Ramil Usubov Avropa Şurası rəsmilərini qəbul edib


21:34     30 Oktyabr 2017 w2a.jpg

Oktyabrın 30-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin üzvü Giorgi Tuquşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, R. Usubov Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əlaqələrin yarandığını, bu əməkdaşlıq çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması üzrə həyata keçirilən tədbirlərin əhəmiyyətini nəzərə çatdırıb.

Nazir insan hüquqlarının müdafiəsi üzrə prezident İlham Əliyevin imzaladığı normativ hüquqi aktlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Xüsusi “Tədbirlər planları”nın hazırlanıb icraya yönəldildiyini diqqətə çatdıraraq daxili işlər orqanlarının şəxsi heyətinin dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində sistemli iş aparıldığını, təkcə bu ilin 9 ayında insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə 300-ə yaxın əməkdaşın iştirak etdiyini vurğulayıb.

Nəzərə çatdırılıb ki, şəxsi heyət dən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdıraraq müvafiq tədbirlər görür. Bu ilin ötən dövründə insan və vətəndaş hüquqlarının pozulması faktlarına görə 341 əməkdaş cəzalandırılıb, o cümlədən 20 nəfər xidmətdən xaric edilib, 38 nəfər tutduğu vəzifədən azad olunub, 283 əməkdaşa digər intizam tənbehləri verilib.

Bildirilib ki, 2001-ci ildən indiyədək ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun yenidən qurulması sahəsində görülən tədbirlərlə 72 müvəqqəti saxlama yerindən 50-si yeni inşa edilib, daha 22-si əsaslı təmir olunub. Müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunduğu həmin yerlərdə beynəlxalq təşkilatların müvafiq qurumları, habelə Ombudsman təsisatı və qeyri-hökumət strukturlarından olan müşahidəçilərin bu ilin ötən dövründə 85 dəfə azad və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şəraitin yaradıldığı da qeyd edilib.

Görüş zamanı cəmiyyətdə polisin işgüzar nüfuzuna xələl gətirməkdə maraqlı olan bəzi şəxslərin bu mövzuda ictimai rəyi çaşdırmağa yönəlmiş cəhdləri, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qərəzli olaraq əsassız və qeyri-obyektiv müraciətlər ünvanlamaları da təəssüflə qeyd olunub.

Giorgi Tuquşi rəhbərlik etdiyi qurumun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların bir hissəsinin aradan qaldırılmasını, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına Nazirliyin rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşmasını qeyd etməklə bərabər, ərazi polis orqanlarına gətirilən şəxslərin saxlanılması ilə bağlı bəzi nöqsanların hələ də mövcudluğunu xatırladıb, qarşılıqlı faydalı əməkdaşlığın müsbət nəticəsi kimi onların da qısa müddətdə öz həllini tapacağına ümidvar olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 947