Avropa Məhkəməsi “Çıraqovların işi”ni niyə ləngidir?


19:22     07 Noyabr 2017 avropa%20mehjkemesi.jpg

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası adətən Nazirlər Şurasına tapşırılır. Böyük ehtimalla, Nazirlər Şurası bu qərarın üzərinə getmək istəmir”.


Bunu Femida.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

F.Mehdiyev bildirb ki, ləngimənin əsas səbəbi cəbhədəki vəziyyətlə bağlı ola bilər:

“Bu gün cəbhədə vəziyyət gərgin olaraq qalır, hər iki tərəf müharibə şəraitində yaşayır. Nazirlər Şurası məhz bu faktorları nəzərə alaraq məsələnin üstünə çox da getmək istəmir. İndiki halda ya Azərbaycan, ya da Çıraqovların özü Nazirlər Şurasına müraciət edərək məhkəmə qərarının niyə icra olunmadığını tələb edə bilər. Şura isə bunun üzərinə tövsiyyə xarakterli qərar qəbul etməlidir. Tövsiyyə qərarında icranın hansısa müddətə qədər təmin olunması tələb edilir.

Hüquqşünas vurğuladı ki, əslində Ermənistanın bu qərarı icra edib-etməməsi o qədər də əhəmiyyətli deyil:

“Bu vaxta qədər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dair hüquqi sənəd yox idi. Avropa Şurasının və Parlamentinin bununla bağlı qərarı olsa da, bunlar hüquqi yox, siyasi qərardır. Avropa Məhkəməsinin qərarı isə hüquqidir. Onu da qeyd edim ki, qondarma “erməni soyqırımı” ilə bağlı bir dənə də olsun, hüquqi qərar yoxdur. Tanınmaların hamısı siyasi qərardır. Avropa Məhkəməsinin qərarının bizim üçün ən böyük əhəmiyyəti odur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi hüquqi sənəddə öz əksini tapır. İndiyədək ermənilərin Dağlıq Qarabağla, Sumqayıt hadisələri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətləri olsa da, onların xeyirinə heç bir müsbət nəticə hasil olunmayıb”.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı hələ də yekun qərar verilməyib. İşə payızda baxılacağı bildirilirdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1712