Ermənistanın yeni planı: “Müsəlman ermənilər” layihəsi nəyə hesablanıb? - MÜSAHİBƏ


15:48     30 Oktyabr 2017 araz%20qurbanov3.jpg


Femida.az-ın növbəti müsahibi Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş mətbuat katibi, Strateji Araşdırmalar Mərkəzinin eksperti Araz Qurbanovdur.

Müsahibəni oxuculara təqdim edirik:

- Bu yaxınlarda SAM-ın «Müsəlman ermənilər» Regionda geosiyasi oyunların yeni iştirakçıları» adlı kitabınız çapdan çıxmış və cəmiyyətdə maraqla qarşılanmışdır. İlk sualımız da bu kitabla bağlıdır. Necə oldu ki, belə bir kitab yazmaq qərarına gəldiniz?

- Bu günlərdə on illiyini qeyd edəcək Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın daxili, xarici və iqtisadi siyasəti ilə əlaqəli məsələlərin öyrənilməsi, təhlili, proqnozlaşdırılması və qabaqlayıcı tövsiyələrin hazırlanması üzrə ixtisaslaşdırılmış rəsmi elm təşkilatıdır. Göründüyü kimi, fəaliyyət istiqamətlərimiz geniş və əhatəlidir. Təbii ki, əsas araşdırmalarımız qapalı xarakterlidir. Bununla belə, «ideya generatoru» funksiyası, təbliğat işi, əhalinin bir sıra əhəmiyyətli məsələlər barədə məlumatlandırılması da mərkəzimizin mühüm fəaliyyət sahələrindəndir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli məsələlərin, qondarma «erməni məsələsinin» tədqiqində, Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi asimmetrik mübarizə metodlarının müəyyən edilməsində, erməni təbliğatına qarşı qabaqlayıcı əks-təbliğatın qurulmasında Azərbaycanın müvafiq dövlət orqanları, elm mərkəzləri, ictimai birlikləri, eləcə də xarici ölkələrdəki tərəfdaşlarımız ilə sıx əməkdaşlıq edirik. Şərti olaraq, «müsəlman ermənilər» adlandırılan mövzuya gəldikdə isə, araşdırmalar başa çatdırıldıqdan sonra Ermənistanın həm etnik, həm də dini amillərdən istifadə etməklə Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı yeni təxribat üsulları haqqında cəmiyyəti də məlumatlandırmaq, həmin təhdid cəhdlərinin məqsəd və istiqamətlərini göstərmək, mövzunu ictimai dövriyyəyə və müzakirəyə buraxmaq qərara alınmışdır. Onu da xüsusi qeyd etmək istərdim ki, SAM-ın bu nəşri Türkiyədə də, xüsusilə erməni təbliğatının «zorən müsəlmanlaşdırılmış və türkləşmiş ermənilər» kimi təqdim etmək istədikləri həmşinlilər arasında müsbət reaksiya doğurmuşdur. Hazırda qardaş Türkiyədə ermənilərin bu istiqamətdə təbliğatına qarşı ortaq tədbirlər keçirmək barədə təkliflər almışıq.

