Ekspertlər: “Həyatımız “ASAN” laşır”


19:50     01 Sentyabr 2015 419765_111443852370544_216758456_n4.jpg


Ötən gün Prezident İlham Əliyev "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb.

Sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Son fərman “ASAN Xidmət”in fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq.

Bəs, yeni fərman nələr vəd edir?

Tanınmış iqtisadçı Vüqar Bayramov Femida.az-a açıqlamasında bildirib ki, sənəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini reallaşdıracaq.

“Belə ki, bu məqsədlə “Elektron lisenziya” portalı yaradılacaq. Bu portal "Elektron hökumət"in əsas komponentlərindən biri kimi çıxış edəcək. Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət ilə məşğul olmaq istəyən sahibkardan bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbəyə, nə də çoxlu sənəd toplamasına lazım gələcək. Sahibkarlar elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanları qazanacaqlar. Portal sahibkarlara yalnız qısa müddətdə deyil, hətta cüzi xərclər ilə sənədləri əldə etmək imkanları verəcək”.

Ekspert fərmanın eyni zamanda vətəndaşların arayış almaq problemini həll edəcəyini deyib.

“Artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə arayışları ala biləcək. Bunun üçün də çox qısa zaman tələb ediləcək. Elektron bazada bütün məlumatların yerləşdirilməsi imkan verəcək ki, çox qısa zamanda sistem vətəndaşın bütün məlumatlarını görüb, onun istədiyi arayışı çap edə bilsin. Beləliklə, “ASAN Xidmət”in səlahəyətləri genişləndirməkdə davam etməkdədir. Bu isə, təbii ki, vaxta və hətta pula qənaət edilməsi deməkdir.”

Azərbaycan Dövlət İqtisad Unveristetinin müəllimi, iqtisadçı-ekspert Azər Hüseynov:

“Prezidentin son fərmanı iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərir. Çünki, lisenziyalaşdırma ilə bağlı müəyyən narazılıqlar var idi. Bu baxımdan “ASAN xidmət” bir çox qurumlarla bağlı narazılıqları aradan qaldırıb və müəyyən fəaliyyət qurumları arasında əlaqələndirici rol oyayır”.

Femida.az mövzu ilə bağlı hüquqşünas mövqeyini də öyrənib.

Hüquqşünas Fərhad Mehdiyevin fikrincə, bu tədbir əhalinin hüquqi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək:

"Mən özüm ASAN xidmətin təklif etdiyi xidmətlərdən tez-tez istifadə edirəm. Təbii ki, ASAN xidmət mərkəzlərində vətəndaşlar üçün daha yaxşı şərait yaradılıb. Şəffaflığın artırılması, korrupsiya hallarının qarşısının alınması, vətəndaşlar üçün rahatlığın təmin edilməsi kimi məsələlərdə ASAN xidmət mərkəzləri öz fəaliyyəti ilə daima müsbət mənada seçilir. Bu baxımdan ASAN xidmət mərkəzlərinin səlahiyyətlərinin artırılması birbaşa olaraq vətəndaşların hüquqi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Faktiki olaraq bəzi dövlət qurumlarının işi də yüngülləşib. Nəticə etibarilə, ASAN xidmət mərkəzləri vətəndaşlara daha peşəkar xidmət göstərdiyi üçün onun səlahiyyətləri artırılıb".

Femida.az

Açar sözlər:

Oxunub: 2154