca çıxarılacaq


15:01     09 Oktyabr 2017 dollar%20herrac.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə ayın ilk hərracı keçiriləcək.


Komitədən Femida.az-a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 161 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 55-i istifadəsiz qeyri-yaşayış sahəsi, 21-i səhmdar cəmiyyətləri 9-u isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Sabirabad Mexanikləşdirmə”, “Zaqatala Fındıq”, “Anar ”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Budəfəki hərracda həmçinin "Boradigah Çay-2" ASC-nin yerləşdiyi torpaq sahəsi də özəlləşdirilməyə çıxarılıb. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 28 min 572 manatla - 850 min 208 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” ASC-dir. Adı çəkilən əmlakın səhminin 30%-i 128 min manata yaxındır. Bundan başqa, qiyməti ilə digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” ASC-dir. Həmin əmlakın 30% səhmi isə 126 min manata yaxın təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt şəhərlərində, Yevlax, Qazax, Sabirabad, Saatlı, Astara və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 25 kvadratmetr ilə 4 386 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisəsi Balakəndə yerləşən əmlak kompleksidir. Adıçəkilən əmlak 550 min manata təklif edilir. Torpaq sahəsi 90 min kvadratmetrə, ümumi faydalı sahəsi isə 3 min kvadratmetrə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC və Nərimanov rayonunda yerləşən 7 saylı mağaza qiyməti ilə seçilənlər sırasındadır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncə şəhərində yerləşən 176 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 450 kvadratmetrdir

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 50-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

Hərracda özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Əsasən Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edək ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 712


Oxşar xəbərlər