- Açıq desək, «müsəlman ermənilər» ifadəsi bir qədər qəribə səslənir…

- Əlbəttə, indi unudulmuş və qeyri-adi səslənən ifadədir. Lakin unutmaq lazım deyildir ki, yüz il, iki yüz il əvvəl bu sözlər tamamilə adi qarşılanırdı. Yaxın və Orta Şərqdə islamı qəbul etmiş ermənilər İslam ümmətinin tərkibində olmuşlar. Onu da vurğulamaq istərdim ki, Orta əsr qərb dövlətlərində, xüsusilə hazırda erməni iddialarının əsas dəstəkçilərindən olan Fransada etnik ermənilər «Şərq xalqı» kimi qəbul edilmiş, məsələn, XII əsrə aid olan «Narbonnalı Eymerin ölümü» fransız poemasında ermənilərin adı türklər və həbəşlərlə bir sırada çəkilmiş və onlar da «kafir», yəni «müsəlman» adlandırılmışlar. Həmin poemada hətta «mavr əmirlərindən» birinin erməni olduğu da göstərilmişdi. Fransızların «Mene» epik dastanında isə deyilir: «Acgöz bütpərəstlər – slovaklar, ermənilər, turkopollar - Səlib müharibələri dövrlərində yerli türk və yunanlardan ibarət muzdlu oxatanlar, nubiyalılar qaçmağa üz tutdular». Bundan başqa, Osmanlı dövlətində «milləti-sadiqə» adlanan erməni millətinə etnik mənsubiyyətindən asılı olmayaraq qriqorian məzhəbinə tapınan xristianlar daxil edilirdilər. Xilafət və Osmanlı dönəmlərində islamı qəbul etmiş ermənilər isə islam ümmətinin tərkibində olmuşlar. Onların arasında tanınmış din xadimləri, Quran təfsirçiləri də vardı. Təəssüf ki, «müsəlman ermənilər» mövzusu az öyrənilmiş və diqqətdən kənarda qalmışdı. Eyni münasibəti «xristian türklər» mövzusuna da aid etmək olar. Məsələn, islam peyğəmbərinə, Hz.Əliyə, imamlara, Şah Xətaiyə, Pir Sultan Abdala şerlər həsr edən aşıq Sayat Nova bütün əlamətləri ilə müsəlman olduğu kimi, «Əsli və Kərəm» dastanında Qara keşiş və Məryəm xristian türklər olmuşlar. Yeri gəlmişkən, «Qara keşiş» heç də insan adı deyil, dini titul olmuş «baş keşiş», yəni «yepiskop» anlamını vermişdi. Hazırkı dövrə gəldikdə isə «müsəlman ermənilər» məsələsi həm Ermənistan SSR-də, həm də indiki Ermənistan Respublikasında uzun müddət yasaq mövzu hesab edilmişdi. Səbəb isə ermənilərin etnik identikliyində kilsə amilinin dominat rol oynaması, etnik kimliyin müəyyən edilməsində «xristian olmayan erməni deyildir» prinsipinə riayət edilməsidir. Onları bütövlükdə «dindən dönmə», «türkdən dönmə», «millət xainləri» adlandırırdılar. «zorən islamlaşdırılmış və türkləşmiş», «kürdləşmiş», «ərəbləşmiş», «lazlaşmış» və s. ermənilərin 2000-ci illərin əvvəllərindən siyasi gündəmə gətirilməsi onlardan «beşinci kalonun» formalaşdırılması isə təkcə Ermənistan siyasətçilərinin ideyası deyildir. Regionda geosiyasi və geoiqtisadi maraqları olan dövlətlər, bəzi beynəlxalq qurumlar da də bu və ya digər səviyyədə həmin proseslərdə fəal iştirak iştirak etməkdədirlər. Ermənistan isə hətta «bir millət. iki dövlət» prinsipini də açıq şəkildə mənimsəyərək ortaq maraqları olan bəzi islam dövlətləri ilə ələqələrinin möhkəmləndirilməsində «müsəlman ermənilər» amilindən geniş istifadə etməkdədir. Bu məsələ həm də ona görə aktualdır ki, qondarma «erməni məsələsinə» daxil olan «zorən islamlaşdırılmış ermənilər» mifinin arxasında Şərqi Anadoluya və Qara dəniz bölgəsinə, Naxçıvana ərazi iddiaları dayanır, Ermənistanın işğalçılıq siyasəti üçün etnosiyasi "bəraətlər" formalaşdırılır.



- Siz kitabda onların Türkiyə və Azərbaycana qarşı iki proqramının da təhlilini vermisiniz...

- Bu fəaliyyət Türkiyə ərazisində «Kimliyə qayıdış», Azərbaycanın işğal altında olan torpaqlarında isə «Qarabağa dönüş» proqramları çərçivəsində həyata keçirilir. Türkiyə üçün nəzərdə tutulmuş proqram «Kimliyə dönüş» adlandırılır. Yuxarıda qeyd olunduğu kimi müasir «erməni məsələsi» əsasən «4T» formulu əsasında qurulmuşdur və bu gün də onun dörd prinsipi üzrə icra etdirilməkdədir: qondanma «erməni soyqırımını» Tanıtma, Tanınma yəni təsdiqlətmə, Təzminat və Torpaq iddiaları. Beləliklə, qondarma «erməni soyqırımının» tanınmasında, «soyqırım qurbanlarının» ailələri üçün təzminat alınmasında və guya «tarixi erməni ərazilərinin» bərpasında indiyədək irəliləyişə nail ola bilməyən Ermənistan və onun himayədarları «Birləşmiş Ermənistan» doktrinasını dövlət siyasəti kimi gündəmdə saxlamaq üçün bu gün regional etnosiyasi münaqişələr səhnəsinə asimmetrik mübarizənin yeni personajlarını – «müsəlman ermənilər», «islamlaşdırılmış ermənilər» və ya «kriptoermənilər» adlandırılan qrupu gətirir. Onların iddialarına əsasən, erməni xalqının Türkiyədəki «türkləşmiş ermənilər», «kürdləşmiş ermənilər», «qaraçı ermənilər», «həmşinlilər», «gürcüləşmiş müsəlman ermənilər», Suriya və İraqdakı – «ərəbləşmiş ermənilər», Azərbaycanda isə «türkləşmiş ermənilər», «tatdilli ermənilər» və ya «erməni tatlar» kimi qondarma etnik qrupların mövcudluğuna dair faktoidlərin insan hüquqlarının müdafiəsi müstəvisinə gətirilməsi və siyasi manipulyasiya vasitəsinə çevrilməsi «Birləşmiş Ermənistan» ideyasının reallaşdırılması üçün əlavə şanslar yaradacaqdır.

