Tbilisidə Qarabağla bağlı beynəlxalq konfrans


01:30     01 Noyabr 2017 546e2531-6d36-4468-b669-781ed97e6835.jpg

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətində dəyişiklik olunmalıdır. Bu qurum münaqişənin həllinə daha ciddi yanaşmalı və konkret addımlar atmalıdır.


Bu fikirlər “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və vətəndaş cəmiyyətinin yeni missiyası” mövzusunda oktyabrın 31-də Tbilisidə keçirilən beynəlxalq konfransda səslənib.

Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Kamil Səlimov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə danışıb. Cənubi Qafqazdakı mövcud münaqişələri müqayisəli təhlil edib. Bu cür problemlərin həllində beynəlxalq təşkilatlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının rolunun vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin münaqişə ilə bağlı mövqeyi bəllidir və dəyişməzdir. Rəsmi Bakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə ədalətli həllinə tərəfdardır.
Ermənistan nümayəndəsi, tarixçi Artur Ağacanov da çıxışında Dağlıq Qarabağ münaqişənin ağır nəticələrindən danışıb, əsir və girovların qaytarılmasının, atəşkəsə birmənalı şəkildə əməl olunmasının vacibliyini qeyd edib. Bakıda doğulduğunu vurğulayan Ağacanov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu fəaliyyətini gücləndirilməlidir.

Sonra konfrans panel iclaslarda işini davam etdirib.

“Vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin rolu” mövzusunda keçən birinci paneldə Özbəkistan, Almaniya və Ermənistan nümayəndələri Qafqaz regionunda mövcud olan münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolunu qeyd edib, KİV-lərdə yayımlanan qeyri-dəqiq, qərəzli məlumatların cəmiyyət üçün ciddi təhlükələr yaratdığıni bildiriblər.

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanlı və erməni qadınların gözü ilə” adlanan ikinci paneldə Azərbaycan, Türkiyə və Ermənistandan olan nümayəndələr münaqişənin həlli ilə bağlı fikirlərini bölüşüblər.

“Beynəlxalq təşkilatların və dini liderlərin baxışları” adlı üçüncü paneldə ABŞ, Rusiya və Çexiyadan olan siyasətçilər çıxış edib, münaqişələrin həllində beynəlxalq təşkilatların rolunun artırılmasının vacibliyini qeyd ediblər. Vurğulanıb ki, vətəndaş cəmiyyəti institutları arasında dini qurumların, icmaların böyük rolu var və dini liderlər münaqişələrin həllində xüsusi rol oynaya bilərlər.

Müzakirələr zamanı Azərbaycan dövlətinin və xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyərləndirilib.

Qeyd edək ki, oktyabrın 30-da Tbilisidə keçirilən “Ermənistan-Azərbaycan Sülh Platforması” çərçivəsində təşkil olunan konfransda 18 ölkədən siyasətçilər, QHT və KİV nümayəndələri iştirak ediblər.

“Ermənistan-Azərbaycan Sülh Platforması”nın oktyabrın 30-da keçirilmiş qapalı iclasında “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın yaradılması və onun nizamnaməsinin təsdiq olunması haqqında qərar qəbul olunub. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 596