Oqtay Əsədov Minskdə bir sıra görüşlər keçirib


17:36     12 Oktyabr 2017 Oqtay-Esedov988azerimus.jpg

Belarusda rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Minskdə bir sıra görüşlər keçirib.


Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşlərdən biri Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə olub.

Görüş zamanı M. Myasnikoviç bildirib ki, Belarus Azərbaycanla siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına xüsusi önəm verir. O qeyd edib ki, hazırda Belarusda Azərbaycanın 58 şirkəti, Azərbaycanda isə Belarusun 70-ə yaxın şirkəti fəaliyyət göstərir.

O. Əsədov isə bildirib ki, Azərbaycanla Belarus arasında istər siyasi, istər də iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur. O qeyd edib ki, regional parlament qurumları yaradılmalıdır, Azərbaycan və Belarus parlamentləri bu istiqamətdə birgə çalışa bilər.

Belarusun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayan Milli Məclisin sədri bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə zamanı Belarus prezidenti Aleksandr Lukaşenko dərhal bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Digər görüş Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə olub. Görüş zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, maşınqayırma, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində əlaqələrin dərinləşməsi barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk traktor zavodunun fəaliyyəti ilə tanış olub. Zavodla tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti müəssisənin rəhbərliyi ilə görüşüb. Görüşdə qeyd olunub ki, Minsk traktor zavodu bu il ərzində Azərbaycana əlavə olaraq 460 texnika göndərmək niyyətindədir. Diqqətə çatdırılıb ki, müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır.

Nümayəndə heyətinin Minskə səfəri davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 769