Təhlillərə əsasən, Ermənistan və onun tərəfdaşlarının müsəlman ermənilər amilinin fəallaşdırılmasında məqsədləri aşağıdakılardır: Türkiyədə «zorən islamlaşdırılmış ermənilərin problemini» beynəlxalq müzakirə arenasına çıxarılmaq, onların vasitəsilə qondarma «erməni soyqırımı» mifini «müsəlman ermənilərin diskriminasiyası» elementi ilə zənginləşdirilmək. Qondarma «erməni soyqırımının» Türkiyədə rəsmi tanıdılması və bundan irəli gələn tələblərin ödənilməsi üçün rəsmi Ankaraya yeni təsir imkanları əldə etmək. Müsəlman ermənilər amili ilə islam dövlətlərinin və beynəlxalq islam təşkilatlarının həm bu prosesə, həm də Ermənistan Respublikası ilə siyasi-iqtisadi əməkdaşlığa cəlb etmək. Türkiyənin «antidemokratik və teokratik dövlət» imicini formalaşdırmaq, burada məzhəb fərqini etnik-dini ədavət həddinə çatdırmaq, yeni etnosiyasi münaqişə ocaqları yaratmaqla ölkədəki ictimai-siyasi vəziyyətin gərginləşdirilmək. Türkiyədə məzhəb etibarı ilə şiə və ələvi olan müsəlman ermənilərin etnik və dini baxımdan Ermənistanın və İranın bəzi dini dairələrinin təsir və maraq dairəsinə salmaq. Türkiyədə «ümumerməni siyasi təşkilatının» yaradılmasınadək buradakı xristian və müsəlman erməniləri Xalqların Demokratik Partiyası ətrafında birləşdirilmək. Şərqi Anadolunu və həmşinlilərin sıx yaşadıqları Qara dəniz bölgəsini «tarixi Ermənistan torpaqları», «Qərbi Ermənistan əraziləri» kimi tanıtmaq. Ermənistanın həmin ərazilər vasitəsilə Qara dənizə çıxış əldə etmə səyləri üçün «tarixi əsaslandırmalar» hazırlanmaq və s.

- Bəs, Azərbaycanla bağlı?

