Paytaxtda pensiyaçıların pulu qarət olundu - RƏSMİ AÇIQLAMA


15:47     30 Oktyabr 2017 yasli%20kisi%20intihar%20bosanma%20aile.jpg

Bir neçə gün əvvəl Xətai rayonunda evlərdən birinə quldurluq niyyəti ilə basqın edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 23-də iki nəfər naməlum şəxs Xətai rayon sakini Viktor Məmmədovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat pulunu və 500 dollar pulunu ələ keçirib hadisə yerindən uzaqlaşıblar.

Xətai Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər –Səyavuş Səfiyev və Kamal Fərhadov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvü K.Fərhadovun bir neçə il əvvəl qeyd edilən mənzildən oğurluq edib. K.Fərhadov həmin cinayətə görə məhkum olunub azadlığa çıxandan sonra tanışı S.Səfiyevə yenidən həmin evin sahibinə qarşı quldurluq cinayəti etməyi təklif edib.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə tədbirlərlə onların paytaxtın Nizami və Binəqədi rayonlarında quldurluq, Qəbələ rayonunda isə oğurluq cinayəti törətdiyi müəyyən edilib. Qeyd edək ki, dəstə üzvləri basqın etdikləri evlərə daxil olmaq üçün zərərçəkənlərə özlərini qonşu kimi təqdim ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPi müraciət edə bilərlər.

Qeyd edək ki, oktyabrın 22-də iki naməlum şəxs Gəncə prospektindəki 27 nömrəli evdə yaşayan 1938-ci il təvəllüdlü Məmmədov Viktor Kərimoviçin yaşadığı mənzilə daxil olması ilə bağlı məlumat yayılmışdı. Cinayətkarlar kişinin boğazını dəsmalla sıxaraq və onu bıçaqla hədələyərək evdəki bütün pulları verməsini tələb ediblər. Quldurlar eyni qayda ilə 14 oktyabr saat 22:00 radələrində 1938-ci il təvəllüdlü Maksimov Yuri Aleksandroviçin, Nizami rayonu Rüstəmov küçəsindəki mənzilinə daxil olublar. Cinayətkarlar qapını döyüblər və kişi heç nədən şübhələnmədən onları içəri buraxıb. Quldurlar kişinin ağzını və qollarını yapışqanlı lentlə (skoç) bağlayıblar və onun evini qarət ediblər. Maksimovun evindən 2500 manat, 6 min ABŞ dolları, 22 min 750 rus rublu və qol saatını aparıblar. Maksimov tənha təqaüdçüdür. Amma onun Rusiyada yaşayan qızı var və ona pul göndərir. Bir təqaüdçünün evində bu qədər pulun olmasını, o, qızının davamlı olaraq ona Rusiyadan pul yollaması ilə izah edib. Hələlik faktla bağla heç kəs saxlanılmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1494