Sabiq rektorun evini qarət edən şəxslərə hökm oxundu


20:33     01 Noyabr 2017 hokm%20ceza%20mehkeme_yeni3.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Süleyman Hüseynov, Yaqubar Qasımov, Cahangir Hümbətov, Amil Şirinov və Zemfira Bağırzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Şirinov 12 il 6 ay, Y. Qasımov 12 il 6 ay, S. Hüseynov 10 il, Z. Bağırzadə isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

C. Hümbətov isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat və 15000 manat dəyərində qızıl əşyalar aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.

Z. Yunusova Azərbaycan Dövlət Dillər Universitetinin (ADU) keçmiş rektor əvəzi Dünyamin Yunusovun həyat yoldaşıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 911