- «Kimliyə qayıdış» və «Qarabağa dönüş» «proqramları bir-biri ilə üzvü şəkildə əlaqəlidir. Aralarında fərqli «coğrafi ərazi tələblərinə» – birinin qondarma «Qərbi Ermənistanın», digərinin isə bir o qədər mifik olan «Şərqi Ermənistan» torpaqlarının Türkiyə, Azərbaycan və Gürcüstandan ayrılıb Ermənistana qatılması xülyaları son nəticədə hər iki ideya «Birləşmiş Ermənistan» iddiasınının tərkib hissələridir. Qısaca desək, beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, Ermənistanın «Qarabağa dönüş» planının siyasi, dini aspektləri, dövlətlərarası münasibətlərə təsir imkanlarına dair mülahizələrə əsasan, Ermənistanın bu proqramın reallaşdırılmasında əsas məqsədləri bunlardır: İlk mərhələ olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması, Azərbaycan və Ermənistan arasındakı «bufer zonasının» «islam amili» ilə möhkəmləndirilməsi; Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində «müsəlman ermənilərdən ibarət dini icmalarn» yaradılması və onların vasitəsi ilə islam dövlətləri ilə siyasi-iqtisadi və mədəni əlaqələrin qurulması, İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin normallaşdırılması; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində «DQR»-in «iştirakçı tərəf» olması iddiasının təmin edilməsi, islam ölkələrində münaqişə barədə formalaşmış «xristian-müsəlman qarşıdurması» formatının tədricən dəyişdirilməsi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda fəaliyyətini «Qarabağın müsəlman əhalisinə qarşı hərbi təcavüz» kimi təqdim olunması; «imkanlı repatriantlar» vasitəsilə və onlara yardım adı altında Ermənistan iqtisadiyyatına investisiya qoyuluşuna nail olunması; «Dağlıq Qarabağın şiə erməni dini icmasını» formalaşdırmaqla İranın regionda və münaqişənin həllində mövqeyinin möhkəmləndirilməsi və təsir imkanlarının artırılması; İrana «Qarabağın müsəlman erməni əhalisinin müdafiəçisi» statusunun verilməsi; Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Naxçıvan Muxtar Respublikasına Ermənistanın ərazi iddialarının etnosiyasi faktoidlərlə əsaslandırılması, bu zaman vaxtilə «yerli əhalinin əsas hissəsini təşkil edən türkləşmiş müsəlman ermənilər» mifindən istifadə olunması; Azərbaycanda XVI-XVII əsrlərdə islam dinini qəbul edən və tamamilə assimilyasiya olunan ermənilərin» mövcudluğunu iddia etməklə bu etnosun təkcə həmin əsrlərdə deyil, ondan əvvəlki dövrlərdə Cənubi Qafqazda məskunlaşmalarının «təsdiqi»; Azərbaycanın maddi-mədəni və qeyri-maddi mədəni irs nümunələrinin mənimsənilməsində «türkləşmiş müsəlman ermənilər» amilindən istifadə olunması; Azərbaycanın həmin dini-etnik qrup vasitəsilə erməni mədəniyyətini özünküləşdirməsində ittiham edilməsi.

Hazırda «Qarabağa dönüş» proqramının növbəti hədəfi Suriya erməniləri, o cümlədən onların «islamlaşdırılmış» hissəsidir. Onların sayının təqribən 100 min nəfər olduğu birlirilir. İraqda, İranda, Küveytdə, İordaniyada, Livanda da müsəlman ermənilər vardır. Onların «tarixi vətənlərinə qayıdışının» - Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində məksunlaşmasının alovlu tərəfdarları sırasında fransalı mücənni Şarl Aznavur (Şahnur Aznavuryan) da vardır. 2013-cü ildə Parisdə Ermənistan prezidenti Serj Sarqsyanla görüşü zamanı onun qaldırdığı əsas məsələlərdən biri erməni gənclərinin Ermənistandan kütləvi miqrasiyası nəticəsində ölkə əhalisinin sürətlə azalması, şəhər və kəndlərin boşalması olmuşdur. Ş.Aznavur vəziyyətdən çıxış variantlarından biri kimi S.Sarqsyana Ermənistanın öz giriş qapılarının islam dininə tapınan erməni diasporası nümayəndələrinin və müsəlman ermənilərin üzünə geniş açılmasını təklif etmişdir. O, müsahibələrinin birində bu barədə demişdir: «Hazırda Türkiyədə bir milyon erməni yaşayır. Onlar bir çoxunun «türk dili» adlandırdıqları erməni dilinin dialektlərindən birində danışırlar. Düşünürəm ki, Ermənistanın yeni və demokratik cəmiyyəti iudaist, müsəlman, protestant, katolik erməniləri də qəbul etməlidir. Biz bu zaman 7 milyon deyil, 8, 9, 10 milyon nəfər olacağıq». Mətbuata sızan məlumata əsasən, 2012-ci ilin əvvələrində Suriya qaçqınlarından ibarət 29 ailə Qarabağa köçürülmüşdür. 2013-cü ildə isə Bostondakı erməni icmasının topladığı 1,3 milyon ABŞ dolları məbləğində vəsait hesabına işğal altında olan Zəngilan rayonunun Xanlıq kəndinin ərazisində suriyalı 30 ailə üçün yaşayış evləri tikib istifadəyə vermişdir. Ermənilər kəndin adını dəyişmiş və «İşxanadzor» qoymuşlar.

- Axı bildiyimiz qədər, həm Ermənistanda, həm də işğal olunmuş torpaqlarımızda məcsidlərimizin məhv edilməsi halları baş verməkdədir...

