Vəfa Quluzadə ilə öldürülən məktəblini nə birləşdirir?


23:29     04 May 2015 11185831_1577858529140621_1580423915_n.jpg

“Möhtəşəm bir era bitdi. “Yox” deyən azlardan biri də getdi.”
Bugün bu beyti “feysbukdakı” virtual dostlarımdan biri Azərbaycanın gəlmiş-getmiş ən böyük politoloqu, Vəfa Quluzadənin şəklinin altından yazmışdı. Bir neçə il əvvəl internetdə Vəfa Quluzadənin çıxışına qulaq asmışdım. O zaman düşünmüşdüm ki, görəsən Vəfa Quluzadə dünyasını dəyişəndə Azərbaycan ictimaiyyəti necə reaksiya verəcək? Əmin idim ki, bütün media onun ölümündən danışacaq, sosial şəbəkələrdə şəkli dolaşacaq.
Ancaq politoloqun ölümü və yas mərasimi on yeddi yaşlı, zərif, cılız bir qızcığazın ölümünün və yas mərasiminin kölgəsində qaldı. Sosial şəbəkələrdə və mediada əsas mövzu Aytac Babayeva oldu.
Bu gün, bütün günü bu sualı öz-özümə verdim. Aytacı Vəfa Quluzadədən önəmli edən səbəb nə idi? Nə üçün insanlar Vəfa Quluzadənin ölümünü deyil, adi, sıravi bir vətəndaşın ölümünü müzakirə edir?
Bəlkə səbəb türklərdən dilimizə keçmiş, pafoslu “qadına qarşı şiddət” ifadəsidir? Sanmıram. Belə hallar mental dəyərlərlə yaşayan, dinin hökmran olduğu kimi Azərbaycanda da tez-tez olur. Sevgilisi tərəfindən öldürülən, döyülən yüzlərlə qadın, qız var. Hətta yaxın illərdə birisi arvadının sifətini də kəsmişdi. Amma bu tip şiddət hadisələri cəmiyyətdə heç bir zaman belə rezonans doğurmamışdı. Bəs onda nədir Aytac Babayevanı fərqli qılan? Vəfa Quluzadədən önəmli edən? Aytac Babyeva ilə Vəfa Quluzadə arasında çoxlu oxşar və fərqli cəhətləri var idi. Vəfa Quluzadə Rusya və Şərq despoztizminə, diktaturasına qarşı çıxırdı, Aytac Babayeva isə şərq köləliyinə, mental despotizmə qarşı çıxmışdı. Fərqləri isə onda idi ki, Vəfa Quluzadə Aytac Babayeva kimi cəsarətli olmamışdı. O, gördüyü çatışmamazlıqlar haqqında televiziyalarda nitqlər söyləmişdi, insanları ağıllı düşünməyə çağırmış, şərdən uzaq durmağı məsləhət görmüşdü. Şərin onun arxasınca gedən, şərqin despotik dövlətlərinin, cəmiyyətlərinin aqibətini öncədən demiş, onları bu yoldan çəkindirməyə çalışmışdı. Ancaq heç bir zaman meydana çıxıb belə despotik cəmiyyətlərə, dövlətlərə qarşı çıxmamış, insanlara liderlik etməmişdi. Aytac Vəfa Quluzadədən fərqli olaraq zülmə, despotizmə, şərə nəzəri cəhətdən deyil fiziki cəhətdən qarşı çıxmışdı. Yəni televizyalara çıxıb şərhlər verib, nitqlər söyləmədi. Öz həyatını yaşadı. Ancaq seçdiyi həyat tərzi ilə şərq despotizminə, mental köləliyə qarşı çıxdı. Həyatını kölə kimi yaşayan, cəsarətsiz insanları öz seçdiyi həyatı ilə sındırdı, əzab verdi.
Necə??? Azərbaycanda yüzlərlə, minlərlə sevgilisi olan, Aytac yaşlarında oğlanlar və qızlar var. Sevirlər, sevilirlər ancaq sevgidən söhbət gedəndə özlərini tülkülüyə qoyaraq bunu pozğunluq adlandırırlar. Sevdiklərini hər kəsdən gizlədirlər. İki üzlülük edirlər. Sonra belə Aziklər gedib belə “pozğun”larla evlənirlər, bu “pozğun”ları ailələrinə gəlin gətirirlər. Əslində cəmiyyətimizin sadəcə oğlanları belə deyil. Qızları da kimisə sevir, görüşürlər. Ancaq elə ki, erə gedirlər, küçədə belə sevgililər görəndə onlara lağ edir, qızı pisləyirlər.Bir neçə il əvvəl sevgili olduqlarını unudurlar. Bəli, Aytac onu sevdiyi gədə ilə olan şəklinə görə qınayan Aziklərdən, Tükəzbanlardan fərqli idi. Mərdcəsinə sevdi, sevdiyini heç kimdən gizlətmədi. Sevdiyi ilə şəkil çəkdirdi, sosyal şəbəkələrə yerləşdirdi. Bununla da şərq mental dəyərlərinin, könüllü köləliyin mundar sifətinə (türklər demiş) okkalı bir şapalaq vurdu. Mental “dəyərləri” əlində bayraq etmiş könüllü kölələr bunu qəbul edə bilməzdi. Seçdiyi azik yalnış insan idi. Kimin həyatında olmur ki, belə səhvlər? Ətrafımıza baxsaq yüzlərlə, minlərlə belə qadın görərik. Onlarla söhbət etsəniz sizə sevgililərinin, nişanlılarının və ya ərlərinin qeybətini edərlər. Ayrılmaq istədiklərini, amma “cəmiyyət nə deyər”, “yetimlərimə kim baxar” kimi sözlər söyləyərək təhqirlərə, döyülmələrə, alçaldılmalara boyun əyirlər. Aytac isə belələrindən deyildi. Səhvini düzəldə biləcək qədər cəsarətli idi. “Rədd ol” komandasını verməklə təkcə o gədənin sifətinə deyil, həm də cəmiyyətin mental dəyərlərinə, insanı kölə edən bu dəyərlər boyun əyən Azik və Tükəzbanların sifətinə də sillə vurmuş oldu. Öz canisi başda olmaqla hər kəsə göstərdi ki, qadın da, qız da insandır, onun da hüquqları var, haqqı var. O, da adi bir insan kimi sevə, lazım gələrsə ayrıla bilər. Ancaq təbii ki, nə bu gədə, nə də mental dəyərlərin köləsi olmuş Aziklər və Tükəzbanlar bunu həzm edə bilməzdilər. Onun üçün də nəticə belə oldu. Gədə Aytacı öldürdü, Tükəzbanlar və Aziklər internetdə ona qara yaxdılar. Onu pisləmək, təhqir etmək üçün əllərindən gələni etdilər. Əslində onları da başa düşürəm. Doğulduqları gündən öldükləri günə qədər könüllü kölə olmağı özlərinə şərəf bilən, sevginin nə demək olduğunu bilməyən, hər kəsə nifrət edən, belə “nervini” Aziklər və
Tükəzbanlardan başqa nə gözləmək olar ki?

Açar sözlər:

Oxunub: 1946