Nazirlik əlilləri istirahətə göndərdi


15:03     23 Oktyabr 2017 eesmn-27.JPG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 101 nəfər əlilliyi olan şəxs xüsusi ayrılmış nəqliyyat vasitələri ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə istirahətə yola salınıb.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin ötən dövründə 1 266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahəti təşkil edilib. Onlardan 466 nəfəri Lənkəran, 550 nəfəri Xaçmaz (Nabran), 250 nəfəri isə Quba rayonundakı istirahət mərkəzlərinə göndərilib.

Əlilliyi olan şəxslərin yola salınması zamanı ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə edildikləri vurğulanıb. Bildirilib ki, əlilliyi olan vətəndaşların reabilitasiya tədbirlərinə cəlb olunması yönündə də məqsədyönlü işlər aparılır. Təkcə bu ilin yanvar-sentyabr aylarında nazirliyin reabilitasiya müəssisələrində 16 601 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib, əlilliyi olan şəxslərə ümumilikdə 22 453 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Pensiya və sosial müavinətlərlə, sosial xidmətlərlə təmin olunanların da mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Əlilliyi olan insanların peşə reabilitasiyası da diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində istifadəyə verildiyi 2013-cü ilin dekabr ayından bəri 1 215 nəfər sağlamlıq imkanları məhdud gənc üçün peşə hazırlığı kursları təşkil olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1135