- «Müsəlman ermənilər» məsələsi, «Qarabağa qayıdış» proqramı gündəmə gətirildikdən sonra əks proses başlanmışdır. Bu gün Ermənistan həm xristian dövlətləri içərisində, həm də İslam dünyasında özünə etibarlı müttəfiqlər axtarışındadır. Onun İran İslam Respublikası ilə münasibətləri də özünün orijinallığı ilə seçilmir. Belə ki, İranı «alternativsiz tərəfdaş» kimi görür və bu əlaqələrin strateji maraqlar səviyyəsinə yüksəlməsi üçün Rusiya Federasiyası daxil olmaqla qarşılıqlı faydalı münasibətlərin üçtərəfli əməkdaşlıq formatında qurulmasına səy göstərir. Hazırda rəsmi İrəvanın İrana yönəlik xarici siyasətində üç istiqamət özünü qabarıq şəkildə birüzə verir: Ermənistanda və Azərbaycanın işğalı altında olan ərazilərində İranın da siyasi və iqtisadi maraqlarının təmin edilməsi onun Türkiyə və Azərbaycanla əlaqələrində süni gərginlik yaratmaqla bu vəziyyətdən öz mənafeyi üçün istifadə olunması; İslamofobiyanı, müsəlmanlara nifrət hissini ümummilli ideyanın tərkib hissəsinə çevirən, Ermənistan ərazisində müsəlmanlara aid dini tikililəri, abidələri dağıdan, onlara qarşı etnik təmizləmə və soyqırım aktları həyata keçirən xristian Ermənistanın İranın «dünya müsəlmanlarının müdafiəsi» statusundan bəhrələnməklə islam dünyasına nüfuz olunması; Qondarma «Dağlıq Qarabağ Respublikası» ərazisinə Suriya, İraq və Türkiyənin müsəlman ermənilərini «repatriasiya» etmək və onları İranın dini dairələrinin himayəsinə verməklə rəsmi Tehranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki deklarativ «müsəlman təəssübkeşliyini» «islamlaşdırılmış ermənilərin» hüquqlarının qorunmasına yönəldilməsi.

O da bir faktdır ki, İİR-in Azərbaycanın ərazi bütövlüyünü tanımasına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və beynəlxalq hüquq çərçivəsinə həllinə dair dəyişilməz mövqeyinə baxmayaraq, müəyyən dini-siyasi dairələr rəsmi Tehranın öz mövqeyində səmimiliyinə və ciddiliyinə xələl gətirməkdədirlər. Onu da əlavə edək ki, İran İslam Respublikasının Rusiya Federasiyasında sabiq səfiri Seyid Mahmud Rza Səcadi 2011-ci ildə Rusiya ermənilərinin «Noev kovçeq» qəzetinə verdiyi müsahibəsində qondarma «Dağlıq Qarabağ Respublikasının» işğal altında olan Şuşa məscidinin bərpasına 2 milyon dollar vəsait ayırmasını «Qarabağ hökumətinin nəcib addımı» kimi dəyərləndirmişdir. Bu sırada Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərində ermənilərin dağıtdığı məscidləri «fars memarlığı nümunələri» adı altında bərpası Ermənistan hakimiyyətini islam dövlətlərinin qınağında xilas edir və Azərbaycana qarşı növbəti iddialar üçün əlavə imkanlar yaradır. Məsələn, 2016-cı ilin dekabr ayının 7-də qondarma «Dağlıq Qarabağ Respublikasının» “iqtisadiyyat nazirliyi” və İranın «Part Saman Cahan Co.» şirkəti danışıqlar nəticəsində erməni silahlı qüvvələrinin işğalı altında olan Şuşa şəhərindəki Gövhər ağa məscidinin bərpasına dair müqavilə imzalamışlar. Bir müddət əvvəl həmin məscidi artileriya atəşi ilə bərbad vəziyyətə salan, onu silah ambarına və tövləyə çevirən «qan qardaşlarının» - xristian ermənilərin xahişinə «bəçeşm» cavabını verən iranlı mömin bəradərlər dərhal qollarını çırmalayaraq işə başlaması Azərbaycanda haqlı təəssüf hissinə səbəb olmuşdur. Yayılan məlumata görə, layihənin müəllifi iranlı memar Səid Nəhavəndidir, bərpa işlərinin maliyyələşdirilməsini isə Ermənistandakı Şərqin Tarixi İrsinin İntibahı Fondu öhdəsinə götürmüşdür. Qondarma «Dağlıq Qarabağ Respublikasının iqtisadiyyat nazirinin müavini Sergey Şahverdiyan həmin birgə səylərin səbəblərini açıqlayaraq bildirmişdir ki, «Dini mənsubiyyətindən asılı olmayaraq, Qarabağ xalqının tarixi mülkiyyəti olan Gövhər ağa məçscidi həm İran mədəniyyəti muzeyi kimi fəaliyyət göstərəcək, həm də Qarabağa gələn müsəlmanlar üçün ibadət yeri olacaqdlır. Bərpa işlərinə İran şirkətinin cəlb olunması isə təsadüfi deyildir. Çünki, bu tikili fars imperiyası ilə Cənubi Qafqaz və Arsax (Qarabağ) arasında tarixi əlaqələrin təcəssümüdür».

- Kitaba narazılıq edən olubmu?

- Çox cüzi də olsa, kitabda qaldırılan məsələlərə narazılıq edən, qərəzli yanaşan, hətta bəzən şəxsi narahatlığını gizlətməyənlər də var. Onları başa düşürəm. Belələrinə cavab qısa olub: «Kitabda Sizin adınızı çəkilməyib». Təbii ki, əsas narahat tərəf Ermənistandır. Hətta sosial şəbəkədə SAM-ı guya «müsəlman erməniləri Ermənistan və Azərbaycan arasında münaqişəyə qatmaqda» da ittiham edirlər. Halbuki, münaqişədə «perspektivli tərəf» kimi onlardan istifadə edən məhz rəsmi İrəvan, erməni diasporası və Ermənistanı himayə edən dövlətlərdir. Biz isə sadəcə olaraq, bu qüvvələrin məqsədlərini və metodlarını, hazırda etdiklərini və gələcək planlarını Azərbaycan və Türkiyə ictimaiyyətinə çatdırmağa çalışmışıq.

- Yaxın vaxtlarda onun xarici dillərə tərcüməsi gözlənilirmi?

- «Salavat gücə bağlıdır». Tələbat olsa, tərcümə ediləcək. Bu müəllifin arzu və iradəsindən asılı olmayan məsələdir. Hazırda Türkiyədəki həmşinli dərnəklərindən onun türkcəyə çevrilməsi barədə təklif almışıq. Ukraynada da analoji təşəbbüs var.

- Sizcə, ermənilərlə yenidən birgə yaşaya bilərik?

- Biz erməni xalqı ilə mübarizə aparmırıq. Mübarizənin hədəfi Azərbaycanın ərazi bütövlüyünün bərpası, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasıdır. Azərbaycan ərazilərinin bölünməzliyini dəstəkləyənlər, onun qanunlarına riayət edənlər, vətəndaş olaraq bizimlə birlikdə torpaqlarımızdada yaşamaq istəyənlər üçün etnik mənşəyindən asılı olmayaraq problem yoxdur. Fərqli mövqedə olanlar üçün isə yol açıqdır.



- Bu gün Ermənistanda Azərbaycana qarşı təbliğatı əsasən hansı mərkəzlər aparır?

- Ermənistanda Azərbaycana qarşı təbliğatn görünən mərkəzlərindən İrəvan Dövlət Universitetidir. Təbii ki, bu qurum müvafiq dövlət orkanları tərəfindən idarə olunur. Türkiyəyə qarşı saxta ərazi iddialarının arxasında yenə də bu universitet dayanır. Azərbaycanda xalqlar arasında etnik separatizm meyllərinin formalaşdırılması, təşkilatlanması və siyasiləşdirilməsi Ermənistanın dövlət siyasəti, asimmetrik mübarizə metodu olsa da, yenə də qabağa İrəvan Dövlət Universitetini vermişlər. Həm «Kimliyə dönüş», həm də «Qarabağa qayıdış» proqramlarının əsas icraçıları bu ali məktəbin müəllimləridir. Yəni, Ermənistan dövləti, onun müvafiq strukturları bu mütəxəssislərin vasitəsilə planlarını həyata keçirirlər. Universitetdə Azərbaycan türkcəsi geniş tədris olunur, ölkədəki etnosiyasi və etnodini vəziyyət, azərbaycanlıların etnopsixologiyası və s. ciddi şəkildə öyrənilir.

- Erməni yalanlarının bəzən orta məktəb dərsliklərimizdə də əks olunduğunu görürük. Bundan başqa, ermənipərəst müəlliflərin yazdığı əsərləri də bəzən ölkəmizdə satışda olduğunu görürük.

- Yeniyetmələrin, gənc nəslin vətəndaş kimi formalaşdırılmasında təhsil müstəsna əhəmiyyətə malikdir. Bu arzuolunmaz hadisələr bir daha göstərdi ki, dərsliklər özfəaliyyət qaydasında hazırlanmamalıdır. Mən həmin müəlliflərin bu yanılışlığa məqsədli və bilmədən yol vermələri barədə qəti fikir bildirmək istəmirəm. Bunun müəyyənləşdirilməsi aidiyyatlı qurumların vəzifəsidir. Dərslik tərtibatı həm konseptual, həm də peşəkar yanaşma tələb edir.

- İxtisasca jurnalist olan biri kimi mətbuatımızın bugünkü durumundan razısınızmı?

- Azərbaycanda kifayət qədər peşəkar jurnalistlər olsa da, təəssüf ki, bütövlükdə mətbuatımızın intellektual səviyyəsi, mövzu əhatəsi, onun işlənməsi və təqdimatı tələblər səviyyəsində deyildir. Jurnalist ziyalıdır, ictimai xadimdir və ictimai rəyi formalaşdıran şəxsdir. Təbliğat iş isə olduqca həssas sahədir və ona korporativ maraqlar, «informasiya bazarı» müstəvisindən yanaşılmamalıdır.

- Sizcə, bugünkü oxucu hansı məlumatları oxumaq istəyir?

- «Bazar münasibətlərinə» görə tələb təklifi formalaşdırır. Lakin oxucu, tamaşaçı, dinləyici auditoriyası müxtəlifdir. Jurnalist oxucusunu öz səviyyəsinə qaldırmalıdır, əksinə orta statistik istehlakçının səviyyəsinə enməməlidir, oxucuda yeni tələbat formalaşdırmalıdır. Təəssüf ki, bəzən əksini, bayağılığı, primitiv mövzuların önə çəkilməsini, oxucunun jurnalisti öz arxasınca aparmasını görürük. Halbuki, oxucunun zövqünü və marağını həm də jurnalist formalaşdırmalıdır. 1991-ci ildə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında üç aylıq hazırlıq kurslarına dair elan asılmışdı. Elanda üç ixtisasın adı yazılmışdı: tibb bacısı, massajist və jurnalistika. Jurnalistikanın devalvasiyası beləcə başlandı…

- Bəs, qeyri-peşəkarların jurnalistikaya gəlməsinin qarşısını almaq üçün nə etmək lazımdır?

- Jurnalistlər özləri öz sıralarını diletantlardan, möhtəkirlərdən, gündə bir neçə dəfə əqidəsini dəyişənlərdən təmizləməlidirlər. Bunun üçün Azərbaycanda mətbuatla əlaqəli kifayət qədər təşkilat var.

- Yəni deyirsiniz ki, jurnalistin mütləq mövqeyi olmalıdır elə?

- Əlbəttə. Baxın, siz indi mənə öz mövqeyinizi deyirsiniz, mən isə öz mövqeyimdən çıxış edirəm. Bu zaman konstruktiv söhbətimiz alınır və hər ikimiz bir tərəfdən məsələlərə öz münasibətimizi bildiririk. Digər tərəfdən ortaq təmas xətti axtarırıq. Mövqeyi olan jurnalistlə söhbət etmək rahatdır, hətta yanaşmalar arasında prinsipial fərqlər olsa belə. Jurnalist müsahibini, müsahib isə öz növbəsində jurnalisti öyrənir. Mövqesiz jurnalist isə özünü sığortalayan «söz gəzdirən», «xəbərçidir». İranda belə jurnalistlərə «xəbərnegar» - yəni «xəbər daşıyan» deyirlər. Müsahibin haradasa yanılış ifadə işlətməyini gözləyir ki, onu yaymaqla ucuz şöhrət qazansın. Jurnalist ilk növbədə vətəndaşdır. Vətədaş mövqeyi, əqidəsi olmayan kəs aydındır ki, jurnalistika ilə məşğul olmamalıdır. «Əqidəsizlik də bir əqidədir» prinsipi ilə əlinə qələm, mikrafon alanlar jurnalistikadan uzaqlaşdırılmalıdır. Əqidə tamah, təmənna altında gizlənəndə jurnalistika nüfuzdan düşür.

- Siyasi əqidəsizlik də bura daxildir?

- Nə əvvəllər, nə də indi jurnalistləri siyasi əqidəsinə görə ayırmamışam. Mənim üçün peşəkar və bir də qeyri-peşəkar jurnalistlər var. Çünki dövlətçiliyə ən böyük müxalifət məhz əqidəsizlikdir. Əqidəsində dürüst olana, hətta mövqeyini bölüşməsəm də, hörmətim var. Şair Fikrət Sadıqın bir sözünü xatırladım: “Zurnaçı var elə çalır, zurnaçı var belə çalır, zurnaçı da var elə-belə çalır”. Nə pislik varsa, bax, o üçüncü kateqoriyadan olan əqidəsizlərdən gəlir.

- Fərqli sual verim. Bu gün xüsusi xidmət orqanlarının əməkdaşları sanki açıq fəaliyyətə keçiblər. Hər hansı tədbirdə onları aydın şəkildə seçmək olur. Bunun səbəbi nədir?

- Siz «sanki» sözünü işlətdiniz, deməli, dediklərinizə özünüzün də şübhəniz var və əgər hər hansı bir tədbirdə onları «aydın şəkildə seçirsinizsə», deməli, yanılmışsınız. Onlar xüsusi xidmət orqanı əməkdaşı deyillər. Belə konspiroloji illüziyalar yaradan yanaşmalar həmişə olub. Normal olaraq, vətəndaş üçün hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə digər dövlət təşkilatları arasında fərq olmamalıdır. Onlar sizin, mənim, ətrafdakılarımız təhlükəsizliyi ilə bağlı vəzifə borclarını bacardıqları kimi yerinə yetirirlər. Siz ki, həkimi və ya yanğınsöndürəni «açıq fəaliyyət» göstərdiklərinə görə ittiham etmirsiniz? Bəzən, «məni daim izləyirlər», «telefonum dinlənilir» deyən və təhlükəsizlik mənafeləri üçün heç bir əhəmiyyət daşımayan adamların ya psixiatr yardımına ehiyacı oluqları, ya da belələrinin özünüreklam, ucuz piar qazanmaq səyləri üzə çıxır. Bu isə «Ələkeçməz Co» adlı kovboy haqqında məşhur Amerika lətifəsini xatırladır. Kovboya heç də ələ keçmədiyi üçün belə demirdilər. Sadəcə olaraq, onu heç kəs və heç vaxt axtarmırdı!

- Elə isə, jurnalistlə xüsusi xidmət orqanı işçisinin fəaliyyəti arasında fərq varmı?

- Oxşarlıq var. Hər ikisi informasiya ilə işləyir, onu toplayır, təhlil edir, nəticəyə gəlir. Fərq həmin informasiyanın təyinatındadır. Göründüyü kimi, hərə öz işi ilə məşğuldur və bir-birinizə mane olmursunuz…

- Eldar Mahmudovun səhvi nə idi?

- Söhbətimiz haradan haraya gəldi! Mənim mövqeyim ictimaiyyətin bu məsələyə münasibətindən fərqlənmir. Lakin bu olaya dair «səhv» sözünü işlətmək Azərbaycana vurulan zərərin miqyasını azaltmaqdır. Ən böyük zərbə vətəndaşların xüsusi xidmət orqanlarına olan inam və etibarına dəydi. Bu etimadı bərpa etmək isə çətin və vaxt tələb edən prosesdir. İnanıram ki, bu mərhələ də adlanacaq.

- Söhbət zamanı ideologiya məsələsinə də toxundunuz. Sizcə biz hansı ideologiya ətrafında birləşməliyik: Azərbaycançılıq, yoxsa İslam?

- Din mahiyyət etibarı ilə siyasi və səfərbəredici ileologiyadır. Dövlətiçiliyin ideoloji dayaqları zəif olan ölkədə din alternativ məfkurə kimi dominant rol oynamağa, dövlətin idarə olunmasına təsir etməyə başlayır. Bəzi Yaxın və Orta Şərq dövlətlərinin təcrübəsi bunu göstərdi. Bü gün istəsək də, istəməsək də bütün dünyada din siyasiləşib. Artıq dinin «mənəvi dəyər» olmasından danışmaq yersizdir. Azərbaycanın tarixi ənənələrinə, burada yaşayan xalqların, yayılan ənənəvi dinlərin polikultural yaşam tərzinə, birgəyaşayış normalarına, ən başlıcısı isə Dövlət bayrağımızın prinsiplərin ardıcıllığına söykənən Azərbaycançılıq ideyası bu gün alternativsizdir. Sadəcə olaraq, bu ideyanın ideologiya həddinə çatdırmaq üçün konseptual əsasları hazırlanmalı və mərhələli şəkildə həyata keçirilməlidir.

- Bu ideologiyanın ətrafında sıx birləşə bilmişikmi?

- Dövlət kimi, xalq kimi mövcud olmaq, inkişaf etmək, milli və vətəndaş birliyini qorumaq istəyiriksə, birləşməliyik. Alternativ yol yoxdur.

Ceyhun Əhmədli
Fotolar: Elvin Abdulla
Femida.az

Açar sözlər:

Oxunub: 6114